Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ilə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə, spikerlər arasında təkbətək görüş baş tutub.

Sonra nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Parlamentin sədri Sahibə Qafarova qonaqları salamlayaraq, ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu, müstəqillik dövründə Koreya ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, bu səfərin və səfər çərçivəsində aparılacaq müzakirələrin dostluq münasibətlərimizin, eləcə də parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, münasibətlərimizin bu mərhələyə qalxmasında həyata keçirilən yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və görüşlər mühüm rol oynayır.

Görüşdə bildirilib ki, növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu günədək ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Heç də təsadüfi deyildir ki, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var.

Milli Məclisin spikeri ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulayaraq qeyd edib ki, iki dost ölkənin qanunvericilik orqanları arasında möhkəm əməkdaşlıq qurulub. Bu gün Milli Məclisdə bir çox ölkələrin parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir və Koreya parlamenti ilə də geniş tərkibli qrup yaradılıb.

Görüşdə Sahibə Qafarova 2020-ci ildə Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində torpaqlarını erməni işğalından azad etdiyini, uzun müddət kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü hesabına həyata keçirdiyini vurğulayıb. Bildirilib ki, bununla münaqişə birdəfəlik tarixə qovuşub. S.Qafarova Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətdiyini, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini, şəhər və rayonları, bütün yaşayış məntəqələrini tamamilə dağıtdığını, mədəni irsimizi talan etdiyini, dini abidələrimizi, məscidlərimizi təhqir etdiyini xatırladıb.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Qarabağda bərpa və quruculuq işlərinə artıq start verilib. Azərbaycana dost ölkələrin bu prosesdə iştirakı təqdirəlayiqdir.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Koreya Respublikası Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlıdır. Milli Assambleyanın sədri deyib ki, onun ölkəsi Azərbaycanla iqtisadi, yüksək texnologiyalar, elm, təhsil sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindədir.

Qonaq parlamentlər səviyyəsində münasibətlərimizin inkişafının ümumi məqsədlərə xidmət etdiyini söyləyərək, gələcəkdə deputatlar arasında əlaqələrin mütəmadi xarakter almasının, hər iki ölkə parlamentindəki dostluq qrupları arasında əlaqələrin daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Park Byonq-Soq Milli Məclisin sədrini öz ölkəsinə rəsmi səfərə dəvət edib.

Görüşdə ikitərəfli əlaqələrimizin daha da genişlənməsi, parlamentlərarası münasibətlərimizin gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə danışılıb.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...