Qlobal iqtisadi böhran yaxınlaşır: neft bir qədər də ucuzlaşa bilər

Dünya iqtisadiyyatı ilə bağlı yaranan narahatçılıq, qlobal böhranın olacağına dair ehtimalların güclənməsi, əmtəələrin, o cümlədən neftin ucuzlaşmasına səbəb olur.
Sfera.az xəbər verir ki, iqtisadiyyatda tələbin zəifləməsi ilə əlaqədar dünən “Brent” neftinin qiyməti son 8 ayda ilk dəfə olaraq 90 dollardan aşağı düşüb. Son 2 gündə isə bu marka neftin dəyəri 10 dollar enərək 87 dollar olub. Bu gün “Brent” nefti 2 dollar bahalaşsa da, qiymət hələ də 90 dollardan aşağıdır.
Neft qiymətlərinə təsir edən əsas amil dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadi göstəricilərinin pisləşməsi, eyni zamanda digər ölkələrdə də iqtisadi aktivliyin zəifləməsidir. Digər tərəfdən dolların bahalaşması da neft qiymətlərinə azaldıcı təsir edir. Məlumdur ki, birjalarda neftin qiyməti məhz dollarla müəyyənləşir. Buna görə də, dolların bahalaşması neftin ucuzlaşmasına kömək edir.
Bəs, bu vəziyyət nə qədər davam edəcək və neft bir qədər də ucuzlaşa bilərmi?
Beynəlxalq maliyyə institutlarının, ABŞ və Avropa İttifaqının mərkəzi banklarının açıqlamaları göstərir ki, qlobal iqtisadiyyat böhran astanasındadır. İqtisadi böhranın olması tələbin, yəni alıcılıq qabiliyyətinin zəifləməsi ilə müşahidə edildiyindən əsas əmtəələrin, o cümlədən neftin dəyərinin aşağı düşməsi qaçınılmazdır.
Biz bunu 2008-2009-ci illər qlobal iqtisadi böhranında gördük. O dövrdə neftin qiyməti 140 dolları ötmüşdü, dünyada yüksək qiymət artımı baş verirdi. Yüksək qiymətlərə dünya iqtisadiyyatı tab gətirmədiyindən tələb zəiflədi və qlobal böhran yaşandı. Nəticədə bütün məhsullar ucuzlaşdı və neftin qiyməti 40 dollara qədər düşdü.
Yenidən eyni vəziyyət yarana bilər. Bu halda neftin dəyərinin bir qədər də aşağı düşməsi mümkündür.
Vasif,
Sfera.az