Dollar və manat bir qədər də bahalaşıb
Media
11:34 / 08.04.2022
859
ABŞ mərkəzi bankının (FED) maliyyə siyasətini sərtləşdiriləcəyinə dair gözləntilərin artması, eyni zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin avronu zəiflədəcəyi ehtimalı dolları möhkəmləndirir.
Sfera.az xəbər verir ki, bu gün beynəlxalq birjalarda ABŞ dollarının 6 əsas valyutaya qarşı orta məzənnə dəyərini ölçən ABŞ Dolları İndeksi bir qədər də artaraq 99,8 həddini ötüb.
Sonuncu dəfə indeksin bu səviyyəyə çatması 2017-ci ilin martında nüşahidə olunmuşdu.
FED-in rəsmilərinin əksəriyyəti ABŞ-ın pul siyasətini "daha neytral mövqeyə” gətirmək üçün faiz artımlarını sürətlə həyata keçirməyi tövsiyə edirlər. Bu çağırışların artması birjalarda dolların dəyərinin yüksəlməsinə dəstək verir.
Dolların bahalaşmasından sonra avro/dollar məzənnəsi 1,12 səviyyəsindən 1,084 səviyyəsinə qədər geriləyib. Yəni avro bir qədər də ucuzlaşıb.
Avronun ucuzlaşması Azərbaycanda da müşahidə edilir. Son günlərdə bir avro 1,88 manatdan 1,84 manata qədər ucuzlaşıb.
Qarşıdakı aylarda faiz artımları və FED-in balansının kiçildilməsi siyasəti dolları bir qədər də bahalaşdıracağı ehtimal olunur. ABŞ dollarının bahalaşması manatın da dəyərinin yüksəlməsinə səbəb olacaq.
Vasif
Sfera.az