“Qrup seks ittihamı, yəhudilərlə işbirliyi...” – Molotov arvadını Stalinin qəzəbindən niyə qoruya bilməyib?
13:05 / 22.10.2021
2117
Sfera.az Vyaçeslav Molotovun həyat yoldaşı, SSRİ-nin qadın naziri Polina Jemçujinanın kədərli həyat hekayəsini təqdim edir.
Sovet
dövründə yüksək vəzifələrdə çalışan qadınların sayı təxmin edildiyi qədər çox olmayıb.
Xüsusilə, İosif Stalin nazir, komitə sədri,
Mərkəzi Komitədə şöbə müdiri, katib kimi vəzifələrə qadın məmurları nadir
hallarda təyin edib. Onlardan biri də Polina Jemçujina olub. Bəzi
araşdırmaçıların qənaətinə görə, Polina Jemçujinanın vəzifəyə təyinatında həyat
yoldaşı Vyaçeslav Molotovun böyük rolu olub.
Amma
Molotov sonralar yazdığı memuarlarında bu qənaəti təkzib edib:
"Polina Jemçujinanı nazir vəzifəsinə Stalin özü təyin
etmişdi. Mən həyat yoldaşımın nazir işləməsinin əleyhinə idim. Polina yeganə
qadın idi ki, sırf təsərrüfatla bağlı olan bir quruma rəhbərlik edirdi. Bu işin
nə qədər ağır olduğunu yaxşı
anlayırdım...”
Yəhudi əsilli Polina Jemçujina 1897-ci ildə Ukraynada
dərzi ailəsində anadan olub. İlk əmək fəaliyyətinə tütün kombinatından başlayıb, daha sonra aptekdə
kassir işləyib. Oktyabr inqilabından sonra bacısı və qardaşı xaricə mühacirət
etsə də, Polina Jemçujina Ukraynadan getməyib. O, bolşevik hərəkatının fəal
üzvlərindən biri olaraq Zaporojye Partiya Komitəsində şəbə müdiri vəzifəsinə təyinat
alıb. Amma siyasətçi xanımı bir şəhər çərçivəsində fəaliyyət göstərmək qane etməyib.
Ən əsası isə o, ali təhsil alması haqqında düşünüb.
1921-ci ildə Moskvaya köçən Jemçujina elə həmin il
Vyaçeslav Molotovla ailə həyatı qurub. Plexanov adına Moskva Xalq Təsərrüfatı
İnstutunda ali təhsil alıb.
İnsanlarla tez ünsiyyət qurmağı, şən və nikbin
olmağı ilə ətrafdakıları özünə cəlb etməyi bacaran Jemçujina qısa bir müddətdə Molotovun
dairəsindəki dövlət məmurları ilə münasibətlər qurub. O, Stalinin həyat yoldaşı
Nadejda Alliluyeva ilə yaxın rəfiqə olub.
Bununla
da vəzifə
karyerasının qapıları Jemçujinanın üzünə taybatay açılıb. Bir müddət "Novaya
zarya” parfyum fabrikinin direktoru işlədikdən sonra o, SSRİ Qida Sənayesi
Komissarlığında (nazirliyində) baş idarə rəisi, daha sonra isə nazir müavini vəzifəsinə
təyin edilib.
1939-cu ildə SSRİ Balıq Sənayesi Nazirliyi
yaradılanda Polina Jemçujina bu qurumda nazir vəzifəsinə təyinat alıb.
Polina Jemçujina həyat yoldaşı Vyaçeslav Molotovdan
fərqli olaraq zəngin həyat tərzinə üstünlük verib. Məhz onun təkidləri sayəsində
ailə Kremldəki üşotaqlı mənzildən "Leninskie qorı”da hökumət işçiləri üçün
tikilmiş binada bütöv bir mərtəbəni götürüb. Rəsmi və qeyri-rəsmi ziyafətlərdə
Jemçujina geyimi və zinət əşyaları ilə hamıdan fərqlənib.
Yüksək
ranqlı dövlət məmurları Molotovun evinə daha tez-tez məclislərə yığışıblar.
