Mahir Emrelinin atasından Qurban Qurbanova sərt sözlər: “Başı nə qədər qarışıqdır ki…”
12:05 / 17.01.2022
4720
Azərbaycan millisinin və "Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov "Futbol+”a müsahibə verib.
Sfera.az xəbər verir ki, o, müsahibəsində oğlunun son zamanlar şou verilişlərində qonaq olmasından, "Legiya” ilə yaşadığı problemlərdən söz açıb:
"Mən oğlumun yerində olsaydım, bir Mədətov kimi özümü sübut etməyə çalışardım. İndi Mahirdən çoxları xaricdə ölkəmizi layiqincə təmsil etməyi tələb edir. Rusların bir sözü var: "çətin vaxtlarda sınmaq lazım deyil”. 1941-45-ci illərdə Stalinin sözünə görə ölümə gedənlər var idi. İndi elə olmaq lazımdı. Qorxub qaçmaq lazım deyil. Fikrimcə, Mahir nədənsə qorxub, qaça bilməz. Sadəcə, onu kimsə yönəldir. Amma başa düşmür ki, bu, düz deyil. Sadəcə, deyirəm ki, Polşaya gedib, özünü sübut etməlidir. Təmiz azərbaycanlısansa, damarlarında bizim xalqın qanı axırsa, özünü sübut etməlisən. Çünki biz elə millətik ki, dünyanın harasına getsək də, sübut edəcəyik ki, azərbaycanlıyıq. Mahirlə danışmamışam. Yalandan niyə deyim? Həmişə biz öz böyüklərimizlə əlaqə saxlamışıq. Amma bilmirəm, onunla kim maraqlanır, nə edir? Mən nə istəyərəm? Mahir uğur qazansın. Yaxşı futbolçu olsun. Bizim aramız yaxşı olanda mən Mahiri elə reklam etmirdim. Heç məsləhət də görmürdüm. İndi son vaxtlar görürsüz də nələr baş verir. Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur.
Sizə bir maraqlı məlumat verim. Vaxtilə Mahir qollar vuranda mən bu verilişləri aparanlardan xahiş etmişəm ki, dəstək olsunlar. Hansı ki, "Qarabağ”da çıxış edirdi. "97” nömrəli formanı geyirdi. Əvvəlcə Mahir idi, sonra Mədətov yazılan formadan istifadə edirdi. Onda mən bu insanlara qolun videosunu göndərirdim ki, zəhmət olmasa, paylaşın. Amma heç kim dəstək olmurdu. İndi populyar olandan sonra qonaq çağırırlar. Elə fəxrlə adını çəkirlər. Həmin adamlar mənim Bodrumdakı evimdə qonaq olub, sağlığıma tost deyirdilər. İndi heç biri xatırlamır? Mən istəmirdim onsuz da oğlum o qədər reklam olsun. Amma həmin adamlar indi verlişlərə çağırırlar. Bilirsiz, niyə? Çünki Mahir reytinq gətirir. Onlar oğlumu yox, öz verilişlərini düşünürlər. İndi Mahir 6 ay futbolsuz qalacaq, ya qalmayacaq - heç kimin vecinə deyil”.
A. Mədətov "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun "mən "Legiya” ilə bağlı məsələdə məsləhət verib, Mahirin fikrini qarışdırmaq istəmirəm” açıqlamasında şərh verib: "Sizə bir şey danışmaq istəyirəm. Bir dəfə mənə zəng elədilər ki, "Qalatasaray” Mahiri transfer edib. Dedim ki, xəbərim yoxdu. Açığı, mən istəmərəm Mahir Türkiyə klubunda oynasın. Çünki bilirəm ki, axırda ehtiyat oyunçular skamyasında oturacaq. Onsuz da Azərbaycan futbolu tarixində heç bir oyunçumuz Türkiyədə parlaq oyun nümayiş etdirə bilməyib. Nə isə! Qayıdım mövzuya. Həmin vaxt jurnalistlər mənə zəng etmişdilər. Dedim ki, xəbərim yoxdu, məşqçisindən soruşun. O daha yaxşı bilər. Həmin vaxt çalışdırıcısı bildirmişdi ki, onun atasından soruşun. Çünki şou-biznes nümayəndəsidi. O, belə şeyləri daha yaxşı bilər. Amma mən əvvəlcədən demişdim ki, xəbərim yoxdu. İndi mən sual vermək istəyirəm. Məşqçinin başı nə qədər qarışıqdı ki, vaxtilə ən sevimli futbolçusu olan Mahirə məsləhət verə bilmir? Mənim müğənnilərimin, sənətçilərimin başına belə şey gəlsə, belə deyəcəm? Amma indi Mahirə əsasən "Bakı”dakı məşqçiləri dəstək olur. Türkiyədən Yüksəl hoca zəng vurmuşdu, soruşurlar, maraqlanırlar. İndi nə oldu ki, məsləhət verə bilmirlər? İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdu”.