Türkiyə ilə Azərbaycan arasında hansı yeni müqavilə imzalanacaq?

11:07 / 22.06.2021
1337
"Bir çox müqaviləni yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik”.
Bunu ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq:
"Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq, bu sahədə də əməkdaşlıq güclənəcək.
Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağından bu hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq”.
Millət vəkili qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir.
Günay Rəsulqızı
Sfera.az