MİT-dən İran kəşfiyyatına ağır zərbə: Zindaşti ilə əlaqəli 11 nəfər saxlanıldı - FOTO

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın rejim əleyhdarı kimi tanınan Həbib Çaabı İstanbuldan qaçırdığı məlum olduqdan sonra MİT əməliyyat keçirib.
Əməliyyat nəticəsində İran kəşfiyyatına məlumat ötürən narkotik taciri Zindaşti ilə əlaqəli 11 nəfər saxlanılıb.
MİT-in əldə etdiyi dəlillərə görə, İran rejiminin əleyhdarı olan H.Çaab keçmiş həyat yoldaşı vasitəsi ilə tələyə salınıb. Belə ki, keçmiş həyat yoldaşı onu görmək və 100 min avro borc vermək vədi ilə İsveçdən Həbibi İstanbula dəvət edib. Həbib İstanbulda keçmiş arvadının içərisində olduğunu düşündüyü mikroavtobusa minib. Ancaq dərhal Zindaştinin adamları tərəfindən bayıldılaraq Vana, ordan isə alternativ yollarla İrana qaçırılıb.
Məlumata görə, narkotik ticarəti ilə məşğul olan Zindaşti İranda edam cəzasına məhkum olunandan sonra Türkiyəyə qaçıb. 2007-ci ildə Türkiyədə qətl ittihamı ilə mühakimə olunub. FETÖ üzvü Zekeriya Özün gizli şahidlərindən biri olub.
Daha sonrakı illərdə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ticarəti, silahlı bir cinayət dəstəsi qurma, adam qaçırma və qətl cinayətlərinə dair ittihamlarla Zindaştiyə cinayət işi açılıb. Lakin onu tapmaq mümkün olmayıb.
Habib Çaab isə İranda ərəb azlığının müstəqilliyini dəstəkləyənlərdən biri olub. 14 il İsveçdə sürgün həyatı yaşayıb.
Xatırladaq ki, İran bu günlərdə Fransada yaşayan jurnalist Ruhullah Zamı da tələyə salaraq İrana gətirib və edam etdirib.