“Rauf Arifoğlu ilə Pənah Hüseynin evində görüşdük, ona dedim ki...” – İqbal Ağazadə ilə MÜSAHİBƏ

“Rauf Arifoğlu ilə Pənah Hüseynin evində görüşdük, ona dedim ki...” – İqbal Ağazadə ilə MÜSAHİBƏ
"Sevinək ki, İqbal Ağazadənin həm pulu var, həm də demokratik cəmiyyət uğrunda mübarizə aparır"

"Ümid" partiyasının sədri İqbal Ağazadə Sfera.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

- İqbal bəy, sizcə yeni təşkil olunmuş parlament iki il ərzində özünü doğrulda bildimi? Siyasi partiya lideri olmağınızı bir kənara qoysaq, sadə vətəndaş kimi Milli Məclisin işini necə qiymətləndirirsiniz?

- Milli Məclisin işinə vətəndaş rəy verir. Azərbaycan vətəndaşı isə parlamentin fəaliyyətindən narazıdır. Çünki vətəndaş onun səsini parlamentdə çatdıran insanları çox az halda görür. Parlament həm də icraedici orqan üzərində nəzarət həyata keçirir. Təəssüf olsun ki, Milli Məclis bu funksiyanı ümumiyyətlə yerinə yetirmir. Hökumət hesabatlarında, büdcə hesablamalarında qərarın əleyhinə rəy verən deputat yoxdur. Ayrı-ayrı nazirlərin hesabat verməsini tələb edən millət vəkillərini də görmək olmur. Ümumi tənqidlər olur, lakin fundamental tənqidlər və fundamental tələblər yoxdur. Digər tərəfdən isə parlamentin funksiyası həm də seçicilərlə görüşmək, onların problemlərini parlament qarşısında qaldırmaq, icraedici orqanları bu məsələləri yerinə yetirmək üçün məcbur etməkdir. Təəssüf ki, biz bu halı da görmürük. İndi vəziyyət o yerə çatıb ki, vitse-spikerlər nazirlərin onların telefonlarına cavab vermədiklərindən gileylənir. Parlament həm də beynəlxalq təşkilatlar qarşısında öz öhdəliyini həyata keçirə bilmir. Milli Məclisin üzvləri icra strukturlarının demədiyi hansısa məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq gücündə deyil. Parlamentin rəhbərliyi xüsusilə indiki məqamda beynəlxalq təşkilatlar qarşısında Azərbaycan problemlərini qaldırmaqda acizdir. İş o yerə çatıb ki, parlament deputatını Etika komissiyasının verdiyi rəy əsasında Mərkəzi Seçki Komissiyası mandatdan da məhrum edə bilir. Seçilmiş adamı kiçik qrup mandatdan məhrum edir. Bütün bu məsələlərin fonunda xalqın da parlament haqqında fikirləri neqativdir.


- Belə çıxır ki, Milli Məclis deputatlarına verilən qiymət görülən işə adekvatdır...

- Bəli. Parlament saxta şəkildə formalaşdırılıb, xalqın qovduğu adamlar deputat seçilib. Özünü buraxmış adamlar yenidən mandat almış kimi göründülər. Seçici arasında heç bir reytinqi olmayanlar parlamentdə yenidən deputat kimi fəaliyyətə başladılar və nəticə o oldu ki, Milli Məclis gözdən düşdü. Bu vəziyyəti isə aradan qaldırmaq çox çətindir.
 
- Sizcə bu hal sadəcə yeni qurulan parlament üçün xarakterikdir? VI çağırış parlamentindən əvvəl də belə hallar yox idimi?

- VI çağırışdan əvvəl də vəziyyət buna yaxın idi. Lakin indiyədək parlament heç vaxt özünü buraxmamışdı ki, "zamanla ayaqlaşmırıq, seçkilərə gedib zamanla ayaqlaşaq". Deputatlar vardı, deyirdi "zamanla ayaqlaşmırıq, seçkilər keçirilməlidir", lakin yenidən seçilib hətta V çağırışdakı dövrdən də geri qaldılar.
 
"Parlamenti bütövlükdə buraxmaq lazımdır..."
 
- Ümid partiyasını digər partiyalardan fərqləndirən spesifik xüsusiyyətlər hansılardır? Yəni, insanlar niyə məhz Ümid partiyasına üzv olmalıdırlar?

- Hər şeydən əvvəl biz ideologiyanın üzərində qurulan partiya deyilik. Biz dövlət quruculuğu uğrunda mübarizə aparan, hüquq dövləti yaradılması üçün çaba göstərən, bütün ideologiyalara yer verən partiyayıq. Azərbaycanda isə bizdən başqa ikinci belə bir partiya yoxdur. Azərbaycanda partiyalar özünü "sağçı", "solçu", "ultramillətçi" və s. kimi qruplara bölüblər. Lakin bizim üçün ideologiyadan çox əsas anlayış hüquqi dövlətin qurulmasıdır və bütün ideologiyaların sonu buna gətirib çıxarır.

 
- Deputat olmadığınız dönəmdə əvvəllər təmsil olunduğunuz dairənin seçiciləri ilə görüş keçirmisinizmi, yaxud vətəndaşlar sizə müraciət ediblərmi?
 
- Ən son təxminən 1 həftə öncə əvvəllər təmsil olunduğum dairə seçiciləri ilə görüşmüşəm. Bəzi problemlər var idi, həmin məsələlərin həlli üçün səlahiyyətli dövlət qurumlarına müraciət etdim.
 
- Sizcə, artıq boş qalmış dairələrə seçki təşkil edilməsinin zamanı gəlməyib ki?
 
- Məncə parlamenti bütövlükdə buraxmaq lazımdır. Bundan əvvəl isə referendum keçirib, siyasi sistemdə partiyaların yerini müəyyənləşdirən Konstitusiya dəyişikliyinə getmək gərəkdir. Bundan başqa 2002-ci ildə referendumla ləğv edilmiş proporsional seçki sistemi bərpa olunmalıdır. Boş qalan yerlər heç nəyi dəyişməyəcək.

- Necə düşünürsüz, bu, indiki zamanda real görünürmü?

- Biz istək və təkliflərimizi hakimiyyətə təqdim edirik. Real yaxud, qeyri-real olması isə hakimiyyətin siyasətindən aslıdır.

 
"Biz "çığırmağı" sevirik. Oxuyanda da çığırırıq, sevinəndə də, yasda da..."
 
- Son vaxtlar tez-tez oppenentləriniz qalmaqallı debatlarla gündəmə gəlirlər. Elə bu yaxınlarda Real Partiyasının nümayəndəsi Natiq Cəfərli ilə Ağ partiyanın nümayəndəsi Əhəd Məmmədlinin qeyri-etik debatı geniş müzakirələrə səbəb oldu. Siyasi partiya nümayəndələri üçün belə debat tərzi nə dərəcədə uyğundur?

- Belə halın olması yenilik deyil. Zaman-zaman hakimiyyəti təmsil edən şəxslərlə müxalifət arasında belə şeylər olub. Ümid partiyasında bütün mübarizə formalarında başlıca prinsip etik normaların gözlənilməsidir. Biz çalışırıq ki, belə qarşıdurmalardan uzaq dayanaq. Fikirlərimizi etik çərçivələrlə, auditoriyaya mədəni formada çatdıraq. Dilimiz kifayət qədər zəngindir. Başqa partiyalar arasında bu qaydalar pozulursa, bu da onların şəxsi işidir, seçici hər şeyə qiymət verəcək.



- Belə düşünürsünüz ki, bu cür söz-söhbətlər, çıxışlar partiyanı xalqın gözündən salır?

