Qubad İbadoğludan “böhran masası” təklifi – “İşsizlik və yoxsulluq kütləviləşir...”

Qubad İbadoğludan “böhran masası” təklifi – “İşsizlik və yoxsulluq kütləviləşir...”
"Cari ilin birinci rübünun başa çatmasından 13 gün ötsə də, sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndirilmir. Belə olanda da həlli vacib sosial problemlər artır, əhalinin güzəranı  daha da çətinləşir, istehlak qiymətləri sürətlə bahalaşır”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bir ildən çoxdur ki, orta aylıq əmək haqqı davamlı olaraq azalır:

"Son zamanlar bəzi dövlət və özəl şirkətlərdə maaşlar ödənilmir, işzislik və yoxsulluq kütləviləşir. Pandemiyanın neqativ təsirlərindən və məhdudiyyətlərindən əziyyət çəkən kiçik və orta biznes əsassız cərimələr və büdcəyə əlavə ödənişlərlə yüklənərək çıxılmaz duruma salınır.  Beləliklə də ölkədə iqtisadi həyat sönür, işgüzar fəallıq passivliklə əvəz olunur,  iqtisadiyyatda böhran müşahidə olunur və real sektor üzrə tənəzzül dərinləşir.
 
 
Azərbaycanda rəsmi məlumatlara görə, bu ilin 2 ayında sığorta bazarı 15,8 faiz, bankların  xalis mənfəəti  25,3 faiz, banklarda  depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, xarici ticarət dövriyyəsi 12,7 faiz, sənaye istehsalı 4 faiz, ÜDM istehsalı 3,2 faiz azalıb. Hətta  pandemiya dövründə əksər ölkələrdə pozitiv dinamikaya malik olan informasiya və rabitə xidmətləri  Azərbaycanda ilin ilk 2 ayında  4,5 faiz aşağı düşüb”.
 
Ekspert qeyd edib ki, ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirləri 43 faiz, əhalinin nominal gəlirləri 4 faizdən çox azalıb: "İş adamlarının, istehlakçıların rəylərindən məlum olur ki, bu il ötən illə müqayisədə xeyli pis başlayıb və belə davam edərsə iqtisadiyyat daha da acınacaqlı duruma düşə bilər. Odur ki, iqtisadiyyatın mövcud durumunun və onun hazırkı sosial nəticələrinin "böhran masası"nda müzakirəsini təklif edirəm”.

Günay  

OXŞAR XƏBƏRLƏR