Çünki Jemçujinanın açdığı süfrə qara və qırmızı kürü, xarici içkilər, çoxları
üçün əlçatmaz sayılan balıq çeşidləri və digər təamlarla həmişə zəngin olub.
Jemçujinanın
Amerikada yaşayan bacı və qardaşının göndərdiyi geyimlər, ev əşyaları, məişət
texnikaları çoxlarını təəccübləndirib.
Moskvanın
ən prestijli restoranlarında tez-tez görünən Jemçujina həmişə diqqət mərkəzində
olub. Stalinin həyat yoldaşı Nadejda Alliluyeva ilə rəfiqə olması isə onu daha
da güvənli edib. Bütün bunlardan Stalinin də xəbəri olub. Zaman-zaman öz həyat
yoldaşınını ictimai-siyasi fəaliyyətindən şübhələnən Stalin günahı Jemçujinada
görüb, Nadejda Alliluyevanın siyasi baxışlarının dəyişməsində onu günahkar
sayıb.
Bütün bu
hadisələrin baş verdiyi vaxtda dövlət təhlükəsizliyi naziri Viktor Abakumovun
Jemçujinanın fəaliyyəti ilə bağlı Stalinə məruzələri sovet liderini daha da
qıcıqlandırıb. Belə ki, daxil olan məlumatlarda Jemçujinanın yəhudi təşkilatları
ilə əlaqələri, xarici xidmət orqanlarına işləməsi, Amerikada yaşayan bacı və
qardaşına müəyyən informasiyalar ötürməsi öz əksini tapıb.
Nəhayət,
Polina Jemçujinanın məsələsi Siyasi büroda müzakirəyə çıxarılıb. Stalin onun
bütün fəaliyyətini büro üzvləri qarşısında açıqlayıb. Hətta sovet lideri Polina
Jemçujinanın dəfələrlə qrup şəkildə sekslə məşğul olduğunu da bildirib.
Molotovu çıxmaq şərtilə bütün büro üzvləri Jemçujinanın tutduğu vəzifələrdən və
partiya sıralarından çıxarılmasına səs verib.
Bu
iclasdan bir ay sonra, 1949-cu ildə Polina Jemçujina həbs edilib və 5 il müddətinə
Qazaxstana sürgünə göndərilib. Molotov öz həyat yoldaşını müdafiə etmək gücündə
olmayıb. Stalinin ən yaxın silahdaşlarından biri olmasına baxmayaraq, o, məsələyə
müdaxilə etməyin mənasız olduğunu yaxşı anlayıb. Digər tərəfdən 1950-ci ilin əvvələrindən
başlayaraq Stalinin öz ətrafına, Beriya, Malenkov, Xruşov, Mikoyan və o cümlədən
Molotova qarşı sərt və tənqidi yanaşması da Jemçujinanın xilasını mümkünsüz
edib.
Stalinin
vəfatınından sonra, elə dəfn mərasimində Beriya ilə yanaşı dayanan Molotov həyat
yoldaşının sürgündən azad olunmasını ondan xahiş edib. Hələ səlahiyyətlərini
itirməyən Beriya Molotovun xahişini qəbul edərək Polina Jemçujinanın azad
olunması üçün göstəriş verib. Jemçujinaya bəraət verilərək onu yenidən partiya
sıralarına qəbul ediblər.
Həbsinə
Stalinin hökm verməsinə baxmayaraq Polina Jemçujina ömrünün sonuna qədər onun
haqqında ən yüksək fikirlər söyləyib, Stalini
nəhəng siyasətçi adlandırıb və əsl stalinçi kimi tanınıb. Hətta Stalinin qızı hələ
SSRİ-də olarkən onunla tez-tez görüşüb.
Azadlığa
çıxdıqdan sonra yenidən ailəsinə qovuşan Jemçujina həyat yoldaşı Molotovu onu
müdafiə edə bilmədiyinə görə qınamayıb, bildirib ki, repressiya illərində
ayrılsaydılar, bəlkə də Molotov Stalinin gözündə hörmətdən düşməzdi.
Polina Jemçujina
1970-ci ildə vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Həyat yoldaşından 16 il sonra vəfat edən Molotov ölümündən əvvəl Polina
Jemçujinanın yanında dəfn olunmasını vəsiyyət edib.
Sfera.az