"Qatar Airways"in təyyarələri ilə Ermənistana silah-sursat daşınıb? - RƏSMİ AÇIQLAMA
Siyasət
16:34 / 21.10.2020
1576
Qətərin Azərbaycandakı səfirliyi ölkəsinə məxsus "Qatar Airways" şirkətinin təyyarələri ilə Ermənistana silah-sursat daşınması barədə mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.
Səfirlikdən bildirilib ki, iki ölkənin başçılarının rəhbərliyi ilə qurulmuş Qətər- Azərbaycan əlaqələri qarşılıqlı hörmət və ehtiram, müştərək mənafelər,sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır: "Bu əlaqələr güclüdür və siyasi müstəvidə özünə məxsusluğu ilə seçilir.
Bu yaxınlarda, hətta bilavasitə cavab verməyə layiq olmayan bəzi elektron kütləvi informasiya vasitələrinin dəqiq və dürüstlüyü özündə əks etdirməyən məlumatlar yayması iki ölkə arasındakı güclü əlaqələrə təsir etməyəcək. "Qatar Airways" dünya səviyyəsində ən öndə gedən aviaşirkətlərdən biridir. O, peşəkarlıqla, beynəlxalq mülki aviasiya sazişlərinin (o cümlədən Çikaqo müqaviləsinin) qaydalarına uyğun fəaliyyət göstərir. Aviaşirkət koronavirus (COVİD-19) pandemiyası nəticəsində bir çox rəqiblərinin işini dayandırdığı bir şəraitdə beynəlxalq aləmdə çarəsiz qalmış on minlərlə sərnişinin öz ölkələrinə qayıtmasında önəmli rol oynayıb.
Səfirlik bəzi elektron kütləvi informasiya vasitələrinin peşəkar və işlərində qərəzsiz olacağına, məqsədyönlü və faktlara əsaslanan xəbərlər verəcəyinə ümid edir. Bu daha çox fayda verər, dövlətlər və xalqların mənafeyinə uyğun olar".