Qatarda həbs edilən birinci katib – Stalin Levon Mirzəyanı niyə güllələtdirib?
10:49 / 28.09.2021
1593
Sfera.az
əvvəlcə Azərbaycan, sonra isə Qazaxstan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsində işləmiş Levon Mirzəyanın həyat hekayəsini təqdim
edir.
***
23 may
1938-ci ildə Qazaxstandan Moskvaya istiqamət alan qatar mənzil başına çatmamış
Moskva yaxınlığında qəfil dayananda, sərnişinlər elə düşünüblər ki, hansısa texniki
problem yaranıb. Sonra məlum olub ki, qatarın dayanması heç də texniki problemlə
bağlı deyil.
Sadəcə
"NKVD” qatarda əvvəlcədən planlaşdırılmış 15-20 dəqiqəlik əməliyyat keçirib. Əməliyyat
zamanı sərnişinlərdən bir nəfər həbs olunub. Əməliyyatda yüksəkçinli xüsusi
xidmət orqanları əməkdaşlarının iştirak etməsi həbs olunan şəxsin "vacib” sima olduğundan xəbər verirdi. O da məlum
olub ki, əməliyyat birbaşa İosif Stalinin tapşırığı ilə həyata keçirilib.
Maraqlıdır, Stalini bu əməliyyatı təcili keçirməyə nə məcbur etmişdi?
Qatardan
düşürdülərək həbs edilən şəxs isə Qazaxstan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Levon Mirzəyan olub.
Həbs olayından
əvvəl Mirzəyan Moskvadan Stalinin imzası ilə teleqram alıb. Teleqramda
bildirilib ki, o, üç gün ərzində Kremldə olmalıdır. Yeni, daha yüksək təyinat məsələsini
zənn edən Mirzəyan Moskvaya nikbin əhvalla yola düşüb. Amma özünə güvənən
birinci katib ağlına da gətirməyib ki, Moskvaya çatar-çatmaz onu Kremlə yox,
"Lefertovo” həbsxanasına yola salacaqlar.
Əslində
Levon Mirzəyan bunu dərk etməli idi. Çünki o, yarıtmaz fəaliyyətinə görə Mərkəzi
Komitədən bir neçə dəfə xəbərdarlıq almışdı. Birinci katibi arxayın salan isə ona
hamilik edən Anastas Mikoyan olub.
1897-ci ildə
Şuşada anadan olan Levon Mirzəyan yeniyetməlik yaşından Bakıya köçüb,
gənclik illərindən inqilabi fəaliyyətə başlayıb. Məhz bu illərdə o, Mikoyanla
sıx əlaqələr yarada bilib ki, bu əlaqələr onun gələcək siyasi karyerasında
böyük rol oynayıb.
1920-1925-ci illərdə
Levon Mirzəyan Azərbaycanda Həmkarlar Sovetinin
sədri vəzifəsində işləyib. Daha sonra o, Azərbaycanda əmək komissarı vəzifəsinə
təyinat alıb. 1926-cı ildə isə Mirzəyan Mikoyanın təşəbbüsü ilə Azərbaycana
birinci katib təyin edilib. O, bu vəzifədə üç il işləyib.
Mirzəyan Azərbaycana
üç illik rəhbərliyi dövründə respublikaya kifayət qədər zərbə vurmağa imkan
tapıb. İlk növbədə o, apardığı kadr siyasətində imkanı çatana qədər azərbaycanlıları
vəzifələrdən uzaqlaşdırıb. Mircəfər Bağırovu isə ümumiyyətlə Azərbaycandan kənarlaşdırıb. Mühüm postlara öz qohum-əqrabalarını yerləşdirən
birinci katib respublikada mütləq hakimiyyəti üçün bütün vasitələrə əl atıb.
Azərbaycanda
Mirzəyanın özbaşınalığı o həddə çatıb ki, o, Moskva ilə razılmaşdan, Mərkəzi
Komitə ilə hesablaşmadan”müstəqil” qərarlar qəbul edib. Hətta o, özünün də təhsil
aldığı Bakı Dövlət Universitetini
"Musavatın qalığı” adlandıraraq fəaliyyətini dayandırıb.
Sözsüz ki, Mirzəyanın
bu "müstəqilliyi” Moskvanın diqqətindən yayınmayıb. Mərkəzə yaxın olan azərbaycanlıların
təsiri ilə Mirzəyanın yarıtmaz fəaliyyəti haqda Kremlə mütəmadi olaraq açıq məktublar
ünvanlanıb. Nəhayət, Stalin öz xətti ilə apardığı araşdırmalardan sonra Mirzəyanın
siyasi fəaliyyətini yarıtmaz qiymətləndirərək onu birinci katib vəzifəsindən kənarlaşdırıb.
