Ermənistan Hindistanı əleyhimizə istifadə edə bilərmi? – Politoloq rəsmi Bakının Pakistan siyasətini şərh edir

14:57 / 22.06.2021
1774
Ötən gün prezident İlham Əliyev münaqişəli Kəşmir məsələsində
Pakistanı dəstəkləyərək, Azərbaycan xalqının qardaş dövlətin yanında olduğunu
bildirib. Ölkə başçısı bundan sonra Azərbaycan-Pakistan münasibətinin daha da möhkəmlənəcəyini
deyib.
Maraqlıdır, Pakistana açıq şəkildə dəstək Azərbaycan-Hindistan
münasibətlərinə hansı formada təsir edə bilər? Bu vəziyyət Ermənistan-Hindistan
yaxınlaşması ilə nəticələnə bilərmi?
Mövzunu Sfera.az-a şərh edən politoloq Araz Aslanlı
Azərbaycanın Pakistan tərəfindən çıxış etməsinin normal olduğunu deyib: "Azərbaycan bir çox məsələdə, o cümlədən müttəfiqləri
ilə bağlı mövzularda beynəlxalq hüququn əsas prinsiplərinə sadiq qalmağa çalışır.
Dəfələrlə başqa nümunələrdə də gördüyümüz üçün deyə bilərik ki, Azərbaycan
münaqişələrlə əlaqəli yanaşmalarda maksimum dərəcədə diqqətli ifadələr seçir. Kəşmir
məsələsinin başlanmasından indiyədək beynəlxalq hüquqa qarşı hiylə sayıla bilinəcək
məsələlər var. Kəşmirin indiki vəziyyətə düşməsində həmin proseslərin rolu
olub. Bununla bağlı beynəxalq hüququn birmənalı və standart yanaşması mövcud
deyil.
Bu səbəbdən Azərbaycan da həmin məsələdə beynəlxaq
hüquqa qarşı olmadan, eyni zamanda müttəfiqlik münasibətləri daxilində olduğu
dövlətin mövqeyini açıq şəkildə müdafiə etmir və bu da əslində doğru bir
yoldur. Əgər beynəlxalq hüququn müəyyən etdiyi ərazi çərçivələri olsaydı, Azərbaycanın
mövqeyi də həmin çərçivədə olardı. Burada beynəlxalq hüquqa uyğun həll yolu tapılmayıbsa,
həmin məsələdə Azərbaycanın onun yanında dayanan müttəfiqinin tərəfində olması çox
normaldır".
Politoloq Ermənistan-Hindistan yaxınlaşmasının gözlənilən
olduğunu bildirib: "Azərbaycan müstəqilliyinin ilk illəri, daha
çox balanslaşdırılmış siyasəti formalaşdırdıqda digər dövlətlərlə münasibətdə
beynəlxalq hüquqa uyğun formada davranmağa, eləcə də digər dövlətlərin Azərbaycanın
vacib məsələlərinə yanaşmalarına çox diqqət edirdi. Azərbaycan Pakistan,
Hindistan, Çin və digər dövlətlərə də bu formada yanaşma sərgiləyir. Bu cəhətdən
Kəşmir məsələsindəki mövqe də çox normaldır. Bunun yarada biləcəyi nəticələr fərqli
ola bilər, münaqişə tərəflərindən hansısa Azərbaycanın mövqeyindən razı qalmaya
və bu səbədən fərqli siyasət xəttinə yönələ bilər.
Əzizə Zeynal
Sfera.az