“Qızlar buna görə mənimlə evlənmirlər” - Foto+Video

“Qızlar buna görə mənimlə evlənmirlər” - Foto+Video
Çəkilişi evində etmək istəyirik, razılaşmır. 

Dediyinə görə, illərdir qonşuları onun hansı peşə ilə məşğul olduğunu bilmir. Elə atası da uzun müddət bu barədə xəbərsiz olub. 

Razılaşırıq, müsahibə üçün vaxt və alternativ məkan danışıb  üz tuturuq qəhrəmanımızın görüşünə. 

Qarşılaşdığımız zaman obrazda olduğu üçün səsi, görünüşü, yerişi belə bizə tam fərqli gəlir. Günlərdir telefonla danışdığımız adamdan əsər-əlamət yoxdur. Bir müddət çaşqınlıqla hər hərəkətini izləyirik. Budur, işi bitir və bizdən qısa bir vaxt istəyib əynini dəyişmək üçün otağa gedir.

Aha, bu dəfə də tam başqa bir obrazda, səsdə qayıdır. İndi gəl, buna öyrəş.

Müsahibim hardasa 15-20 dəqiqədir ki, danışırdı. Özünü çox aydın ifadə etdiyi üçün arada qısa suallar verməklə kifayətlənib qalan müddəti maraqla dinləyirdim. Ancaq birdən fikir verdim ki, bu müddət ərzində bir dəfə də olsun onun peşəsinin adını çəkməmişik. Elə hey bu sənət deyə bəhs edirik. Bunu ona deyirəm, gülürük. Özünü səliqəyə salıb sözünə yenidən başlayır:


"Mən, Ağa Piriyev. Ancaq sizin tanıdığınız obrazla desək, Aquşa. Artıq 11 ildir ki, bu sənətlə (bu dəfə zarafat üçün belə deyir, yenə gülürük) üzr istəyirəm, çaşdım, kloun peşəsi ilə məşğulam. Uşaq yaşlarımdan güldürməyi sevən biri olmuşam. Rusiyada yaşamışıq. Məktəbdə oxuduğum zamanlarda da deyib-gülən idim, kampaniyaların ruhu olan insanlar var ha? Bax o insan mən olmuşam. Bakıya köçəndən sonra qohumumuzun ad günü məclisindəki klounla maraqlanmağa başladım, o da məni köməkçi kimi dəvət etdi. Maraqlı gəldiyi üçün elə onunla birgə başlamaq qərarına gəldim. Onda maşın bazarında çalışırdım, həmçinin Milli Aviasiya Akademiyasının birinci kursunu bitirmişdim. 

- Dediniz ki, hələ birinci kursda oxuyurdunuz. Ancaq görünür ki, tam başqa sahələrə marağınız olub. Ali məktəbə istəmədən qəbul olmuşduz?

- Uşaqlıqdan İncəsənət Universitetində oxumaq, aktyor olmaq istəyirdim. Mənim bu arzuma qohumlarımız güldü. Dedilər ki, bizim nəslimizdən mütrif çıxmayıb. Tək qaldım, arxamda duran olmadı. Heç kim mənim arzumu ciddi qəbul etmədi. Odur ki, mən də Milli Aviasiya Akademiyasına sənədlərimi verdim və qəbul oldum. 

- Bəs sonradan kloun kimi fəaliyyət göstərəndə qohumlarınızın, xüsusilə də atanızın reaksiyası necə oldu?

- Heç kimə deməmişdim. Bircə anam bilirdi, o da elə də ciddi qəbul etmirdi. Düşünürdü ki, keçici həvəsdir və əsgərlikdən sonra oxuduğum sahə üzrə çalışacam. Ancaq sonradan o da gördü ki, mən bu sənətlə nəfəs alıram. Bu, mənim işimdir. Atam isə 7-8 il bilməyib. Qorxurdum ki, reaksiyası sərt olar və bizim aramızda söz-söhbət yaranar. 