- Bəli. Ümumiyyətlə biz "çığırmağı" sevirik. Oxuyanda da çığırırıq, sevinəndə də, yasda da... Lakin zamanla bu keyfiyyətləri sıradan çıxarmaq lazımdır. Dünya indi sakit, elmi yanaşmaları, masa arxasında sivil danışmaları sevir. Biz də buna alışmalıyıq. Lakin bu bizim seçimimizdir. Digər partiyalar düşünürsə ki, çığırmaqla seçiçi inistutu qarşısında daha çox səs yığa bilər, rəğbət qazana bilər, nə deyək, uğur olsun...

- İqbal bəy, sosial şəbəkələrdə kifayət qədər aktivsiniz, mediaya açıqsınız. Lakin təəssüf ki, bəzi partiya liderlərindən nəinki açıqlama almaq olur, hətta sosial şəbəkədə belə insanlar üçün konkret məhdudiyyətlər qoyublar. Məsələn, elə REAL hərəkatının sədri İlqar Məmmədov həm jurnalistlərdən, həm də xalqdan uzaq durmağa çalışır. Partiya lideri üçün belə davranış qəbul olunandırmı?

-Demokratikləşməni dünyaya kurs kimi bəyan etmişiksə, hər şeyə dözümlü olmalıyıq. Biz Sovet dönəmində yaşamışıq, bizi Sovet dövründə yaşamış valideynlərimiz tərbiyə edib. O dövrdə ki, çətin dövr olub, qorxaq dövr olub. Biz indi o zamandakı kimi olsaq, insanlara rəy bildirməyə imkan verməsək heç nəyə nail olmayacağıq. İnsanlara imkan vermək lazımdır ki, hisslərini, tənqidini ifadə edə bilsin. Ədəbiyyat inistutunun nüyaməndəsi də bu imkanı yaratmalıdır, siyasətçi də. Hələ indiyədək kiminsə feysbukda şərhini silməmişəm, bloklalamamışam. Bir tək qeyri-etik sözlərə hesabımda yer vemirəm.

 
- Sizcə həmin partiya liderlərinin mediadan, insanlardan qaçmağının səbəbi nədir?

- Azərbaycanda insanlarda bu məsələdə kompleks var. Narahatdırlar ki, hansısa ifadəni düzgün işlətməzlər, yalnışlığa yol verərlər. Bu da dözümsüzlükdən irəli gəlir ki, yalnız zəif insanlar dözümsüz olur.
 
 
"Parlamentdə cəmi 3-5 deputat Azərbaycanın ictimai-siyasi vəziyyətini təhlil edə bilir"

 
- Dediniz ki, qorxurlar ki, düzgün ifadə işlətməzlər, danışa bilməzlər. Bir partiya lideri mediaya danışa bilmirsə, ondan nəsə gözləmək olar?
 
- Azərbaycan siyasətinin vəziyyəti çox pisdir. Parlamentdə cəmi 3-5 deputat Azərbaycanın ictimai-siyasi vəziyyətini təhlil edə bilir. Siyasətçilərin əksəriyyəti proseslərə həvəskar mövqeyindən münasibət bildirirlər. Bəzən o adamlar elə şeylər haqqında danışırlar ki, təəccüb etməyə bilmirsən. Azərbaycan insanını aldatmaq lazım deyil ki, hər tənqidçi ölkə idarə edə bilər, hər tənqidçi yaxşı siyasətçidir.

 
- Belə başa düşdüm ki, partiya liderlərinin pafoslu çıxışlarını bəyənmirsiniz... 

- Mənim proseslərə öz yanaşmam var və seçiciləri aldatmaq fikrim yoxdur. Bəzən yarı zarafat, yarı ciddi deyirəm ki, mən Azərbaycan dilini yaxşı bilirəm və səsimin imkanları kifayət qədərdir ki, pafosla danışım, seçici qarşısına çıxım. Lakin mənim siyasətdə ətrafıma yığmaq istəyəcəyim seçicilər bu çıxışlara tərəf gedənlər deyil, rəy verən seçicilərdir.
 
- Lakin sizə deyim ki, Ağ partiya rəhbəri Tural Abbaslı pafoslu çıxışlarla, böyük bir kütləni ətrafında toplamağı bacarıb...

