Razi Nurullayev layihəyə etiraz etdi, Fəzail Ağamalı əsəbləşdi: "Kölgə salmaq olmaz!"

Siyasət
11:29 / 20.12.2021
517
"İstənilən layihəyə hər kəs özünün münasibətini ifadə edə, səs verməyə bilər. Lakin bu fonda quruculuğa kölgə salmaq olmaz".
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı deyib.
O, deputat Razi Nurullayevin qanun layihəsinə etiraz etməsini düzgün hesab etməyib:
"Bu gün təqdim edilən layihə bütün süzgəclərdən keçərək Milli Məclisə təqdim olunub. Əgər Razi Nurullayev ətraflı məlumat almaq istəyirsə, bunun üçün imkan var. Ölkədə su təchizatı və kanalizasiya ilə bağlı aparılan işlərdə neqativ məqamlar ola bilər, lakin görülən işlərə kölgə salmaq olmaz. Hansısa məqsədlə bu cür çıxışları qəbul etmirəm".
Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Razi Nurullayev sözügedən layihə ilə bağlı məlumatlandırılma məqsədli yetərli mənbələrin olmamasını əsas gətirərək qanun layihəsinə etiraz edib.
Layihə birinci oxunuşda qəbul edilib.
Əzizə Zeynal
Sfera.az