Sonradan da mən deməmişəm. Qohumlarımız yutub kanalımdakı videoları ona göstərib və elə bilib. Bir az gülümsədi sadəcə, heç bir söz demədi. Bugünkü gündə də "oğlun nə işlə məşğuldur?” sualına "təşkilatçıdır” cavabını verir. Kişi köhnələrdəndir və mənim gördüyüm işi ciddi qəbul etmir. Bizim mentalitetimizə görə, kloun sənəti kişiyə yaraşmır. Qəbul etməyən adam çoxdur. Məni görəndə deyirlər "gör neçə yaşın var, get özünə sənət tap!”. Nə deyə bilərəm, yazıq insanlardır. 

Bu sənət orta əsrlərdən qalıb. Sarayda kralın yanında fəaliyyət göstərən təlxəklər idarəetmədə əsas adamlardan olub. Çünki həyata başqa prizmadan baxırdılar.

- Bəs kloun sənətini sizə bu qədər sevdirən nədir?

- İnsanlara təbəssüm bəxş edəndə dünya mənim olur. İnanın ki, nə pul, nə başqa bir şey bu qədər dəyərli ola bilər. İnsan pozitiv, alturist olmalıdır. Düşünürəm ki, bu mənim missiyamdır.

Əgər biz bu mentalitetlə getsəydik, bizim teatrlarımız inkişaf etməzdi, gözəl aktyorlarımız olmazdı. İnsanları güldürməkdən heç vaxt bezmərəm, yorulmaram. Əgər bilsəm ki, 10 nəfərdən ikisi güləcək, bu, böyük müvəffəqiyyətdir. Onsuz da bu dünyada müvəqqəti yaşayırıq, heç olmasa bir-birimizə dəstək olaq, sevindirək. İnsanlarımız hardasa qaranlığın içində yaşayır.


- Sizinlə bir gün keçirdik və gördük ki, dəvət olunduğunuz tədbirlərlə yanaşı küçədə qarşınıza keçən insanları da əyləndirməyi sevirsiz. Bu, sizin həyat tərziniz kimidir. Bəs sərt reaksiyalar gələn zaman çəkinmirsiz?

- Bəli, çox vaxt yol gedərkən maşından insanları səsləyirəm. Hər kəs bir cür reaksiya verir. Artıq 70% insandan normal reaksiya alıramsa, 30%-lik kəsim qəbul edə bilmir. Nəsə sıxılırlar, qorxurlar sevinməyə, müsbət reaksiya verməyə. Bizim insanlarımız çox komplekslidir. 

Çətinliklər çox olur. Hər insanın öz psixologiyası var. Ona görə də kloun hardasa psixoloq olmalıdır. Əvvəlcə yüngül zarafatla qarşındakı insanın reaksiyasını yoxlamalısan. Sərt reaksiya verdisə, risk eləmək lazım deyil. Onlar çox güman hansısa səbəblərdən uşaqlıqdan travma alıblar. Böyüdükcə cəmiyyətdə bu, özünü göstərir. Heç kimin xətrinə dəymək istəmirəm. Kimsə sərt reaksiya verirsə, arxasınca getmirəm.

Söyüş söyənlər də var. Ancaq onları da qınamaq olmur. Həmkarlarım, bəzi klounlar bu sənətə çox primitiv yanaşır. Bizi görən insanlar elə bilir, hamı eynidir. Düşünürlər ki, bu "bambılı” yenə gəlib. Nəsə yaman qapaz qoymaq, sillə vurmaq istəyirlər. Ancaq özümüzü düzgün formada təqdim etdiyimiz zaman görürlər ki, yox, elə deyil. Bizim işimiz adamları məsxərəyə qoymaq, kimisə biabır etmək deyil, güldürməkdir. 



- Ali təhsillisiniz, dörd dil bilirsiniz, kifayət qədər ölkələrdə səfərdə olmusuz. Bəs savadına, dünyagörüşünə görə sizdən aşağı şəxslər sizi təhqir etdikdə özünüzü necə cilovlaya bilirsiz? Bunu hər insan götürə bilmir.

- Elə insanlara sadəcə yazığım gəlir. 

- Bəs bu sahədə qazanc necədir? Videolarınızın çoxunu maşında çəkirsiz, şərhlərə fikir verdim, bu səbəbdən yaxşı qazandığınızı deyənlər var.

- Qazanc olanda olur, ancaq bu, daimi iş deyil. Elə həftə olur hər gün çağırılırıq, elədə olur ki, həftələrlə müraciət olmur. Ona görə də, artıq ikinci bir işdə çalışmaq haqda da düşünürəm. Maşın isə müdirindir (gülür). Əslində insanın özündən də çox şey asılıdır, işə necə yanaşsa onun da bəhrəsini görəcək. Çalışıram uşaq evlərinə tez-tez gedim. Qazancı elə də düşünmürəm, onların sevinci mənə ən böyük uğurdur. Aksesuarlar, qrim, paltar, parik bunların hamısını Rusiyadan sifarişlə gətizdiririk.

- Dediniz ki, qonşularınız peşənizin nə olduğunu bilmir. Bəs hazırlaşıb evdən çıxanda sizi görmürlər? Yəqin ki, uşaqlara çox maraqlı gələr.

- Demək olar ki, evdən hazırlaşıb çıxmamışam. Bibimgildə əynimi dəyişirəm. İstəmirəm qonşularımız, məhəlləmizdəkilər bilsin ki, mən klounam. Düzdür, məndə bununla bağlı heç bir kompleks yoxdur, utanmıram da. Ancaq nəsə bilmələrini istəmirəm. Yaxşı yoldaşlarım var, fəxr edirlər ki, azdan-çoxdan tanınıram və uğurlarıma sevinirlər.


 İndiyə kimi müsahiblərimin çoxu şəxsi həyatla bağlı suallardan yayınmağa çalışıb. Ancaq Ağanın ürəyi elə bu mövzuda yaman dolu imiş. Odur ki, mənim unutmağıma rəğmən yaşını və evliliklə bağlı sualları mənə xatırladır, daha sonra gülüb elə özü də cavablandırır:

- Məndən tez-tez soruşurlar ki, 30 yaşım var, niyə evlənmirəm? Bu, mənim üçün ən ağır mövzudur. Ölkəmizdə çox xanım həyat yoldaşının kloun olmasını istəmir. Tanış olduğum xanımların əksəriyyəti sırf sənətimə görə mənə "yox” cavabı verib. Onlar mənim dövlət işində çalışmağımı istəyirlər. Bu səbəbdən 3-4 dəfə münasibətim alınmayıb. Təəssüf ki, insanlarımız başqasının fikri ilə oturub-durur. Qıraqdan nə deyərlər, necə baxarlar fikirləri ilə yaşayırlar. Mən də elə insanlardan qaçıram.

- Bəs bu düşüncələr sizi sevimli sənətinizdən uzaqlaşdıra bilər?

- Artıq bir neçə planım var, öz üzərimdə işləyib başqa sahələrdə də özümü sınayacam. Ancaq düşünürəm ki, müvəqqəti də olsa, bu sahəylə məşğul olaram. Çünki az da olsa, dünyagörüşlü, pozitiv insanların sayında artım var. Elə onlar mənə dəstək olur. Bu da bizi sevindirir.  

Və budur, zəng gəlir və Ağa Aquşa obrazına hazırlaşmağa başlayır: "Myaaaau, miyaaauu”

Səsimi tənzimləyirəm ki, obraza girim: "Mən bu şəhərin qəhrəmanıyam, hamınızı xilas edəcəm”."Qafqazinfo” 



OXŞAR XƏBƏRLƏR

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...