- Siz heç futbol yarışından sonra, tamaşadan sonra keçirdiyiniz emosiyanın küçədə də uzun müddət davam etdiyini görmüsünüzmü? Bu mümkün deyil. Belə pafoslu çıxışlara reaksiya anlıq olur. Düzdür, siyasət bir az pafosu sevir, lakin bir az. Mənim türkiyəli dostum İsmət Sezgin demişdi ki, siyasətdə yalan danışa bilərsən, lakin gərək yalançı olmayasan. Dərin baxsaq görərik ki, pafosla danışan adamlar cari işlərlə məşğuldur.
 
"Alan da razı, verən də razı. Kimə nə?"
 
- Bu yaxınlarda eks-deputat Hüseynbala Mirələmovun qeyri-etik görüntüləri və ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi yazışmaları gündəm oldu. Sizcə insanları arxalarınca çağıran siyasi fiqurlar, ictimai şəxslər əxlaq və davranışları ilə xalqa örnək olmalı deyillərmi? 
 

- Mən bu cür görüntülərin yayılmasının tərəfdarı deyiləm. Heç kimin şəxsi həyatı onun icazəsi olmadan ictimailəşdirilə bilməz. Heç kimə də necə yaşamağı tövsiyə etmək olmaz. Hər kəs yaşam tərzini özü seçir - doğru və yalnışlarla. Parlamentə başqasının səsi hesabına gedib orada oturanlar, sizin, mənim cibimdən rüşvət alanlar necə insanları arxası ilə apara bilirsə, Hüseynbala Mirələmov da insanları o cür arxası ilə apara bilər. Biz əxlaq anlayışını şəxsi həyatla çox kiçikləşdirmişik. Əxlaq şəxsi həyat deyil. Heç kim hollandlara, ruslara deyə bilməz ki, siz tərbiyəsiz xalqsınız, biz sizdən tərbiyəliyik. Hər xalqın, hər insanın yaşam tərzi var. Əxlaqsızlıq başqasının səsini oğurlamaqdır, yalan danışmaqdır. Bizim cəmiyyət məişət təfəkküründən çıxa bilmir. Xalqın səsini oğrulayan adamı xalq məclis başına keçirib millət vəkili deyir, şəxsi həyatında hansısa yalnışa yol verənə çəpəki baxıb, "ayıb olsun” deyir. Halbuki bu, ayıb deyilən şey iki adam arasında olur, lakin bütövlükdə cəmiyyətə ziyan verən adamlar belə görüntüləri ictimailəşdirib, təlqin edirlər. Bizim əxlaq dəyərlərimiz kiminsə yaşam tərzi deyil. Bir kişi qadınla münasibət yaşayırsa, bundan kimə nə? Alan da razı, verən də razı. Kimə nə? Mən o yayılan görüntülərdə zorakılıq, qadın hüquqlarının tapdanmasını görsəydim, etiraz edərdim. Lakin görüntülərdə belə bir şey yoxdur. Mən bütün bunların fonunda qeyd etmək istəyirəm ki, məsələni fərdiləşdirməyin tərəfdarı deyiləm.

 
 
"Dünya yaranandan fahişəlik kimi cinsi azlıq anlayışı da var və bunun qarşısını almaq olmaz"
 
- Qonağı olduğunuz verilişlərdən birində demişdiniz ki, hakimiyyətə gəlsəniz, sosial tələbat olacağı təqdirdə LGBT üzvlərinin hüquqlarını tanıya bilərsiniz. Necə düşünürsünüz, Azərbaycanda bu cərəyan genişlənib, yayıla bilərmi?

