Qərb Rusiyaya inam olmayacağını anladı - Ukrayna yenidən “nüvə klubu”na üzv edilir?

Qərb Rusiyaya inam olmayacağını anladı - Ukrayna yenidən “nüvə klubu”na üzv edilir?
"Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib ki, Qərb ölkələri Ukraynaya nüvə statusunun qaytarılması barədə düşünməlidir. Böyük ehtimalla Kiyev səfirinin açıqlaması vasitəsilə Qərb ölkələrinin nəbzini yoxlayır”.
 
Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq xatırladıb ki, Ukrayna nüvə silahından SSRİ dağıldıqdan 3 il sonra - 1994-cü ildə imtina edib: 

"Qərb düşünürdü ki, SSRİ dağıldıqdan sonra təhlükəsizlik baxımından nüvə silahı keçmiş respublikalardan yalnız Rusiyada olmalıdır. ABŞ, Britaniya və Rusiya Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət vermişdi. 

Rusiya zəmanətin üstündən xətt çəkərək 2014-cü ildə Krımı ilhaq etdi. Krımın ilhaqı göstərdi ki, Rusiyanın zəmanətinə aldanmaq lazım deyildi. Nə Kiyev, nə də Vaşinqton uzaqgörən oldular. Ukrayna nüvə silahından imtina etməsəydi, Rusiya Krımın ilhaqına risk etməzdi”.

E.Şahinoğlu qeyd edib ki, Ukraynanın yenidən nüvə dövləti statusunu geri alması problematikdir: 

"Qərb ölkələri Ukraynanı müttəfiq kimi dəyərləndirsələr də, "nüvə klubu”na yeni dövlətin üzv olmasına dəstək verməzlər”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR