“Qabaqlayıcı addımlar Azərbaycanı ikinci İspaniya, İtaliya olmaqdan tamamilə xilas etdi” - MÜSAHİBƏ

“Qabaqlayıcı addımlar Azərbaycanı ikinci İspaniya, İtaliya olmaqdan tamamilə xilas etdi” - MÜSAHİBƏ
 Dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ön sıralardadır.

Dövlətin bu istiqamətdə gördüyü işlər, xüsusi gücləndirilmiş karantin rejimi, gözlənilən nəticələr, cəmiyyətin pandemiyaya qarşı tədbirlərə münasibəti və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Milli Məclisin deputatı , hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov cavablandırıb.

 
Dosye:

Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə oxuyub. Daha sonra 2000-2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007-2011-cü illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurub, 2012-2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alıb, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi” mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.

2003-cü ildən "Azad Azərbaycan” teleradio yayım şirkətində, Azərbaycan Beynəlxalq Bankında, "Avromed company” MMC-də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, "PAŞA Sığorta” şirkətində məsul vəzifələrdə çalışıb. Həmçinin hazırda BDU Hüquq fakültəsinin "İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının dosentidir.

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

"Cəmiyyətimiz bir az daha səbrli və məsuliyyətli olmalıdır”

-Bəhruz müəllim, bu gün bütün dünyanın ən böyük bəlası koronavirus pandemiyasıdır. Bütün dünyada çoxsaylı yoluxma və insan ölümünə yol açan bu fəlakətlə Azərbaycanın mübarizəsini necə dəyərləndirirsiniz?
 
-Bu məsələyə dövlətin və cəmiyyətin münasibəti tərəfindən baxa bilərik. Dövlət olaraq biz üzərimizə düşəni artıqlaması ilə edirik. Bunu mən yox, dünya mediası deyir. Bilirsiniz, bizi istəyən və istəməyən qüvvələr var. Amma etiraf olunan vəziyyət ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyəti uğurludur. Pandemiya həm də iqtisadi böhrana yol açdı. Bu, proqnozlaşdırılan iqtisadi böhran deyil. Bu baxımdan, hökumətimiz də, bütün dünya da bu fəlakətə hazırlıqsız yaxalandı. Lakin belə bir məqamda dövlətin cavablayıcı tədbirlərini uğurlu hesab edirəm. Pandemiya planlaşdırılmamış bəla olduğu üçün müəyyən problemlər təbii ki, var. Bizim də, sizin də, ictimai xadimlər, tanınmış söz sahibləri, iqtisadçılar, hüquqşünasların borcu ondan ibarətdir ki, hazırlıqsız yaxalandığımız bu problemdə hökumətimizin buraxdığı boşluqların düzəldilməsində təklif və tələb irəli sürək, problemlərin aradan qaldırılmasına kömək edək. Dövlətin apardığı işlər, görülən tədbirlər müsbətdir. Boşluqların olması isə normaldır və düzəldiləcəyinə böyük ümid və inamım var. Çünki mövcud iradə bunu göstərir. Bəli, müəyyən məqamlarda yekdil olduq. Məsələn, Koronavirusla Mübarizəyə Dəstək Fondu ilə bağlı tədbirlərimiz, eləcə də yaşlılara münasibətimiz müsbət oldu. Ayrı-ayrı yardım aksiyalarının şahidi oluruq. Bütün bunlar cəmiyyətimizin yekdil olduğunu göstərdi. Lakin eyni zamanda yazılan cərimələr, saxta icazə sənədləri cəmiyyətdə bir kəsimin hələ də bu məsələyə məsuliyyətsiz yanaşdığını göstərir. Hesab edirəm ki, xalq, millət olaraq bu bizə yaraşmayan haldır. Biz pandemiyanın ciddiliyinin fərqinə varmalıyıq. Bu cəmiyyətdə heç kim acından ölməz. Bunu tam əminliklə deyirəm. Dövlətin qayğısı oldu- olmadı, hər kəsin bir-birinə əl tutduğu, mənəvi dəyərlərin saxlanıldığı bir cəmiyyətimiz var. Amma xəstəlik heç kimə rəhm etməyəcək. Xəstəlikdən heç kimin sığortası yoxdur. Tibb özü də bu məsələdə acizdir, xüsusilə də yaşlılara münasibətdə. Bu baxımdan, hesab edirəm ki, cəmiyyətimiz bir az daha səbrli və məsuliyyətli olmalıdır.
 