- Cinsindən, həyat tərzindən asılı olmayaraq insanların hüquqlarını kimsə məhdudlaşdıra bilməz. Bu gün Azərbaycanda 1 qram narkotik daşıyan şəxs cinayət məsuliyyəti daşımadığı halda 1.1 qram narkotik daşıyan şəxs cinayət məsuliyyətinə cəlb olunur. İstəsək də, istəməsək də bu cür adamlar var. Ona görə də qanunla müəyyənləşdirilməlidir ki, narkotika çəkən şəxslər qeydiyyatdan keçib, vəsiqə alsın. Lakin bizdə belə qanun yoxdur ona görə həmin aludəçilər gedib hansısa qızla evlənir, toydan əvvəl nəsə demir və sonra da qız bədbəxt olur. Lakin vəsiqə olsa, hamı bilər ki, kim narkomandır. İndi siz deyin, Azərbaycanda cinsi azlıqlar yoxdurmu? Təbii ki, var - küçələrdə, axşamlar parklarda görürük. Polis gündə onların birini tutsun, həbs etsin, axı bu düzgün deyil. Belə vəziyyət də sonradan korrupsiyaya yol açır. Dediyim odur ki, belə insanların hüququ tanınsın. Dünya yaranandan fahişəlik kimi cinsi azlıq anlayışı da var və bunun qarşısını almaq olmaz. Qanunla qeydiyyat olsa, hamı bilər ki, kim kimdir.
 
- İqbal bəy, feministlərə münasibətiniz necədir? Ölkəmizdə feminizm anlayışı oturuşubmu? Qeyd edək ki, həmkarlarınızdan Sərdar Cəlaloğlu zaman-zaman feministləri sərt şəkildə tənqid edib. Siz necə düşünürsünüz?

- Azərbaycanda qadın hüquqları kişilərin hüquqlarından daha çox pozulur, bu aşkar məsələdir. Lakin bizim qadınlar feminizm hərəkatının özünü də doğru anlamır. Feminizm gender bərabərliyidir. Əgər Allahın sənə verdiyi təbii gözəlllikləri nümayiş etdirib kişi qarşısına çıxırsansa, sən feminist ola bilməzsən. Qadın olaraq sən gözəlliyini kişiyə nümayiş etdirdiyin an feminizm dəyərlərini pozursan.
 
- Onda belə düşünürsünüz ki, feminist qadınlar, diqqət çəkən geyimlər geyinməsin, makiyaj etməsin, kişilərə bənzəsinlər?

- Xeyr, mən belə demirəm. Sadəcə olaraq, Allah qadınların saçına, dodağına, ayaqlarına kimi gözəllik verib və bu kişilərdə yoxdur. Lakin qadınlar bu gözəllikləri kişiyə ciddi cəhdlə nümayiş etdirməyə çalışır. Feminizmdə isə belə anlayış yoxdur. Əgər sən bu gözəllikləri kişiyə nümayiş etdirirsənsə demək ki, sən qadın olduğunu, ayrı cinsdən, fərqli olduğunu özün etiraf edirsən.
 
- Bir neçə gün əvvəl namazla bağlı söylədiyiniz fikirlər gündəm oldu. Belə anladıq ki, namazı şəxsi istəyinizə uyğun qılırsınız. Sizcə, din şəxsi istəklər üzərində qurularsa, dində hansı qaydalar toplusundan və nizam-intizamdan söhbət gedə bilər?

- Mənim inamımın şeyxi, axundu ola bilməz. Allahla mənim aramda olanların kiməsə aidiyyatı yoxdur. Heç bir müsəlman, Quran oxuyan şəxs deyə bilməz ki, hansı namaz necə qılınır. Namazın qılınması sonradan hədislərlə təriqətlərə uyğun formalaşıb. Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişəm və Quranı tərcümə edən Vasif Məmmədilyevin tələbəsi olmuşam. Bu baxımdan mənim din anlayışım və din biliklərim möhkəmdir. Mən müsəlamanam, kimsə inkir-minkir olmasın.

"Mənim xəritəmdə Rauf Arifoğlu adlı adam yoxdur..."

- Seçki ərəfəsində keçmiş dostunuz Rauf Arifoğlu ilə rəqib oldunuz. Seçki kampaniyası müddətində bir-birinizə qarşı ittihamlar da irəli sürdünüz. Maraqlıdır, seçkilərdən sonra Rauf Arifoğlu ilə görüşmüsünüzmü, münasibətləriniz necədir?

