“Qazın bahalaşmasından yalnız “Xruşovka”da yaşayanlar yararlanacaq” – İlham Şabah
11:58 / 01.07.2021
2417
"Bu qərardan yalnız "Xruşovka”larda yaşayan və
qazdan istilik məqsədilə istifadə etməyənlər yararlana biləcəklər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Tarif Şurasının
qazın istehlak qiymətini qaldırmasının verəcəyi müsbət və mənfi tərəflərdən
danışarkən, neft-qaz üzrə ekspert İlham Şaban deyib:
"Verilən qərardan sonra istehlakçılar qazdan daha qənaətlə
istifadə etməyə məcbur olacaqlar. Tarif Şurasının məlumatında göstərilir ki,
2017-ci ildən üzü bəri əhalinin istehlak etdiyi qazın həcmi 1 milyard kubmetr
artıb. İndi qiymət artımından sonra əhalinin istehlak etdiyi qazın həcmi
azalacaq. Qazın istehlakı əsasən hava şəraitinə
bağlıdır. Mülayim havada qazdan istifadə az olur. Əvvəlki illərdə qaza görə ildə
220-230 manat pul ödəyirdim. Ancaq son illər mülayim hava şəraitilə əlaqədar bu
rəqəm 180 manatdan artıq olmayıb.
Həmsöhbətimiz Azərbaycanda bu sahədə şəffaflığın
kifayət qədər olmadığını dedi. Ona görə də lazım gəldi-gəlmədi belə qiymət
artımına gedirlər:
"Son illər sırf qaza yönəlik çoxsaylı sənaye müəssisələri
də açılıb. Amma bir dəfə də olsun ki, "Azəriqaz”ın sənaye obyektlərinin nə qədər
qaz istehlak etdiyi barədə açıqlaması olmayıb. Əksinə hər dəfə eşidirik ki,
onların borcu var. Bir ildə 200 manatlıq qaz istehlak edənin evinə elektron
sayğac qoyurlar. Amma necə olur ki, 2 milyon kubmetr qaz istehlak edən müəssisələrə
sayğac qoyub öncədən haqqı almırlar? Azərbaycanda əhali kateqoriyası istehsal
edilən qazın üçdə birini istehlak edir. 12 milyard kubmetr qaz istehsal edilir
ki, əhali onun cəmi 3,7-3,8 milyard kubmetrini istehlak edir.
Tarif Şurasının bu qərarının mənfi təsirlərinə gəldikdə
isə, ekspert bildirdi ki, burada itirən, ziyna düşən yalnız vətəndaşlar olacaq,
nə getsə onların cibindən gedəcək: "Onlar qazdan istifadəyə görə əvvəlki dövrlə
müqayisədə daha çox pul xərcləməli olacaq.
Məsələn, bundan sonra şəxsən özümün qaz xərci əlavə olaraq 100 manatadək
artacaq”.
Rüfət SULTAN