Yas mərasimləri yoluxmaların mənbəyinə çevrilib – Dinşünas çıxış yollarından danışdı

"İnsanlara izah etmək, başa salmaq, vəziyyəti aydınlaşdırmaq lazımdır, inzibati metod burada keçərli deyil”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusa yoluxma hallarının əsasən yas mərasimlərində baş verdiyi barədə verilən açıqlama fonunda belə mərasimlərə nəzarəti gücləndirmək üçün hansı təsirli tədbirlərin görülməli olduğuna aydınlıq gətirərkən dinşünas Elşad Miri deyib:
"Hazırda gözəl bir ənənə yaranır. Artıq insanlar yas mərasimlərinə getmək məsələsinin gündəmdən düşdüyünü görürlər. Çünki, bu gün yas mərasimi ondan ibarət olur ki, vəfat etmiş bir insanı dəfn etməklə həminmissiya başa çatmış olur. Ondan sonrakı proseslərin dinə, nə də ölüyə, ölü yiyəsinə heç bir şəkildə heç bir aydiyyatı yoxdur. Sadəcə olaraq, insanlar bir-birinin yasına təsəlli vermək üçün gəlir”.
Həmsöhbətimiz dedi ki, bunun qarşısını almaq üçün isə insanlar özləri bir-birinə qarşı məsuliyyətli olmalıdır: "Bir-birinə mövcud vəziyyəti izah etməlidirlər. Bir nəfər vəfat edibsə, onun yaxınları istərdimi ki, kimlərsə yasa gəlməklə virusa yoluxsun və ona qarğış etsin və buna görə əzab-əziyyət çəksin?Bunuinsanlara izah etmək, başa salmaq, vəziyyəti aydınlaşdırmaq lazımdır. Belə halların qarşısını polis nəzarəti qoymaq və digər bu sayaq inzibati metodlarla almaq mümkün deyil. Ümumiyyətlə, dəfndən sonrakı proseslərin dinə heç bir aydiyyatı yoxdur. Bunlar sadəcə olaraq müəyyən vaxtlarda ortaya atılan, yeni adət olaraq formalaşan, müəyyən şəxslərin qazanmasına gətirib çıxaran prosedurlardır”.
Elçin
Sfera.az