“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ
Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.
 
Millət vəkili ilə müsahibəni təqdim edirik:

- Bəzən həmkarlarınız bəzi dövlət qurumlarının fəaliyyətindən, deputatlarla işləmə prinsipindən narazılıq edirlər. Sizin dövlət qurumu rəsmilərilə, nazirlərlə kommunikasiyanız necədir?
 
- Öz təcrübəmizə əsasən deyə bilərəm ki, dövlət qurumları qaldırdığımız məsələlərə həssaslıq göstərir. Lakin bu, strukturdan-struktura da dəyişir. Bəzən hansısa məsələ ilə bağlı nazirliyə müraciət edirsən, rəhbərlik yox, hansısa şöbə müdiri  səviyyəsində cavab verirlər. Bir sıra hallarda isə bu cavablar bizi qane etmir. Bir sıra qurumlarda bizə verilən cavablar problemin həlli istiqamətində yox, qəbul edilmiş qərara bəraət vermək üçün olur. Dövlət qurumu çalışmalıdır ki, millət vəkilinin qaldırdığı problemin həllində köməkçi olsun. 

- Bir neçə gün öncə Xızı rayonu və Neftçala rayon icra başçılarının şəhid ailələrinə etinasız yanaşması ilə bağlı görüntülər yayımlandı. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Mən özüm də əvvəl məmur olmuşam, bir sıra vəzifələrdə çalışmışam. Müşahidələrimə əsasən deyə bilərəm ki, istər məmur, istər mühəndis, istərsə də jurnalist cəmiyyətin tərkib hissəsidir. Azərbaycan cəmiyyətində təəssüflər ki, məmur kəsiminə qarşı aqressiya var. Biz deyə bilmərik ki, bütün məmurlar idealdır, yox, belə deyil. Prezidentin iradəsi ilə bir sıra icra başçıları həbs olundu, cəzalandırıldı. Lakin ümumiləşdirmə etmək olmaz. İstər məmur, istər jurnalist eyni toplumun arasından çıxıb, amma beş barmağın beşi də bir ola bilməz. Dövlət məmuru çalışmalıdır ki, vətəndaşın xidmətində olsun. Bütün strukturlara, icra başçılarına, bizə də tapşırılıb ki, vətəndaşlara həssaslıqla yanaşaq.
 
Mən şəhid ailəsi və icra başçısı ilə bağlı yayılan videolara baxdım. Orada hər iki tərəfdə adekvat olmayan davranışlar var idi. Videoda görünür ki, şəhid ailəsi kimi özünü təqdim edən insan gərgin idi və icra başçısına qarşı ifadələr işlədirdi. İcra başçısı isə buna adekvat münasibət sərgiləyib. Lakin icra başçıları, məmurlar çalışmalıdır ki, daha təmkinli olsunlar, reaksiyalarına diqqət etsinlər. Şəhid ailələri həssas təbəqədir, onlara qarşı diqqət mühümdür. 
 


"Auditoriyada özümü deputat kimi aparmıram, heç sərt müəllim də deyiləm...” 

- Bundan əvvəl İlahiyyat İnistitutunda rektor olaraq fəaliyyət göstərmisiniz. İndi pedoqoji fəaliyyəti davam etdirmək mümkün olurmu?

- Mən hazırda müəllim kimi İlahiyyat İnistitutunda və Azərbaycan Dillər Universitetində fəaliyyətimi davam etdirirəm. Uşaqlıqda da ən böyük arzum müəllim olmaq idi, qismət elə gətirdi ki, məmur kimi fəaliyyət göstərməli oldum. Düzdür, işlərin çoxluğu ilə əlaqədar universitetdə olmaq, dərs demək çətindir, lakin mən tələbələrdən enerji alıram, dərslərdən zövq alır, mənəvi qidalanıram. 

- Dərs əsnasında tələbələriniz deputat olmağınızdan yana sizə qarşı fərqli münasibət sərgiləmirlər ki? 

- Hansı mənada deyirsiniz?

- Yəni müəllim-tələbə səmimiyyətini məmur-tələbə münasibəti əvəzləyir ya yox, onu soruşuram...
 
- Mən auditoriyada özümü deputat kimi aparmıram, heç sərt müəllim kimi də davranmıram. Çalışıram ki, tələbələr mənə fərq qoymasınlar, rahat ünsiyyət yarada bilsinlər. İndinin gəncləri də fərqlidir, biz sərtliklə onlardan istədiyimizi ala bilmərik. 

"Bəzən hicab geyinənlərin yüz oyundan çıxması ilə bağlı söyləntilər eşidirik...”
 



- İslam dininə yaxın olduğunuz məlum məsələdir. Elə hal olub ki, qeyri dindən olan tələbələrlə aranızda gərginlik, sizə fərqli yanaşma olsun?

- İlahiyyat İnistitutu bir qədər spesifikdir, bura gələnlər arasında dindarlar da olur, qeyri dindarlar da. Lakin mən heç vaxt buna fərqli yanaşmamışam. Demokratik cəmiyyətdə yaşayırıq, kim istəyirsə, dinə əməl edir, kim istəmirsə, etmir. Bəzən görürəm ki, dindarlar arasında elə şəxslər olur ki, onlar hicab geyinməyən qadınları qınayıb, pisləyirlər. Yaxud cəmiyyət arasında bəzən hicab geyinənlərin yüz oyundan çıxması ilə bağlı söyləntilər eşidirik. Biz çalışmalıyıq ki, cəmiyyətdə harmoniyanı saxlayaq, bir-birimizə hörmət edək. Bəzən mən də dinlə bağlı hansısa məsələni söyləyəndə insanlar fərqli reaksiyalar verirlər. Bu, normaldır, aqressiya isə olmamalıdır. 

- Yaxşı, bəs siyasətçi kimi dinə çox yaxın olmağınızla bağlı iradlar olubmu?

- Mən ixtisasca ilahiyyatçıyam, bu məlumdur. Bu gün görürəm ki, insanlarımızın sağlam dini düşüncələrə ehtiyacı var. Ramazan ayı ərəfəsində çalışdım ki, müəyyən məsələlərə aydınlıq gətirim və buna görə sosial şəbəkə hesabımda paylaşımlar edirdim. Lakin mən siyasətçiyəm, sırf dini təbliğatla məşğul olmuram. Sadəcə gərək duyanda dinlə bağlı fikir bildirərəm. Bu, mənim vətəndaş kimi də öhdəliyimə düşən bir məsələdir. Bəzən bir ilahiyyatçı bir söz  deyir, digəri başqa söz. İnsanlar da kimə, nəyə inansınlar bilmirlər. Ona görə də düşündüm ki, qaranlıq məsələlərə aydınlıq gətirim.

- İlahiyyatçıların hərəsinin bir söz deməsi məsələsinə toxundunuz. Bu yaxınlarda ilahiyyatçı Elşad Miri və Qafqaz Müsəlamanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin arasında da ziddiyətli açıqlamalar oldu, istehza dolu yanaşmalara şahidlik etdik...

- Biz İslam tarixinə baxsaq, görərik ki, Məhəmməd peyğəmbər öz əxlaqı ilə dünyanın tarixini dəyişib. O baxımdan biz İslamı təmsil ediriksə, bir-birimizə hörmət etməyi bacarmalıyıq. Dinimiz də istehzanı, ələsalmanı böyük günah qəbul edir. İlahiyyatçılar fərqli düşünə bilər, amma din populizmi sevmir. Eyni zamanda istehza, mübahisə insanlarımız tərəfindən xoş qarşılanmır. Tənqid olar, qarşı tərəfi aşağılamaq olmaz. Din xadimlərimiz də bu incə məqamı nəzərə almalıdır.

"QMİ vaxtında islahatlara getsəydi, indi hərə bir fətvanın ardınca getməzdi...”
 


- Ceyhun müəllim, Azərbaycanda QMİ-yə qarşı xüsusi aqressiyanın olması gizlin məsələ deyil. Zaman-zaman təkliflər də olub ki, qurum tamamilə ləğv edilsin və bütün səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilsin. Bu yanaşmanı necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, QMİ vaxtında müəyyən islahatlara getməli, öz kadr potensialını savadlı, gənc mütəxəsisslərlə gücləndirməli idi. Bu  prosesə isə gedilmədi. Ona görə də insanların əksəriyyəti QMİ-nin fətvasına yox, Ərəbistandan, İrandan gələn fətvalara diqqət edirlər. QMİ vaxtında xalqın inamını qazanmalı idi. Məsələn, əvvəllər Bakı İslam Universiteti var idi, lakin dövlət gördü ki, onun istədiyi kadrlar yetişmir və nəticədə İlahiyyat İnistitutu yaradıldı. Dövlət gördü ki, din xadimlərinin təyinatında problem var, ona görə kadrlar dövlət tərəfindən təyin olunmağa başlandı. İdarənin ləğvinə gəlincə, QMİ-nin xaricdə Azərbaycanı təmsilçilik hüququ var. Məsələn, bu gün QMİ sədri Ermənistan və digər ölkələrin din xadimləri ilə görüşür. Buna görə QMİ saxlanılmalıdır, lakin müəyyən səlahiyyətlərin qurumun əlindən alınması normaldır. 

- Zaman-zaman Bakıda yerləşən universitetlərin bölgələrə köçürülməsi ilə bağlı təkliflər olub. Düşünülür ki, bu, paytaxtda sıxlığı azalda bilər. Bu xüsusda fikriniz necədir?

- Məncə, medianın və cəmiyyətin bu məsələ ilə bağlı yanaşması doğru deyil. Dünya təcrübəsinə baxsaq görərik ki, paytaxt şəhərlərdə xeyli sayda universitetlər var. Bizdə nə üçün olmamalıdır? Problemdən çıxış yolu universitetlərin köçürülməsi yox, bölgələrdə yeni universitetlərin yaradılmasıdır. Belə olsa, bölgələrə axını təmin edə bilərik. Paytaxtda universitet az olsa, bu başqa problemlərlə nəticələnə bilər. Bəzən bildirirlər ki, bəzi nazirliklər də bölgələrə köçürülsün. Lakin məsələyə real yanaşmaq lazımdır. Bir deputatın əksər halda bir neçə nazirlikdə görüşü olur. O zaman belə çıxır ki, hər gün bir rayona getməliyik. Bəzən ideyalar gözəl olur, lakin bunun tətbiqi və yaradacağı çətinliklər nəzərə alınmır.

"Yaxın zamanlarda parlamentin boş qalmış dairələrinə seçki keçirilə bilər...” 

- Parlamentin boş qalmış dairələrinə seçkilərin keçirilməsi gözlənilirmi? 

- Hər kəs bilsin ki, paralementdə boş qalmış 7 dairə ilə bağlı məsələ bu gün həm ölkə rəhbərliyinin, həm də parlamentin gündəliyindədir. Bu istiqamətdə hazırda çox ciddi işlər gedir, təhlillər aparılır. Düşünürəm ki, növbəti günlərdə seçkilərin keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib, addımlar atılacaq. Dövlət bu məsələ ilə bağlı laqeyd münasibət səriləmək niyyətində deyil. Artıq növbəti aylarda məsələyə baxılması gözlənilir. 

- Artıq yaz sessiyasının bitməsinə saylı günlər qalıb. Təklif etmək istədiyiniz hansısa qanun layihəsi və s. olacaqmı? 

- Çox arzulayıram ki, "Ali təhsil haqqında” qanun parlamentin plenar iclasına  çıxarılaraq qəbul olunsun. Bununla bağlı çox ciddi işlər gedir. Bundan başqa mən toy və yaslarda müəyyən inzibati tənzimləmələrin həyata keçirilməsini istərdim. Bəzi məsələlərlə bağlı hamı narazıdır, amma təşəbbüs göstərən yoxdur. Hesab edirəm ki, əksər məsələləri ya cəmiyyət, ya da qanun tənzimləməlidir. Əgər cəmiyyət bunu tənzimləyə bilmirsə, o zaman qanun işə keçməlidir. 

"İnsanların bir hissəsi rahat iş istəyir, zavod-fabrikdə çalışmaqdan imtina edirlər...”

- Seçicilərinizlə hansı aralıqlarda görüşürsünüz? Cəbrayıl-Qubadlı əhalisinin əsas problemləri nələrdir?

- Ayda bir neçə dəfə biz vətəndaşlarla təmasdayıq, sosial şəbəkə və telefon zəngləri üzərindən də müraciətlərə cavab veririk. Bu gün ən çox müraciətlər əlilliyin ləğv edilməsi ilə bağlıdır. Bu müraciətlərin əksəriyyəti isə haqsız narazılıqdır, yəni məsələyə subyektiv yanaşma olur. Bundan başqa ən çox müraciət işədüzəlmə ilə bağlıdır. Vətəndaşların əksəriyyəti istəyir ki, dövlət qurumlarına işə düzəlsinlər. Hamı iş istəyir, dostlar da, qohumlar da, seçicilər də. Lakin hamını işə düzəltmək mümkün deyil. Vətəndaşların müəyyən hissəsi asan işlərə meyil edir. Məsələn, iş istəyən vətəndaşları zavod-fabriklərə yönəldəndə imtina edirlər. Onlar istəyir ki, dövlət qurumunda işləsinlər, maaşlarını kart vasitəsilə alsınlar və çox çətinlik çəkməsinlər. Biz də mümkün qədər dəstək olmağa çalışırıq.
 



- Müsahibələrinizin birində bildirmişdiniz ki, əsgər atası olmaq sizdə fəxr hissi yaradar. Oğlunuz əsgər getdimi?

- Xeyr. Oğlum hazırda Azərbaycan Dillər Universitetində ikinci kurs tələbəsidir. Bu gün də çox arzulayıram ki, universiteti, magistraturanı bitirib, Vətən qarşısında borcunu yerinə yetirsin. Bununla bağlı onunla aramızda  danışıq da olub.

- Ceyhun Məmmədov oğlunun da özü kimi siyasətçi olmasını istərdi? 

- Vətəndaşların bir qismində millət vəkillərinə qarşı aqressiya var. Bəzən sosial şəbəkələrdə səni tanımayan insan başlayır söyüş söyməyə, səni təhqir etməyə. Yaxud həqiqətləri deyirsən, baxırsan ki, bunu qəbul etmək istəmirlər. Bu baxımdan deputat olmaq çox ağır, eyni zamanda şərəfli işdir. Millət vəkili qədər ağır iş demək olar ki, yoxdur. Bəzən səhərdən axşamadək dayanmadan görüşlərdə olursan, nahar etməyə zamanın qalmır.  

- İşin çoxluğundan şikayətləndiniz sanki... Belə baxıram, istəməzsiniz ki, oğlunuz davamçınız olsun...

- Xeyr, istəyərdim ki, övladım da xalqa xidmət etsin. Lakin o, özü seçim edəcək. 
 
- Məzuniyyətə az qalıb, yayla bağlı planlarınız necədir?

- İş vaxtı yorğun olub bəzən deyirik ki, yay gəlsin, istirahət edək. Son iki ildir ki, məzuniyyətdə istirahət etmək imkanı olmur, işlər çox olur.  Lakin bu il planlaşdırıram ki, heç olmasa, 10-15 gün yay fəslində dincəlim. İstirahətim isə ölkə xaricində də ola bilər, ölkədə də. Məkan seçimi hələ dəqiq deyil. 
 

Söhbətləşdi: Əzizə Zeynal 
Fotolar: Nuh Tarverdiyev
 










Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1