Koronavirusdan qorunmaq istəyərkən daha böyük təhlükə... - Professordan etil spirti ilə bağlı XƏBƏRDARLIQ
Media
15:52 / 08.04.2022
1928
"Hazırda pandemiyanın ən arzuolunmaz fəsadı insanlarda profilaktik dezinfeksiya vasitəsi kimi spirtə qarşı vərdiş halının yaranmasıdır”.
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, bəzi şəxslər gün ərzində dəfələrlə əllərini və üst paltarlarını spirtləyir və bunun virusdan qorunmaq üçün bir zərurət olduğunu düşünürlər:
"Bu hal, həm də etil spirtinin COVİD-19-dan qorunmaq üçün ən effektiv antiseptik-dezinfeksiya vasitəsi olması haqqında maddi maraqlara xidmət edən təbliği ilə də bağlıdır. Etil spirtinə bu şəkildə aludəçilik arzuolunmazdır. Çünki patogen mikrovarlıqların mütəmadi olaraq spirtin təsirinə məruz qalması, spirtə qarşı dözümlü, aqressiv mutantların əmələ gəlməsinə səbəb olur. Belə mikrokoloniyalar artıq mütləq spirtə qarşı belə dözümlülük göstərir. Odur ki, gələcəkdə toksikliyi daha yüksək olan dezinfeksiyaedicilərin istifadəsinə zərurət yaranır. Bu hal, çox ciddi fəsadlara yol aça bilər”.
Professor deyib ki, viruslar əzəli və əbədi olaraq bizimlədir:
"Odur ki, onlardan qorxmaq və qorunmaq yox, sadəcə olaraq sərhəd saxlamaq lazımdır. Antiseptik və dezinfeksiyaedici vasitələrdən isə o cümlədən etil spirtindən mütəmadi və ifrat istifadəyə birdəfəlik son qoyulmalıdır”.
Günay Rəsulqızı
Sfera.az