Avropadakı etirazlar Ukraynaya dəstəyi azaldacaqmı? - Açıqlama

Bir sıra Avropa ölkələrində kütləvi mitinqlər başlayıb. Artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin tərəfli münasibətinə etirazlar edilir, "Ukraynaya dəstəyi dayandırın" şüarları səslənir.
Bəs, avropalıların bu aksiyaları Ukrayna savaşına necə təsir edəcək? Ölkəyə dəstək dayana bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Avropa ölkələrində Rusiyadan verilən enerji daşıyıcılarının dayandırılması nəticəsində ciddi bahalaşmanın olması və bunun nəticəsində kütləvi narazılıqların başlayacağı qabaqcadan proqnozlaşdırılırdı və Avropa ölkələri buna qismən hazır idilər:
“Belə vəziyyətdə bu ölkələrin aparacaqları siyasət və atacaqları addımlar da razılaşdırılıb. Mitinq və narazılıqlar fonunda artıq insanların vəziyyətini yüngülləşdirmək üçün addımlar atılır. Məsələn, Almaniyada iqtisadiyyatı sabitləşdirmək üçün 60 milyard avrodan artıq vəsait ayırıb. Rusiya - Ukrayna müharibəsindən əziyyət çəkən digər ölkələr də müxtəlif vasitələrlə əhaliyə dəyən ziyanı minimuma endirməyə çalışırlar. Amma bu tədbirlər əhalinin həyat səviyyəsinin müharibədən əvvəlki vəziyyətə qədər qaldıracağına ümid etməyə əsas vermir. Deməli, yenə də narazı kütlələr qalacaq və dövlətin Ukrayna ilə münasibətdə tutduğu mövqeni tənqid edənlər tapılacaq”.
Müsahibimiz bildirib ki, bütün bunlar Avropa ölkələrinin Ukraynaya hərbi və iqtisadi sahədə dəstəyi dayandırmasına gətirib çıxarmayacaq:
“Çünki Ukraynanın bu müharibədə məğlub olması Avropa ölkələrinin sonda Rusiyanın təsir dairəsinə düşməsinə səbəb ola bilər. Bu da həmin ölkələrin əhalisi üçün yaşayış şəraitinin pisləşməsindən daha dəhşətlidir. Hazırda bu ölkələr iki seçimdən birini etməlidirr: Ya Ukraynanın Rusiya qarşısında məğlubiyyəti ilə barışıb, Rusiyanın Avropa və eləcə də bütün dünya dövətlərini təsir altında saxlamasına imkan vermək; ya da Rusiyanın Ukrayna sərhədlərində saxlayıb Avropanı ilhaq etməsinə imkan verməmək”.
Günay Rəsulqızı