Qədim Azərbaycan torpağı – Zəngəzur: Onu necə itirdik, necə qazanacağıq?

Qədim Azərbaycan torpağı – Zəngəzur: Onu necə itirdik, necə qazanacağıq?

Noyabr ayının 30-u Zəngəzurun Ermənistana verilməsinin 100 ili tamam olur. Bəli, artıq bir əsrdir ki, tarixi Azərbaycan torpaqları Ermənistanın ərazisi hesab edilir.


Sfera.az əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalı ilə bağlı tarixi faktları təqdim edir:

 

Coğrafi mövqe


Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub.


Etnik tərkib:


İlk olaraq qeyd edək ki, Zəngəzur tarixi və etnik tərkibi etibarilə Azərbaycan türklərinin yaşadığı ərazidir. Təsadüfi deyil ki, 1897-ci il siyahıya almasına əsasən Zəngəzurda yaşayan 137,9 min nəfərdən 63,6 minini erməni (46,2%), 71,2 minini azərbaycanlı (51,7%), 1,8 minini kürdlər (1,3%) təşkil edirdi. Lakin 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib, 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib.


Osmanlı qoşunlarının Azərbaycanı tərk etməsi və Zəngəzur istiqamətindəki döyüşlərdə məğlubiyyət...


30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış Mudros sülh müqaviləsindən sonra Osmanlı qoşunları Azərbaycanı tərk edir və beləliklə ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıyırlar ki, bura Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da daxil idi.

 

Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara alıb. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başlayıb. Bu istiqamətdə yerləşən Dığ kəndinin erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıdığı üçün kənd istiqamətində döyüşlər başlayıb. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmur...


Zəngəzurun Ermənistana bağışlanması, azərbaycanlıların mahalı tərk etməsi


Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunub. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalaraq, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilib.


1933-cü ildə isə Ermənistan SSR-nin ərazisi rayonlara bölünüb və Zəngəzur adı xəritədən silinib. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılıb. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salınıb.


Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradılıb. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də ermənilər tərəfindən işğal edilib.


Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

 

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.

 

Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında bildirdiyi kimi, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi.

 

"Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır”, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu bildirib.

 

 

Əzizə Zeynal

Sfera.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR