İlk gülləni kim atsa, o, məğlub olacaq – Ukraynada hadisələrin mümkün ssenarisi
13:15 / 25.01.2022
894
Son günlərin ən
çox müzakirə edilən mövzusu heç şübhəsiz ki, Ukrayna ətrafında baş verən
gərginlikdir. Rusiyanın Ukrayna sərhədində hərbi texnika və canlı qüvvə sayını
artırması, Qərbin və ABŞ-ın rəsmi Kiyevə silah-sursat və iqtisadi yardım etməsi
tərəflər arasında gərginliyin hələ davam edəcəyini göstərir.
Son günlər Qərb
ölkələrinin Ukraynadakı diplaomatlarını geri çağırması isə müharibə
ehtimallarını gücləndirir. Hər kəsi maraqlandıran konkret sual isə birdir:
Ukraynada müharibə olacaqmı?
Bu suala cavab
vermək üçün tərəfləri ayrı-ayrılıqda analiz etmək və kimin nə istədiyini
anlamaq lazımdır.
Rusiyanın
indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la
müharibə edəcəyi real görünmür. Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm
də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər
tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq
lazımdır. Lakin bütün bunlara baxmayaraq, danılmaz bir reallıq var ki, Rusiya
iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə, heç qısa
müddətli döyüşlərə də hazır deyil.
Pandemiya və
Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır
ki, Ukrayna ilə müharibə Rusiya üçün SSRİ-nin parçalanmasına oxşar proseslərə
səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ
və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda
çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml
anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə
parçalamaq niyyətindədir.
Bəs Kreml nə
istəyir?
Rusiya indiki
məqamda NATO-nun sərhədlərinə bu qədər yaxınlaşmasını istəmir. Rəsmi Moskva
vaxilə SSRİ ilə ABŞ arasında mövcud olan nüfuz bölgüsünün yenidən təsis edilməsinə
çalışır. Yəni sən mənim ərazilərimə müdaxilə etmə, mən də sənin! Lakin reallıq
ondan ibarətdir ki, Rusiya hər nə qədər mən SSRİ-nin varisiyəm desə də, bu belə
deyil. O nə SSRİ-dir, nə də ABŞ-la nüfuz bölgüsü aparacaq potensiala malik ölkə...
Rusiya nə edə
bilər?
Ukrayna
gərginliyində rəsmi Vaşinqton hələlik Kiyevə iqtisadi, silah-sursat və hərbi
dəstək nümayiş etdirir. Lakin ABŞ-ın Rusiya ilə Ukraynaya görə müharibə etməsi
real deyil. Rəsmi Vaşinqton tarix boyu heç bir regional və ya qlobal müharibəyə
tək və ilk andan qatılmayıb. ABŞ-ı ABŞ edən başlıca cəhət qələbəyə yaxın bir
zamanda müharibəyə qoşulması və "qəhrəman” olmasıdır.
Rəsmi Vaşinqton
anlayır ki, Rusiya ilə başa-baş müharibə ən az Rusiya qədər onun üçün də
risklidir. Müqayisə üçün deyə bilərəm ki, ABŞ və Qərblə birbaşa müharibə
Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxara bilər. Rusiya ilə müharibə
isə ABŞ-ı parçalamayacaq. Lakin kifayət qədər zəiflədəcək və rəsmi Vaşinqtonun
əsas rəqibi olan Çinin güclənməsinə gətirib çıxaracaq. Rəsmi Vaşinqton üçün
Çinin günü-gündən güclənməsi Kremlin Ukraynaya müdaxiləsindən daha vacibdir.
Nəticə etibarilə Çin ilə rəqabət fonunda ABŞ-ın Ukraynada bu və ya başqa
formada boş bir macəraya atılacağını düşünmürəm.
Heç şübhəsiz
ki, mövcud gərginliyin ən haqlı tərəfidir Ukraynadır. Rəsmi Kiyev ərazi
bütövlüyünü bərpa etmək istəyir. Buna görə də hazırda Ukraynanın mövqeyini
anlamaq olar. Lakin Ukrayna da son günlər ciddi səhvlər edir. Rəsmi Kiyev
açıq-aşkar Qərbin verdiyi vədlərin eyforiyasına qapılıb. Misal üçün, yaxın
vaxtlarda ABŞ Ukraynaya "Javelin” tank əleyhinə raket komplekslərinin daha bir
partiyasını təhvil verdi. NATO müttəfiqlərinin Şərqi Avropadakı NATO
obyektlərinə əlavə gəmilər və döyüş təyyarələri göndərməsi ABŞ-ın Yunanıstan,
Bolqarıstan, Rumıniya, hətta Maldovada hərbi kontingetinin sayını artırması da
və s. faktlar görünür Kiyevi həvəsləndirib. Düzdür, Qərbin və Avropanın hərbi
dəstəyi və yardımı Ukraynanı Rusiya qarşısında gücləndirir, lakin bu kifayət
deyil.
Rusiya ilə
ehtimal müharibədə Qərb və ABŞ Ukraynaya birbaşa hərbi yardım etməyəcək.
Ukrayna isə Kremllə təkbaşına mübarizə apara bilməz. Rəsmi Kiyevin Kreml
qarşısında qələbə qazanması mümkün deyil. Ukrayna qələbə qazansa da bu "pir”
qələbəsindən başqa birşey olmayacaq.
Nəticə etibarilə indiki məqamda Ukraynada bu və ya başqa formada qlobal bir müharibənin olacağını düşünmürəm. Lakin bu baş versə də, məğlub tərəf ilk addımı atan olacaq!
Turan Rzayev