 
"Elektron idarəçiləyə keçid hökumətimizin uğurudur”

- Görülən tədbirlər hansı müsbət və mənfi təsirləri göstərdi?

-Yenə deyirəm, hökumətimiz digər dünya ölkələri kimi bu pandemiyaya hazırlıqsız yaxalandı. Lakin atılan addımlar, seçilən siyasi kurs və dövlət rəhbərinin mövqeyi hökumət strukturlarının tez toparlanmasına imkan yaratdı. Təbii ki, aparılan planlı işlər, xüsusilə də elektron idarəçiliyə keçid o qədər də asan proses olmamasına baxmayraq, hökumətimizin uğurudur. Eyni zamanda, Türk Dövlətlərinin Zirvə Görüşü oldu. Bu tədbirin çox uğurlu keçəcəyini gözləməyənlər də vardı, amma faktiki olaraq çox uğurlu bir görüş oldu. Dünya mediasına da baxanda görürük ki, Azərbaycan hökumətinin bu istiqamədə atdığı addımlar müsbətdir. Lakin təbii ki, boşluqlar var. Bu boşluqları da ayrı-ayrı millət vəkilləri, ictimai xadimlər zaman-zaman işıqlandırır. Bu, elə məsələdir ki, ayrı-ayrı şəxslərin xal qazanması və ya şəxsi reputasiyası üçün istifadə etməsi məqamı deyil. Bu, sadəcə olaraq dövlətlə, hökumətlə əl-ələ verib problemi diqqətə çatdırmaq məqamıdır. Məndə də böyük inam var ki, bizim də qaldırdığımız, hökumətin yardım məsələsində boşluq hesab etdiyimiz məqamlar diqqətə alınacaq.

"Dövlət inzibati tədbirləri koronavirusu cilovlamaq ərəfəsindədir”

-"Evdəqal” çağırışına insanların göstərdiyi reaksiyanı qənaətbəxş hesab edirsinizmi? Bu çağırışa əməl edilməsəydi, pandemiya ölkə üçün hansı təhlükələrə yol açardı?

-Son rəqəmlər onu göstərir ki, dövlət inzibati tədbirlər hesabına artıq koronavirusu cilovlamaq ərəfəsindədir. Rəqəmlər hələlik bunu deyir və inanıram ki, belə də davam edəcək. Tibbin qarşısında aciz olduğu pandemiyadan qurtulmağın ən doğru yolu konkret olaraq ünsiyyətin kəsilməsi, karantinin tətbiq olunmasıdır ki, dövlət də bunu etdi. Çağırış, dövlətin inzibati tədbirləri olmasaydı, vəziyyət İtaliyadan daha çətin və pis ola bilərdi. Avropada qohumluq, ailə dəyərləri bizim qədər saxlanılmayıb. Ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illiyində çıxışı zamanı da bunu dedi. Böyük ailə dəyərləri, qohumluq, gediş-gəliş Qafqaz mentalitetində qalmaqdadır. Bu da indiki halda virusun epidemiya şəkilində yayılmasına səbəb ola bilərdi. Dövlətin bu qabaqlayıcı addımının Azərbaycanı ikinci İspaniya, İtaliya olmaqdan tamamilə xilas etdiyini düşünürəm. Lakin cəmiyyətin reaksiyası məni tam qane etmir. Hələ də yazılan cərimələr, yalançı mesajlar göstərir ki, cəmiyyət bu məsələsinin hələ də fərqinə varmır. Hamını birmənalı olaraq qınamaq olmaz. Xüsusilə də günəmuzd işləyənləri başa düşmək olar. Lakin heç nə sağlamlıqdan vacib deyil. Bu günə qədər dövlət heç kimə "evində otur” çağırışı etməmişdi. Budəfəki çağırış bütün beynəlxalq konvensiyalara uyğundur. Burada insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Belə bir şəraitdə dövlətin çağırışı beynəlxalq hüquqa zidd deyil və insanlarımız başa düşməlidir ki, bu, yalnız əhalinin sağlamlığının qorunmasına yönəlib. İkincisi isə vətəndaşlar bilir ki, biz müharibə şəraitində yaşayan ölkəyik və koronavirus bizim üçün həm də milli təhlükəsizlik təhdididir. Eyni zamanda, milli genefondumuz üçün təhdiddir və bütün bunların fonunda "öz canımdır, özüm bilərəm” şəklində bir ifadə olmamalıdır. Bu, elə bir intihar növüdür ki, özünlə bərabər bütöv bir cəmiyyəti aparırsan. Məsələ budur və insanlarımızdan da xahiş edirəm ki, koronavirusun qürubuna doğru gedirik və bir az da səbirli, məhsuliyyətli, intizamlı olmalıyıq.

