2021-ci ilin ən aktiv və “ələdüşməz” deputatları kimlərdir? – SORĞU

2021-ci ilin ən aktiv və “ələdüşməz” deputatları kimlərdir? – SORĞU
2021-ci ilin son günlərini yaşamaqdayıq. Parlament isə demək olar ki, 2021-ci ilin son iclaslarını keçirir.
 
Maraqlıdır, cari il ərzində jurnalistlər parlamentarilərin media ilə işindən razı qaldılarmı? Mətbuat nümayəndələri hansı deputatı aktiv, hansını "ələdüşməz” olaraq səciyyələndirir?

Sfera.az mövcud sual ətrafında jurnalistlər arasında sorğu keçirib:
 


"Oxu.az” saytının əməkdaşı Aqşin Kərimov bütün deputatlardan açıqlama ala bildiyini qeyd edərək, bundan sonrakı fəaliyyətində spiker Sahibə Qafarovadan müsahibə almaq niyyətində olduğunu diqqətə çatdırıb:

"Müraciət etdiyim deputatlar mənə cavab veriblər – onlardan bəziləri isə dərc edilməyib. Mövzu üçün zəng etdiyim bütün deputatlar telefonları açıblar. 
Düşünürəm ki, VI çağırış Milli Məclis media ilə əlaqələrə, mövqelərinin mətbuatda işıqlanmasına maraqlıdırlar. Razı, narazı məsələsinə gəlincə, burada konkret bir meyarla məsələyə yanaşmağın tərəfdarı deyiləm. Mətbuatla iş baxımından narazı qaldığım yoxdur, yəni müraciət etdiklərim siyahısında kiməsə məzəmmət dolu mövqe fikir sərgiləməyə əsasım yoxdur. 

O ki qaldı, "əsl deputat” kontekstindən yola çıxaraq qiymət verməyə, burada təbii ki, narazı qaldıqlarım var. Adlarını çəkməyim məsələni şəxsiləşdirmək olardı, söhbət isə sırf şəxsdən deyil, Milli Məclisin mühakimə edici potensialının hansı səviyyədə olmasından gedir. Gəlin nəzər yetirək: Bu potensial varmı? Parlamentin səlahiyyətləri məhdud olsa da, onun belə bir hüquqi potensialı mövcuddur. Ancaq sənədlərin müzakirəsində və səsvermələrdə bunun şahidi olmuruq. Yəni o fikirdə deyiləm ki, hansı sənəd gəldisə, onun əleyhinə çıxılsın, lakin necə ola bilər ki, bu qədər daxil olan sənədlərin hamısı qəbul olunur? Özü də çoxunda əsaslı dəyişiklik olmur. Bu mənada deputatlardan narazılığım var. 

Bu arada, fürsətdən istifadə edib spiker Sahibə Qafarovadan müsahibə almaq istədiyimi də burada qeyd etmək istərdim”.


"ARB” televiziyasının müxbiri İlahə Məmmədova bəzi deputatları "lal” olaraq xarakterizə edib. Jurnalist parlamentdə aktiv çıxış edən millət vəkillərinin də adlarını çəkib:
 
"Parlamentdə daha çox çıxış edənlər arasında Fazil Mustafa, Vahid Əhmədov, Razi Nurullayev, Fəzail Ağamalı,  Qənirə Paşayeva, Jalə Əliyeva, Əli Hüseynli, Tahir Kərimli, Sevil Mikayılova, Musa Quliyev, Rüfət Quliyev kimi deputatların adını çəkə bilərəm. Digər deputatların səsini isə demək olar eşitmək mümkün olmur”. 
 

 
"Ölkə.az" saytının əməkdaşı Mürtəza Bünyadlı deputat İmamverdi İsmayılov və Madər Musayevlə əlaqə yaratmağın çətin olduğunu bildirib: 

"İmamverdi İsmayılov və Madər Musayev ələ düşməz deputatlardır. Elə deputat var ki, danışmır, mediada fəliyyətini işıqlandırmaq istəmir, plenar iclaslarda az çıxış etsə də, arxa planda çox iş görür. Eləsi də var jurnalistə açıqdır, istənilən sualı bacardığı qədər cavabsız qoymur, istər komitə, istərsə də plenar iclasda aktivlik edir. Bu aktivlər də iki yerə bölünür. Belə ki, bunların bir qismi danışmağı sevsə də, real iş görmək məsələsində yetərli fəaliyyətləri yoxdur".
 

 
"Bizim.media” saytının parlament müxbiri Vüsalə Balayeva narazı qaldığı deputatlar sırasında Etibar Əliyev, Oqtay Əsədov və digərlərinin adını çəkib:

"Deputat Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Nigar Arpadarai, Jalə Əliyeva, Ramil Həsən daimi olaraq ünsiyyət yarada bildiyim, əlçatan parlament nümayəndələridir. Media ilə iş baxımından narazı qaldığım deputatlar isə Etibar Əliyev, Erkin Qədirli, Oqtay Əsədov və  Rafael Hüseynovdur”. 
 


"Unikal.org" saytının əməkdaşı Anar Kəlbiyev isə indiyədək açıqlama almaq istədiyi bütün deputatlardan cavab ala bildiyini deyib. Jurnalist fəaliyyətindən razı qaldığı millət vəkillərini belə sıralayıb: "Vüqar Bayramov, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Musa Quliyev, Fazil Mustafa, Əli Məsimli, Razi Nurullayev, Zahid Oruc, Sabir Rüstəmxanlı və Qənirə Paşayeva kimi millət vəkillərinin çıxışlarını, qaldırdıqları məsələləri bəyənirəm". 
 
