No Image
No Image

Qeyri-neft mallarının ixracı 3 illik artımdan sonra yenidən azalıb - TƏHLİL

Qeyri-neft mallarının ixracı 3 illik artımdan sonra yenidən azalıb - TƏHLİL

2020-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ötən il 1 milyard 851 milyon dollar dəyərində qeyri-neft malları satılıb ki, bu da 2019-cu ikdəki göstəricidən 103 milyon dollar və ya 5,27 faiz azdır.


Qeyri-neft mallarının ixracının azalmasına baxmayaraq onun ümumi ixracda payı artıb. Çünki neft-qaz sektoru üzrə ixrac 5,8 milyard dollar, yəni 33 faiz azalıb. Bu azalmanın sayəsində ümumi ixracda qeyri-neft mallarının payı 9,95 faizdən 13,4 faizə yüksəlib.

 

2020-ci ildə qeyri-neft ixracının azalmasının əsas səbəbi pandemiya olub. Pandemiya xüsusən qeyri-ərzaq mallarına olan tələbi zəiflətdiyindən mal dövriyyəsi kiçilib. Bunun sayəsində Azərbaycandan ixrac da azalıb.


Sfera.az xatırladır ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında rekord göstərici qeydə alınmışdı. 2019-cu ildə ölkəmizdən 1 milyard 954 milyon dollarlıq qeyri-neft malları ixrac edilib ki, bu da 2012-ci ildə qeydə alınan rekord göstəricidən yüksəkdir. 2012-ci ildə qeyri-neft ixracının həcmi 1,933 milyard dollar təşkil etmişdi.

 

Azərbaycanda son illərdə dərinləşən islahatlar, qeyri-neft sektoruna verilən dəstək, ixracın təşviq edilməsi özünü ixrac həcminin artmasında göstərir. 2014-cü ildən sonra yaranmış əlverişsiz xarici vəziyyət Azərbaycanın ümumi ixracı ilə yanaşı qeyri-neft ixracının da azalmasına səbəb olmuşdu. Qeyri-neft ixracı 2014-cü ildə 1,632 milyard dollardan 2015-ci ildə 1,498 milyard dollara, 2016-cı ildə isə 1,16 milyard dollara geriləmişdi. 2016-cı ildə qeydə alınan nəticə son illərin ən pis göstəricisi idi. Qeyri-neft sektorunda aparılan islahatlar, eyni zamanda xarici iqtisadi vəziyyətin getdikcə əlverişli olması qeyri-neft ixracının artmasına imkan verdi. Bununla əlaqədar olaraq qeyri-neft ixracı 2017-ci ildə 1,473 milyard dollara, 2018-ci ildə 1,617 milyard dollara yüksəldi.

 

Azərbaycandan qeyri-neft ixracının artması üçün imkanlar böyükdür. Verilən sifarişlər göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarına xarici bazarlarda tələb yüksəlir. Ölkəmizdə istehsal edilən məhsulların xaricdə tanıdılması, marketinq tədbirlərinin həyata keçirilməsi ixrac imkanlarının artırılmasına kömək edir.


Proqnozlara əsasən pandemiya aradan qalxdıqdan və neftin qiyməti 50-60 dollar səviyyəsinə yüksəldikdən sonra 2021-ci ildə qeyri-neft mallarının ixracında yeni rekord müəyyənləşə bilər. Hökumətin müəyyənləşdirdiyi hədəflərə əsasən qeyri-neft məhsullarının ixracı 2023-cü ildə 3,3 milyard dolları, 2025-ci ildə 4,5 milyard dolları ötməlidir. Bu hədəflərə çatmaq üçün qeyri-neft mallarının ixracının hər il orta hesabla 10-15 faiz intervalında artması vacibdir.

 

 

 

Vasif

Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"

Bu gün "Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin təqdimatı keçirilib. Sfera.az  xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov...

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 69,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəri...

Artan neft qiymətləri ölkədə hansı müsbət dəyişikliklərə səbəb olacaq? - Manat güclənir, gəlirlər çoxalır...

Neft qiymətlərinin son 3 aylıq dövrdəki inkişaf dinamikası Azərbaycan üçün əlverişlidir.  Sfera.az bildirir ki neftin orta qiyməti 60-70 dollar inter...

Azər Türk Bank kredit faizlərini endirdi

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrəbaşladığı kampaniyanı yeni və daha sə...

Dollar almaq istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, martın 9-da olan rə...

Azərbaycan AB-dən idxalı artırdı

2021-ci ilin yanvarında Avropa İttifaqından (Aİ) Azərbaycana məhsul idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 180,35 milyon dollar təşkil edi...