Qasparyan 44 günlük müharibəyə görə İstintaq Komissiyasının yaradılmasını tələb etdi

Qasparyan 44 günlük müharibəyə görə İstintaq Komissiyasının yaradılmasını tələb etdi
Ermənistanın keçmiş Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan bəyanat verib. O,  Parlamentə, üç fraksiya liderinə, eləcə də Ermənistan parlamentinin təhlükəsizlik və müdafiə daimi komitəsinin sədri Andranik Köçəryana müraciət edib.

Müraciətdə deyilir: "27 sentyabr 2020-ci ildə başladılan müharibənin bitməsindən beş aydan çox vaxt keçir. Bütün bu müddət ərzində cəmiyyətimizin müxtəlif təbəqələrini bir çox suallar düşündürür. Müharibədən əvvəl, müharibə müddətində, atəşkəs bitdikdən sonra baş verən çoxsaylı hadisələr, bunların kontekstində Ermənistan Respublikası silahlı  qüvvələri və dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilən müxtəlif qərarlar və tədbirlərlə bağlı  müxtəlif məlumatlar, təhlillər, sui-qəsd nəzəriyyələri KİV-lərdə gündəm olub.
 
Son zamanlar buna bəzi dövlət qurumları tərəfindən məxfilikdən çıxarılaraq  ictimaiyyətə açıqlanan məlumatlar da əlavə edildi.
 
Bütün bunlar milli təhlükəsizliyimiz üçün real təhlükə yaradır, ictimai həmrəyliyimizi sarsıdır, Silahlı qüvvələrimizi ruhdan salır və nəticədə dövlətimizi düşmən tərəfindən mümkün təcavüzlərə qarşı köməksiz edir.

Bütün bu müddət ərzində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı, eləcə də dövlət sirri olan məlumatları hər hansı bir şəkildə açıqlamaqdan çəkinərək bu məsələdə maksimum təmkin nümayiş etdirdi. Amma son zamanlar spekulyasiyaların artması, bəzi dövlət və siyasi xadimlərin  məsuliyyətsiz ifadələri, məxfi məlumatların sızması keçmiş müharibə ilə bağlı vəziyyəti araşdıran dövlət istintaqı prosesinin  hüquqi tənzimləməsini zəruri edir. Yalnız bu yolla əsl həqiqətlər üzə çıxarıla, obyektivlik təmin edilə bilər.

Buna görə də Ermənistan Respublikası Konstitusiyasının 108-ci maddəsinin 4-cü bəndi ilə sizə verilmiş səlahiyyətlər çərçivəsində 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı vəziyyətin araşdırılması məqsədilə təcili olaraq Milli Məslisin İstintaq Komissiyasının yaradılmasına başlamağınızı xahiş edirəm”.
 
Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR