Qərbin Azərbaycana qarşı münasibəti dəyişir - YENİ PERSPEKTİVLƏR
Media
16:43 / 07.04.2022
1487
Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi fonunda Qərbin, ABŞ-ın Azərbaycana qarşı münasibətlərində dəyişikliklərin olduğu sezilməkdədir. Belə ki, istər Brüssel görüşü, istərsə də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ikitərəfli münasibətlərdə yeni cığırın açılmasını özündə ehtiva edir.
Bəs, maraqlıdır, Azərbaycan hələ də tam həll olmayan Qarabağ münaqişəsilə bağlı yekun nəticə almaq üçün Qərblə, yoxsa Rusiya ilə əməkdaşlığa üstünlük verməlidir? Perspektivlər hansı yolun daha uğurlu olacağına işarə edir?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli Qarabağ münaqişəsinin kökündə Rusiyanın dayandığı üçün bu ölkə ilə yaxın əməkdaşlığa son qoyulmalı olduğunu bildirib:
"Qarabağ probleminin yaranması birbaşa olaraq Rusiyanın adı ilə bağlıdır. Torpaqlarımızın işğalı, Xocalı soyqırımının baş verməsində də rusların 366-cı moto-alayının rolu böyükdür. Torpaqlarımızı azad edərkən missiyanın tamamlanmasına da yenə Rusiya mane oldu. Rusiya həmişə postsovet məkanında siyasi intriqalar yaratmaqla məşğul olub. Bu, Moldova, Gürcüstan və Ukrayna da özünü dəhşətli şəkildə göstərib. Avropa dövlətləri isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa Şurasının parlament assambleyası ilk dəfə olaraq ərazi bütövlüyümüzü tanıyıb, ATƏT və NATO da eyni qaydada...”
Ekspert bundan sonra Avropa ilə münasibətlərin daha da möhkəmlənməsinə diqqət etməli olduğumuzu vurğulayıb:
"Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı müxtəlif bəyanatlar versə də, 44 günlük müharibədən sonra da Dağlıq Qarabağ ifadəsini işlətməkdən çəkinmir. Rusiya ilə indiyə qədər işlədik, sülhməramlıların da hansı mövqedə olduğunu gördük. Rusiya faktoru olmasaydı, bu kimi problemlər yaşamayacaqdıq. Avropa ilə münasibətlər qurub onların dəyərlər sistemini öz dövlətçilik sistemimizə tətbiq etməklə davamlı münasibətlər qura bilərik. Rusiyanın Ukraynadakı itkilərindən, törətdiyi soyqırımdan sonra biz bu ölkəyə qarşı münasibətimizi dəqiqləşdirməliyik”.
Əzizə Zeynal
Sfera.az