“Qarabağda təbiətin də bərpasına ehtiyac var” – Ekoloqdan açıqlama

“Qarabağda təbiətin də bərpasına ehtiyac var” – Ekoloqdan açıqlama
Son illər ağacların kütləvi şəkildə qırılması və dünyanı cənginə alan meşə yanğınları gündəmin dəyişməz mövzusuna çevrilib. Xüsusilə ölkəmizdən də yan keçməyən meşə yanğınları yaşıllıq ərazilərin, meşələrin mühafizəsi, qorunması məsələsini aktuallaşdırır.
 
Maraqlıdır, bu gün ölkəmizdə yaşıllıq zolaqlarının artması və ağacların mühafizəsi istiqamətində hansı işlər görülür? Həyata keçirilən tədbirləri yetərli saymaq olarmı?
 
Mövzuyla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, problem təkcə ölkəmiz üçün deyil, bütün dünyanın düşünməli olduğu məsələdir:



"Dünyanın bir çox ölkəsində, həmçinin Azərbaycanda da milli yaşıllaşdırma proqramları həyata keçirilir. Planetimizin yalnız 30 faizini meşəliklər təşkil edir. Azərbaycanın ərazisinin isə 11-12 faizi meşəliklərdən ibarətdir. Meşələrin ot örtüyü ilə fərqi ondan ibarətdir ki, otlar onun üzərinə düşən günəş enerjisinin 0,3 faizini mənimsəyir, onu yaşıl kütləyə çevirir, həm də fotosintez prosesində oksigen ifraz edir. Amma meşələr otlardan fərqli olaraq, üzərinə düşən enerjinin 10 dəfə daha çoxunu, 3 faizini istifadə edir. Yəni Azərbaycan dünya ölkələri arasında ən az oksigen ifraz edən yaşıl kütləyə sahib olan ölkədir. Bu gün meşələrin, ağacların qırılması təbiətə böyük ziyan vurur.

Dövlətimiz vaxtilə milli qoruqları öz himayəsinə aldı və onları qoruyub saxladı. Təsəvvür edin ki, vaxtında bu qoruqlar qorunmasaydı, çox güman ki, onların da yerində binalar, yollar və s. salına bilərdi. Bu gün ölkəmizdə yaşıllaşdırmaya verilən qiymət təqdirəlayiqdir. Çünki son illər görülən işlər nəticəsində ölkədə ağac örtüyü 0.3 faiz artıb. Bu ilk başda çox kiçik göstərici kimi görünsə də əmin olun ki, gələcək naminə atılan böyük addımdır”.

R. Soltanovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə təkcə infrastrukturun deyil, həmçinin təbiətin də bərpasına ehtiyac var:


"Bildiyiniz kimi, ölkəmizin 20 faiz ərazisi 27 il işğal altında qalıb. Bu işğal illərində ermənilər dəfələrlə ərazilərimizdə yanğınlar törədib, dəyərli ağacları kəsərək xarici ölkələrə satıb. Bu gün torpaqlarımız işğaldan azad edilib və  həmin ərazilərdə təbiətin bərpasına çox ehtiyac var. Yeni ağacların əkilməsi olduqca vacibdir.
 
Uzun müddət müharibə vəziyyətində olduğumuz üçün ölkə iqtisadiyyatının böyük bir qismi müharibə və hərbi xərclərə yönəlmişdi. Bu gün həmin vəziyyət qismən aradan qalxıb. Düşünürəm ki, bunu əsas gətirərək bu gün yaşıllaşdırmaya, ağac əkməyə daha çox vəsait ayırmaq olar”.
 
Turan Rzayev


 
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu:Ekologiya və ətraf mühitin mühafizəsi
 

OXŞAR XƏBƏRLƏR