İyunun 1-i son tarixdir – ABŞ defolt ola bilər
ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib ki, 2023-cü ilin iyunun 1-nə qədər Konqres borc limitinin artırılmasına razılıq verməsə, ABŞ defoltla üzləşəcək.
Sfera.az xəbər verir ki, ABŞ hökuməti borcun 31,4 trilyon dollara qədər artırılmasını istəyir.
Canet Yellən Konqresə göndərdiyi son məktubunda hökumətin iyunun əvvəlində ödəniş etmək imkanını itirəcəyini bildirib. Yellen deyib ki, Konqres borc limitini artırmasa, ödənişlərlə bağlı “çətin seçimlər” olacaq.
Hazırda Konqresdə çoxluq respublikaçılara məxsusdur. Onlar borc limitinin artırılmasının müəyyən şərtlər daxilində mümkün olduğunu bəyan ediblər. Respublikaçılar hökumətin bəzi xərclərinin ixtisar edilməsində, vergilərin yumşaldılmasında israr edirlər. ABŞ prezidenti Co Bayden isə bu şərtlərin qəbul edilməz olduğunu vurğulayıb və bu səbəbdən razılaşmanın əldə edilmədiyini qeyd edib.
Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti isə Baydeni sövdələşmədən qaçmaqda, hökuməti defolta getməkdə günahlandırıb.
Qeyd edək ki, borc limiti və ya borc tavanı ABŞ hökumətinin borclarını ödəmək üçün ala biləcəyi borc məbləğinin yuxarı həddini ifadə edir.Hökumətin məlumatına əsasən, əgər ABŞ defolt olarsa, ÜDM azalacaq, təxminən 2 milyon iş yeri bağlanacaq, işsizlik indiki 3,5 faiz səviyyəsindən təxminən 5 faizə yüksələcək.
Vasif