“Kiçik rayonlar ləğv edilməlidir...” – Ekspert bunun müsbət tərəflərini açıqladı

“Kiçik rayonlar ləğv edilməlidir...” – Ekspert bunun müsbət tərəflərini açıqladı

"Bu addım büdcə vəsaitlərinə qənaət etməyə, qərarların çevikliyinə və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək”


Sfera.az-a açıqlamasında bu sözləri Gəncə şəhərində mövcud olan Kəpəz və Nizami rayonlarının ləğvi və onların vahid idarəetmə sistemində birləşdirilməsi məsələsinə toxunarkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib:

 

"Əvvəlki dövrlərdə apardığımız təcrübə göstərir ki, rayonlarda idarəetmə mexanizminin təkmilləşdirilməsi daha məqsədəuyğundur. Çünki kiçik ərazi və əhalisi olan rayonlarımız var ki, bu da əslində əlavə idarəetmədir. Xüsusən də bu addım iri şəhərlərdə idarəetmənin təmərküzləşməsi, bürokratiyanın azaldılması baxımından çox vacibdir. Gəncədə əlavə rayonlara ehtiyac yoxdur.

 

Çünki bu hal iş adamları və vətəndaşlar üçün bir sıra hallarda əlavə proseduralar deməkdir. Bu həm də büdcədən həmin istiqamətə daha çox vəsaitin ayrılması deməkdir. Ona görə düşünürəm ki, Gəncədə mövcud olan iki rayonun ləğvi büdcə vəsaitlərinə qənaət baxımından vacibdir, eyni zamanda bu addım qərarların çevikliyi və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək. Nəticə etibarı ilə bu həm də şəffaflığın güclənməsinə gətirib çıxaracaq”.


İqtisadçı deputatın fikrincə, Gəncənin ardınca oxşar addımlar digər bölgələr üzrə də atılmalıdır: "Gəncənin ardınca bu tip addımlar sonradan digər bölgələrimizdə də oxşar praktikanın tətbiqi imkanlarını mümkün edəcək. Bu gün bölgələrlə bağlı yeni yanaşma var. Elə rayonlarımız var ki, əhalisi az və ərazisi kiçikdir. Bölgələrdə belə qiymətləndirmə aparmaqla digər rayon və şəhərlər üzrə də vahid idarətetmənin formalaşması ilə bağlı qərarlar qəbul edilə bilər və buna ehtiyac var.

 

Xüsusən son 1-2 ildə təyin olunan icra başçılarının əksəriyyəti ictimai nüfuzlu gənclərdir. O, baxımdan idarəetmədə gəncləşdirmə və ona uyğun olaraq idarəetmə mexanizminin təkmilləşdirilməsinə ehtiyac vardır. Bu mənada da kadr islahatları vacibdir”.

Elçin


OXŞAR XƏBƏRLƏR