Qarabağın bərpası üçün 2,2 milyard manat - Hansı işlər görülməlidir?
2021-ci ilin dövlət büdcəsinin layihəsində işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Milli Məclisə təqdim edilən layihəyə əsasən bu vəsait işğaldan azad edilən şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə ayrılır.
Ayrılacaq vəsait böyük olsa da onunla nəzərdə tutulan bütün işləri icra etmək olmaz. İşğaldan azad edilən ərazidə məcburi köçkünlərin məskunlaşması üçün ən azı 150 min yaşayış evi tikilməlidir ki, bunun da inşaat dəyəri 5,5-6 milyard manatdır. Yaşayış evləri ilə bərabə inzibati binalar, sosial infrastruktur obyektləri tikilməli, avtomobil və dəmir yolları, elektrik, qaz, su xətləri çəkilməli, avtonəqliyyat vasitələri, digər texniki vasitələr alınmalıdır. Bütün bu işlərin icraası üçün təxminən 8-10 milyard manat vəsait lazım ola bilər.
Buna görə də ayrılacaq 2,2 milyard manatla ilk növbədə daha vacib olan layihələr icra ediləcək. Bəs, böyük qayıdışı təmin etmək məqsədilə ayrılacaq vəsaitlə ilk növbədə hansı işlərin görülməsi lazımdır?
Sfera.az saytına açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, işğaldan azad edilən ərazilərdə görüləcək işlər çoxdur və bu işləri 1-2 il ərzində həyata keçirmək mümkün deyil. O düşünür ki, işğaldan azad edilən ərazilərdə işlərin görülməsi üçün yaxın 5-8 il ərzində dövlət büdcəsindən vəsaitin ayrılmasının şahidi olacağıq. N.Cəfərli bildirdi ki, ərazidə ilkin görüləcək işlər minaların təmizlənməsi, təhlükəsizliklə bağlı kompleks işlərin görülməsi, sərhədlərin möhkəmləndirilməsi, yol infrastrukturunun, kommunal xidmətlər şəbəkəsinin bərpasından ibarət olmalıdır.
Yol infrastrukturu və elektrik, su xətləri bərpa edilməsə bərpa-təmir işlərini görməyin çətin olacağını deyən ekspert hazırda təhlükəsizlik və infrastruktur məsələlərinin daha əhəmiyyətli olduğunu söylədi: "Təhlükəsizliklə bağlı məsələlər çox önəmlidir. Tikinti aparılacaq ərazilər minalardan təmizlənməlidir, ərazilərə erməni silahlılarının müdaxiləsinın qarşısı tam alınmalıdır. Bundan sonra geniş konsepsiya hazırlanmalıldır.
Rəsmilər tərəfindən bir neçə dəfə açıqlanıb ki, hazırda həmin proqram hazırlıq mərhələsindədir. Bu proqram hazırlandıqdan sonra hansı addımların, hansı ardıcıllıqla atılacağını biləcəyik. Amma ilkin olaraq təhlükəsizlik və yol infrastrukturu ilə bağlı məsələlər öz həllini tapmalıdır. Burada yol infrastrukturu dedikdə avtomobil, dəmir yollarının çəkilməsi, körpülərin tikintisi nəzərdə tutulur. Bunun üçün böyük vəsait lazımdır. Dövlət həm Şuşaya, həm Kəlbəcərə avtomobil yolu, Ağdama və Araz çayı boyunca dəmir yol çətti çəkməlidir. Eyni zamanda elektrik şəbəkəsi qurulmalıdır, su xəttləri çəkilməlidir”.
N.Cəfərli işğaldan azad edilən ərazilərdə 2021-ci ildə yaşayış evlərinin tikintisinə başlanılmasını az ehtimal edir. Onun fikrincə, gələn bir qism məcburi köçkünün qaytarılması ilə bağlı addımlar atıla bilər. Ancaq o bunun simvolik olacağını düşünür:
"Gələn il hökumət əsas diqqəti sərhəd bölgəsinin qurulmasına sərf edəcək. Müharibə nəticəsində İran və Ermənistanla 500 km-dən artıq yeni sərhəd bölgəsi yaranıb. İran və Ermənistanla sərhədlər möhkəmləndirilməlidir. Sərhədlər möhkəmlənmədən insanların əraziyə təhlükəsiz yerləşdirməsi mümkün deyil. Xüsusilə Ermənistanla sərhəddə təhlükəsizliyin təmin edilməsi vacibdir. Ermənistan tərəfindən təxribatların olmaması üçün tədbirlər görülməlidir. Təxribatlar olduqca əraziyə əhalinin köçürülməsi də düzgün deyil.
Simvolik olaraq Şuşanın bərpası işlərinin görülməsi və insanların köçürülməsi mümkündür. Bu cür tədbirlər işğaldan azad edilən Dağlıq Qarabağ ərazisində də aparmaq olar. Amma digər tam dağıdılmış ərazilərə gələn il əhalinin köçürülməsi real deyil”.
Vasif
Sfera.az