Putin istefaya məcbur edilə bilərmi? – Yayılmış müraciət nəyə hesablanıb…

Sankt-Peterburqun Smolninsk bələdiyyə qurumunun bir qrup deputatı Rusiya Prezidenti Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıb. Müraciəti rusiyalı deputat Dmitri Palyuqa "Twitter"də paylaşıb.
Müraciətdə bildirilir ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusunun “döyüşə hazır bölmələri” məhv edilir, Rusiyanın “gənc əmək qabiliyyətli” vətəndaşları ölür və əlil olurlar. Bundan əlavə, Rusiya iqtisadiyyatı əziyyət çəkir və Rusiyanın NATO ölkələri ilə sərhədinin uzunluğu iki dəfədən çox artıb. Deputatlar qeyd ediblər ki, elan edilmiş “Ukraynanın demilitarizasiyası” məqsədi əks effekt verib.
Deputatlar hesab edirlər ki, Putinin Ukraynanı işğal etmək qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir: "Bununla bağlı sizdən Dövlət Dumasının deputatı kimi Rusiya Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsi təklifi ilə çıxış etməyinizi xahiş edirik".
Maraqlıdır, deputatların bu açıqlaması Putinin vətən xaini elan edilərək, istefaya göndərilməsinə səbəb ola bilərmi?
Sualımızı cavablandıran politoloq Turab Rzayevin Sfera.az-a deyib ki, təklifi səsləndirənlər ciddi səlahiyyət sahibləri deyil:
“Onlar da bizim bələdiyyə üzvləri kimi səlahiyyət sahibidirlər və Rusiyada da bizdə olduğu kimi icra hakimiyyətləri əsas məsuliyyəti daşıyır, bütün inzibati vəzifələr icra hakimiyyətlərinə məxsusdur və demək olar ki, bələdiyyələrin elə də çox hüquqları yoxdur. Putinə qarşı sözügedən müraciəti də yaymaq istəyən şəxslər yüksək rütbəli deyillər. Lakin son zamanlar baş verən hadisələri nəzərə alsaq, ardıcıllıq sezmək olur. Bu ardıcıllıq ondan ibarətdir ki, Putinin ya könüllü, ya da ki, hər hansı bir formada məcburi şəkildə hakimiyyətdən uzaqlaşdırılmasına cəhdlər ola bilər. Xatırladım ki, ilk öncə Aleksandr Duqinə qarşı sui-qəsd oldu, onun avtomobilində partlayış baş verdi, ancaq təsadüfən maşına minməmişdi və qızı həlak olmuşdu. Bundan sonra təzəlikcə Çeçenistanın hazırkı prezidenti, Putinin əsas müdafiəçilərindən sayılan Ramzan Kadırovun istefası ilə bağlı məsələ gündəmə gəldi. Yəni Kadırov vaxtının çatdığını bildirdi, ya da ola bilsin ki, bu barədə ona hansısa xəbərdarlıq edilmişdi. Putinə yaxın iş adamlarının ailəsi ilə birlikdə, ya da ayrılıqda xarici ölkələrdə müəmmalı ölümləri baş verir. İndi də Rusiya daxilində az da olsa, məsələn, bələdiyyə üzvlərinin belə çıxışlar sərgiləməsi onu deməyə əsas verir ki, Putinə qarşı olan qüvvələr yavaş-yavaş onu zəiflətməyə və gözdən salmağa, son nəticədə isə hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar”.
Yeganə