Qrup hərəkətləri komandamız finalda

Qrup hərəkətləri komandamız finalda
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda qrup hərəkətləri komandaları arasında 3 halqa və 2 cüt gürzlə yarışın finalçıları müəyyənləşib.
 
Sfera.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təsnifat mərhələsində 38,850 xalla dördüncü olub və finala vəsiqə qazanıb.

Azərbaycan komandası ilə yanaşı, Bolqarıstan, İtaliya, Belarus, Türkiyə, Ukrayna, İsrail və Braziliya kollektivləri finalda medallar uğrunda yarışacaqlar.

Komandamız 5 topla yarışlarda da turnirin finalına yüksəlib. Final mərhələsi mayın 9-da təşkil olunacaq.

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” kuboku təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR