\"Brent\" markalı neftin qiyməti bu ilin ən yüksək həddinə çatdı - YENİLƏNİB
17:47
Mayın 16-da Bakı vaxtı ilə saat 16:08-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 49,03 dollar olub.
Bu barədə azvision.az Bloomberg-ə istinadən xəbər verir.
Qeyd edək ki, London birjasında neftin bir barelinin qiyməti 2015-ci ilin noyabrından bəri ilk dəfə 49 dolları keçib.
---------
13:54
Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti 48,66 dollar/barelə qədər artaraq 2016-cı ilin ən yüksək həddinə çatıb.
Sfera.az report-a istinadən bildirir ki, "Brent"in qiymətinin artmasına səbəb "Baker Hughes" şirkətinin 6-13 may həftəsi ərzində ABŞ-da daha 10 neft qazma qurğusunun fəaliyyətini dayandırması haqqında xəbəri olub. Bununla da ABŞ-da aktiv neft quyularının sayı 3% azalaraq 318-ə enib.
Neft qiymətlərinin artmasına səbəb olan digər önəmli amil isə "Goldman Sachs" bankının hesabatı olub. Belə ki, Bank neftin çatdırılmasında problemlərin yaranması səbəbindən bazarın kəsirlə üzləşdiyini bildirib. Neftin çatdırılması ilə bağlı çətinliklər Nigeriya, Venesuela, ABŞ və Çində baş verib. Hesabatda qeyd olunub ki, neft bazarı gözlənildiyindən daha erkən bolluq mərhələsindən kəsir dövrünə keçib. Böyük ehtimalla, kəsir may ayında hasilatın azalması, eyni zamanda tələbin kəskin artması fonunda yaranıb.
"Report"un analitik qrupu "Brent" markalı neftin qiymətinin 53-55 dollar/barel səviyyəsinə qədər yüksəldikdən sonra qlobal iqtisadi tələbin yavaşlaması fonunda yenidən azalmağa başlayacağını proqnozlaşdırır. Neftin qiymətinə qısa müddət ərzində təsir edəcək əsas amil iyunun 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı müsbət qərarı ola bilər. Qeyd edək ki, hazırda analitiklərin 1/3-i FES-in faizləri artıracağına inanır.