 
 
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy yeni seçilən bəzi deputatların mediadan kənar dayanmağa üstünlük verdiyini qeyd edib: 
 
"Mətbuata açıq olan deputatların siyahısı təəssüf ki, elə də geniş deyil. Xüsusilə də ilk dəfə parlamentə "vəsiqə” qazanmış bir sıra deputatlar mətbuatdan kənar dayanmağa üstünlük verirlər, sanki nədənsə ehtiyatlanırlar. Bəlkə də təcrübəsizlik baxımından onları başa düşmək olar. Amma az qala saçını-saqqalını parlamentdə ağartmış deputatların da mediadan uzaq olma "kursu” götürmələri təəccüblüdür. Mətbuata açıq olan deputatların sırasında Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli, Qənirə Paşayeva, Tahir Mirkişili, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Zahid Oruc, Məlahət İbrahimqızı, Musa Quliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Aqil Abbas, Ceyhun Məmmədov, Əziz Ələkbərli, Arzu Nağıyev, Rəşad Mahmudov, Elman Məmmədov, Hikmət Babaoğlu, Razi Nurullayev, Səməd Seyidov, Elman Nəsirov və digərlərinin adını çəkə bilərəm”. 
 

 
"Səs” İnformasiya Agentliyinin əməkdaşı Aysel Məmmədova media ilə aktiv işləyən deputatın çox olduğunu deyib:

"Media ilə aktiv işləyən deputat çoxdur. Onların sırasında Hikmət Babaoğlu, Arzu Nağıyev, Sevil Mikayılova, Könül Nurullayeva, Cavid Osmanov və digərlərinin adını çəkib, siyahını uzada bilərəm”. 
 

 
"Ədalət" qəzetinin əməkdaşı Nicat Novruzoğlu illərdir ki, bəzi deputatların ənənələrinə sadiq qalaraq, mediadan uzaq olduğunu bildirib:

"İllərdir bu tip sorğuların keçirilməsinə baxmayaraq, hər zaman jurnalist sualından qaçan deputatlar yenə də öz "ənənələrinə” sadiqlik nümayiş etdirirlər. Son dövrlər isə ümumiyyətlə, hansısa bir gözləmə mövqeyində dayanırlar. Hadisələrə, baş verən ictimai-siyasi vəziyyətlərə subyektiv yanaşma nümayiş etdirmirlər. Əsasən onlarla münasibətləri daha "isti" olan jurnalistlərlə işləməyə, ayrıseçkiliyə yol verirlər. Jurnalistlərə sıx əlaqə quran deputatlarımızdan Ülvi Quliyevi, Könül Nurullayevanı, Cavid Osmanovu, Erkin Qədirlini, Aqiyə Naxçıvanlını, Aqil Abbası, Arzu Nağıyevi, Rəşad Mahmudovu, Fazil Mustafanı qeyd edə bilərəm. Yəqin ki, bu siyahını bir az da böyütmək olar. Amma ümumi say deputatlarımızın yarısının yarısından çox olmaz. Altıncı çağırış Milli Məclisin deputatları ilk vaxtlar mətbuatla işləməyə daha çox can atırdılar. Bu gün isə bu məsələdə elə də maraqlı deyillər. Siz bilirsiniz ki, hazırki dövrdə parlamentdə 11 siyasi partiyanın təmsilçisi var, amma aktivlik nümayiş etdirmirlər".
 
"Pravda.az" saytının əməkdaşı Nəzrin Cavid deputat Rasim Musabəyovdan narazı qaldığını deyib: 

"Milli Məclisin deputatları ilə mütəmadi olaraq müxtəlif mövzularda yazılar hazırlayırıq. Xüsusilə də gündəmdə olan daxili və xarici siyasi məsələlərə üstünlük verilir. Deputatların hər biri ilə çalışmıram, ona görə hamısı barədə fikrimi deyə bilməyəcəm. Yəni mən ən çox şərh aldığım deputatlar arasında fərqləndirmə edə bilərəm. Hərəsinin özünəməxsus müsbət tərəfləri var. Misal üçün, eləsi var ki operativdir, amma ətraflı şərh verə bilmir. Eləsi də var ki, operativ yanaşmasa da, daha geniş və detallı şərh edir. Misal üçün, ən operativ işləyən deputatlar Naqif Həmzəyev, Cavid Osmanov, Elman Nəsirov, Elman Məmmədov, Azər Badamov, Ceyhun Məmmədov, Tahir Rzayev, Tahir Kərimlidir. Bəhruz Məhərrəmov isə adətən suallara yazılı şəkildə cavab verir. Həm daha detallı qeyd edir, həm də hiss olunur ki, sahəsinin peşəkarıdır. Lakin ən maraqlı və qalmaqallı sualları əlbəttə ki, Eldar Quliyev cavablandırır. Deputatların arasında "yola verən” və ya ümumiyyətlə suallardan yayınanlar da, təbii ki, olur. Ola bilər ki, kimlərsə yadımdan çıxsın. Rasim Musabəyova bir dəfə zəng edib özümü təqim edəndən sonra sərt şəkildə tanımadığı saytlara açıqlama vermədiyini deyib, sualımı cavabsız qoymuşdu". 


Əzizə Zeynal 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...