Levon Mirzəyan
bir müddət Urala göndərilib, Ural vilayət Partiya Komitəsinin ikinci katibi vəzifəsində
işləyib. Moskvadakı erməni havadarları onu qısa bir müddətdə bu "mədəni”
sürgündən xilas edəcəklərinə söz veriblər. Nəhayət, 1933-cü ildə Mirzəyan Qazaxstana birinci katib göndərilib.
Levon Mirzəyan
Qazaxstanda da öz əməllərindən əl çəkməyib. O, bu dəfə də Azərbaycanda olduğu
kimi erməniləri bu respublikada yüksək vəzifələrə təyin edib. Onun Qazaxstandakı
idarəetmə üsulu daha çox padşahlara xas olan idarəetməyə bənzəyib. Küçələrdə,
dövlət qurumlarının foyelərində və məmurların kabinetlərində Mirzəyanın
portertləri asılıb. Əks təqdirdə idarə və müəssisə rəhbərləri işindən
uzaqlaşdırılıb. Hətta bəzi yerlərdə Mirzəyanın
portretləri Lenin və Stalinin portertlərindən böyük olub.
Günü-gündən dövlətin
pulları hesabına zənginləşən Mirzəyan cinayətkar əməllərini gizlətmək üçün
Moskvadan gələn repressiya "plan”larını ikiqat həyata keçirib. Bununla özünü Stalinin
yanında təmiz və vicdanlı, vətəninə sədaqətlə xidmət edən kommunist kimi göstərməyə
çalışıb.
Qazaxstanda ona
mane olan, Mirzəyan üçün arzuolunmaz şəxs sayılanlar vətən xaini adı altında
sorğu-sualsız güllələniblər. Birinci katib şəxsi mənafeyi üçün bu respublikda
istədiyini edib.
Amma Mirzəyan bu
cinayət əməllərini törədəndə heç vaxt düşünməyib ki, SSRİ-də ən "hündür” məkan
Kremldir və Kremlin pəncərələrindən hər yer aydın görünür.
Stalin Mirzəyanın
əməllərindən, özbaşınalığından xəbərdar olub. Mərkəzi Komitənin 1937-ci il mart
plenumunda sovet lideri Levon Mirzəyanın fəaliyyətini sərt tənqid edib:
"Bəzi partiya
orqanlarında aparılan iş qənaətbəxş deyil. Elə götürək Qazaxıstanı. Mirzəyan
Bakıdan və Uraldan apardığı yaxın adamlarını başına yığıb özü üçün şərait
yaratmaqla məşğuldur. Mən ümumiyyətlə, Mirzəyanın kadr siyasətini yarıtmaz
hesab edirəm. Bu cür adamlar partiyanın qarşıya qoyduğu vəzifələri arxa plana çəkir,
özünə sərfəli olan işləri həyata keçirir...”
Bu tənqiddən
sonra azğınlaşmış və Mikoyana arxayın olan Mirzəyan əməllərindən yenə də əl
çəkməyib.
Məlum olduğu
kimi, sovet dövründə mərkəzi mətbuatda hər hansı bir məmur haqqında tənqidi
yazı həmin məmurun siyasi karyerasının sonu sayılıb. 1938-ci ildə Mirzəyan
haqqında da "Pravda” qəzetində tənqidi yazı dərc edilib. Qazaxstanda imicinə xələl
gəlməsin deyə, birinci katib respublika üçün yayımlanmağı nəzərdə tutulan bütün
tirajı anbarda saxlayıb. Nə abunəçilər, nə də qəzet alıcıları "Pravda”nın həmin
nömrəsini görməyiblər. Qazaxıstan ziyalıları
"Pravda” qəzetinin bir nömrəsinin "yox”a çıxması haqqında Mərkəzi Komitəyə məlumat
veriblər. Mərkəzi Komitənin orqanı olan bir qəzetin yayımını dayandıran şəxsi nə
gözlədiyini isə təsəvvür etmək çətin deyil. Bu hərəkəti ilə Mirzəyan
acınacaqlı durumunu bir az da çətinləşdirib. Bu dəfə Mikoyan onu xilas edə
bilməyib.
Məhkəmədə
altı maddə ilə - vətənə xəyanət,
vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakını mənimsəmə və digər
maddələrlə ittiham olunan Levon Mirzəyan ən ağır cəzaya, güllələnməyə məhkum
edilib. Onu da qeyd edək
ki, Mirzəyanın məhkəmə
prosesinə İosif Stalin şəxsən özü nəzarət edib. Gündəlik olaraq məhkəmə prosesi
haqqında ona yazılı məlumat verilib.
Sfera.az