- Mən Rauf Arifoğlu ilə rəqib olmamışam, namizədliyimi verdikdən sonra o da eyni dairədən namizədliyini irəli sürüb, mənə rəqib olub. Mən ona qarşı seçki kampaniyası müddətində heç nə demədim, bütün bu müddət ərzində susmuşam. Hər insanın xəritəsi olur, mənim xəritəmdə Rauf Arifoğlu adlı adam yoxdur. Ona görə yox ki, o mənə rəqib olub. Ona görə ki, o dəyərləri pozub. İlk dəfədir ki, bu mövzuya toxunacam. İnsan gərək yalançı olmasın. 2019-cu il dekabr ayının 19-u mən onun kabinetində kofe içmişəm. Onda Rauf Arifoğluya seçkilərə qatılmağı ilə bağlı sual verdim. O da dedi ki, əgər mənə yuxarıdan deməsələr, seçkilərə getməyəcəm. 3 gün sonra isə o gəlib, mənim namizəd olduğum dairədən namizədliyini irəli sürdü, deməli bu, tapşırıq idi. Onun namizədliyi ilə bağlı xəbəri mənə zənglə bildirdilər. Açığı əvvəlcə inanmadım, amma dedilər ki, qardaşı ilə gəlib və hazırda seçki məntəqəsindədir. Bundan sonra ortaq dostumuz Pənah Hüseynin təşəbbüsü ilə onun evində görüşdük. Pənah Hüseyn istəyirdi ki, aramızda gərginlik olmasın, lakin bu mümkün deyildi. Bundan sonra Rauf Arifoğlu durub dedi ki, dostum İqbal Ağazadənin dairəsindən namizədliyimi irəli sürmüşəm. Axı biz bu hadisədən sonra dost deyildik, bu ağ yalandır.

 
- Yəni, deyirsiniz ki, Rauf Arifoğlu tapşırıq əsasında seçkilərə qatıldı?

- Bəli, tapşırıq olmasa o seçkilərə qatılmayacaqdı.  

"Atam dünyasını dəyişəndə yas yerinə gələnlər təəccüb edirdi ki..." 

- İqbal Ağazadəni çoxu zəngin hesab edir. Müxalifət liderinin maddi imkanlarının yetərli olması isə birmənalı qarşılanmır. İqbal bəy doğurdanmı zəngindir? Əgər belədirsə, bu hansı mənbələr hesabınadır?

- Siyasətçi muzdur deyil, insanlar gərək Sovet təfəkküründən imtina etsinlər. Siyasətdə də muzdur övladı olmağa görə vəsiqə paylamırlar. Dönək ətrafa baxaq. Varı-dövləti olmayan şəxs siyasətdə uğur qazana bilmir. Sevinək ki, İqbal Ağazadənin həm pulu var, həm də demokratik cəmiyyət uğrunda mübarizə aparıb istəyir ki, insanlar yaxşı dolansın. Kim məni nə qədər varlı hesab edirsə, etsin. Bəli, mənim normal şəraitim, imkanım var. Hətta mənim atam dünyasını dəyişəndə yas yerinə gələnlər təəccüb edirdi ki, bu cür var-dövlətə sahib biri necə müxalifətçi ola bilər? Mənim müxalifliyim vara-dövlətə görə deyil, mən istəyirəm hər kəs yaxşı yaşasın. Milli Məclisə 2002-ci ildə "Mercedes" avtomobili ilə gedirdim. Mən at arabası ilə parlamentə gedib, oradan "Mercedes"-lə çıxmamışam. Mən hələ universitetə gedəndə şəxsi sürücüm, mühafizəm var idi. Var-dövlətimi siyasətlə qazanmamışam.
 
Söhbətləşdi: Əzizə Zeynal
Fotolar: Səbuhi Elnur

 

  

OXŞAR XƏBƏRLƏR