ABŞ Rusiya və İranla birləşib... - Politoloq Cənubi Qafqazda gedəcək yeni proseslərdən DANIŞDI

13:32 / 22.06.2021
1842
"ABŞ Rusiya və İranla anlaşaraq Çinə qarşı mübarizə aparmaq niyyətindədir".
Bunu Sfera.az-a açıqlamasında politoloq Araz Aslanlı deyib. Politoloq ABŞ-ın İranla müsbət yöndə münasibətlər quracağını bildirib:
"İran bu gün düşdüyü vəziyyətdən çıxış yolu axtarır. Həm İbrahim Rəisi həm də ali dini lider Xamneyi nüvə sazişi ilə bağlı Qərblə danışıq və dialoqlarda maraqlıdırlar. Bu gün İranda hakimiyyətə islahatçıların yerinə mühafizəkarlar gəlsə də, mühafizəkarlar da bilir ki, ABŞ-la dil tapmaq mütləqdir. Düşünürəm ki, Vaşinqton yaxın illər ərzində xarici siyasətdə İranla mülayim siyasətini davam etdirəcək. ABŞ Rusiya və İranla anlaşaraq Çinə qarşı mübarizə aparmaq niyyətində olacaq. Bu, İranla olan münasibətdə maneələri və problemləri bir qədər donduracaq".
Ekspert Azərbaycan-İran münasibətlərinin gələcəyindən də danışıb:
"Ümumilikdə İranın gələcək siyasəti bizim üçün də çox vacibdir. Çünki Cənubi Qafqazda da yeni proseslər gedir. Etiraf etmək lazımdır ki, Ruhani dövründə Azərbaycan-İran münasibətləri bundan əvvəlki prezidentlərin dövründən daha sabit xarakter daşıyırdı. Bundan başqa İran Cənubi Qafqazda Azərbaycanın daha üstün mövqedə olduğunu anlayaraq rasional siyasət aparıb Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etməsində maraqlı olduğunu göstərmiş olacaq. Təsadüfi də deyil ki, İbrahim Rəisi prezident seçiləndə İlham Əliyev onu ilk təbrik edən prezidentlərdən oldu. Biz bundan əvvəl də İranla qarşılıqlı münasibətlərə maraqlı olduğumuzu göstərmişik".
Xatırladaq ki, bir neçə gün öncə mühafizəkar namizəd İbrahim Rəisi səslərin 62 faizi ilə İran prezident seçkilərinin qalibi elan olunub.
Əzizə Zeynal
Sfera.az