Yüksək bahalaşmanın qarşısını yalnız iqtisadi böhran alacaq - STATİSTİKA

2016 və 2017-ci illərdə olduğu kimi bu il də Azərbaycanda yüksək qiymət artımları ilə yadda qalacaq.
Sfera.az bildirir ki, 2022-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qiymət səviyyəsi 13,2 faiz yüksələrək proqnozdan bir qədər də uzaqlaşıb.
Prqonoza görə ilin sonunda qiymətlərdə 12 faiz artım olmalıdır. Lakin görünən odur ki, cari ildə qiymət artımının sürəti proqnoz səviyyəni ötəcək. Çünki aylıq və illik qiymət artımları çox yüksəkdir, buna görə də növbəti aylarda bahalaşma sürətinin zəifləyəcəyini gözləmək çətindir.
2022-ci ilin əvvəlində illik müqayisədə qiymətlər 12,5 faiz artdıqdan sonra fevralda 11,9 faizə enmişdi. Amma mayda qiymət artımı 13,7 faizə, iyunda 14,2 faizə çatdıqdan sonra iyulda yenidən 13,7 faizə gerilədi. Avqustda gözləntilər özünü doğrultmadı və illik qiymət artımı güclənərək 14,2 faizə qalxdı.
Adətən mövsümi amillərin təsiri ilə avqustda ərzaq qiymətləri aylıq müqayisədə ya azalırdı, ya da ciddi artım olmurdu. Ancaq avqustda qiymətlər nəinki azalmadı, əksinə daha 1,2 faiz artdı.
Deməli, yay mövsümündə qiymətlər düşmürsə, sentyabr, oktyabr və növbəti aylarda da düşməyəcək. Digər növ məhsulların da qiymətində artım davam etdiyindən ehtimal ki, illik və dövrü müqayisədə qiymət artımlarının sürətinin kəskin azalması baş verməyəcək.
Düzdür, müqayisə aparılan zaman baza dövründəki qiymət səviyyəsi də çox önəmlidir. Əvvəlki tarixdə qiymətlər yüksək olduqda bu, bahalaşma sürətinə dair göstəriciyə azaldıcı təsir edir. Ötən il yüksək bahalaşma sentyabrdan müşahidə olunub. Avqustda 6,7 faiz olan illik bahalaşma sentyabrda 8,5 faizə, oktyabrda 10 faizə, dekabrda isə 12 faizə çatıb.
Bu baxımdan proqnozlaşdırmaq olar ki, Azərbaycanda 2022-ci ilin sentyabrında illik bahalaşma yenidən 13-14 faiz səviyyəsinə qayıdacaq. Dekabrda isə 13 faiz həddinə düşəcək ki, bu da proqnoz səviyyədən yüksəkdir.
Azərbaycanda yalnız 2023-cü ildən inflyasiya sürətinin zəifləməsini müşahidə edəcəyik. Geosiyasi vəziyyəti və qlobal iqtisadi prosesləri nəzərə alsaq, qiymət səviyyəsinə təsir göstərəcək əsas amil yalnız dünya iqtisadi böhranı olacaq.
Son 1-2 ildə dünyada yüksək qiymət artımları müşahidə edilir və böyük ehtimalla bu cür bahalaşma tələbi zəiflətdiyindən böhranla nəticələnəcək. Böhran şəraitində isə qiymətlərin kəskin enməsi baş verir. Ehtimal etmək olar ki, 2023-cü ildə dünya iqtisadiyyatı böhrana girəcək və əsas məhsulların qiyməti düşəcək. Qlobal səviyyədə baş verən qiymət dəyişikliyi Azərbaycanda da ümumi qiymət səviyyəsini aşağı salacaq.
Vasif
Sfera.az