Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq – Deputatdan açıqlama

13:23 / 22.06.2021
1655
"Prosesin gedişi regionda yeni reallıqların
formalaşacağını, sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Nikol
Paşinyanın hakimiyyətdə möhkəmləndikdən sonra Azərbaycanla sülh müqaviləsini
bağlaması ehtimalından danışarkən, Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Ermənistanda keçirilən son parlament seçkiləri
bir həqiqəti ortaya çıxardı. Erməni
xalqı sülhə, əməkdaşlığa səs verərək, müharibəyə yox dedi. Bu o demək deyil ki, Paşinyan kifayət qədər
populyardır, xalq onu sevir. Belə qiymətləndirmənin
tərəfdarı deyiləm. Sadəcə Paşinyanın
ortaya qoyduğu ideyalar artıq erməni cəmiyyəti üçün daha maraqlıdır və səmərəli
görünür, nəinki Köçəryanın revanşist yanaşmaları”.
Deputat bildirib ki, bundan sonra İrəvanın
Bakı ilə münasibətlərində bir sıra ciddi addımları atacağı gözlənilir: "Azərbaycan Prezidenti İlham Əliyevin təklif
etdiyi sülh müqaviləsinin imzalanması real məzmum kəsb edəcək. Digər tərəfdən,
Zəngəzur dəhlizinin açılması da reallaşacaq. Paşinyan özü dəfələrlə qeyd edib
ki, Zəngəzur dəhlizinin bağlı qalması Ermənistanın İran və Rusiya ilə birbaşa dəmir yolu xəttinin açılmasına
imkan verməyəcək. Nəticədə Ermənistan
bundan sonra da blokada vəziyyətində qalacaq ki, bu da həmin ölkə üçün iqtisadi
fəlakət deməkdir”.
Rüfət SULTAN