"Karantin qaydaları sərtləşdirilə bilər”

-Xüsusi gücləndirilmiş karantin rejimi tətbiq olunub. Amma karantin rejiminin tələblərinin insanlar tərəfindən pozulmasının da şahidi oluruq. Necə düşünürsünüz, cəzaları daha da sərtləşdirmək gündəmə gələ bilərmi?

-Ümumiyyətlə, dövlətin əsas məqsədi cərimələmək deyil. Bu, dövlətin sonda məcbur qalıb atdığı addımdır. Mən hüquqşünas aliməm və zaman-zaman bu məsələni araşdırıram. Avropada, ABŞ-da, Kanada da elə inzibati xətalar var ki, illərdir o məsələlərə toxunulmur, həmin istiqamətdə pozuntu olmur. İndiki halda dövlətin əsas məqsədi kimisə cərimələmək deyil. Bu yaxınlarda Milli Məclis kifayət qədər çevik və adekvat reaksiya verərək İnzibati Xətalər Məcəlləsinin 111-ci maddəsinə dəyişiklik və Cinayət Məcəlləsinə isə 131-1 maddəsi əlavə edildi. Bu fonda inanmıram ki, həmin cərimələr bir az sərtləşdirilsin. Amma dövlətin tam hüququ var ki, cərimələrin ən yüksək sanksiyalarını tətbiq etsin. Cərimə üçün hədlər müəyyənləşdirilir və sanksiyalar tətbiq oluna bilir. Eyni zamanda, real təhlükə olarsa, cinayət məhsuliyyəti yaradarsa, şəxs cinayət məhsuliyyətinə cəlb edilə bilər. Lakin "məni cərimə edəcəklər deyə çölə çıxmıram” düşüncəsi olmamalıdır. Cəmiyyət başa düşməlidir ki, özü ilə bərabər bütün ailəsini, ətrafını fəlakətə sürükləyir. Bu baxımdan diqqətli olmaq lazımdır və düşüncə dəyişməlidir. Ən ağır cəzalar, ölüm cəzasının belə hələ də qaldığı dövlətlər var. Həmin dövlətlərdə qayda pozuntuları yoxdurmu? Əlbəttə, var. Üstəlik çoxunda cinayətkarlığın səviyyəsi daha yüksəkdir, nəinki ölüm cəzası olmayanlarda. Bu baxımdan nəinki cəzaların və sanksiyaların, hətta inzibati tədbirlərin də sərtləşdirilməsi tərəfdarı deyiləm. Bundan sonra da xüsusi sərtləşmə olacağına inanmıram. Lakin tədbirlər gücləndirilə bilər. Məsələn, əvvəl kiməsə xəbərdarlıq olunubsa, bu dəfə birbaşa sanksiya tətbiq oluna bilər. Postların sayı artırıla bilər. Lakin qanunvericilikdə növbəti dəyişikliyi gözləmirəm.
 
 
"Azərbaycanın imkanı var ki, öz ərzaq təhlükəsizliyini təmin etsin”

-Milli Məclisdə çıxışlarınız zamanı regionlarda, xüsusilə də seçildiyiniz Biləsuvar rayonundakı problemləri gündəmə gətirirsiniz. Regionlarda indiki məqamda hansı işlərin görülməsini zəruri hesab edirsiniz?

-Məsələ ondan ibarətdir ki, bir çox dövlətlər ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıq duymağa başlayıb. Məsələn, taxıl, düyü ixracını artıq məhdudlaşdırıblar. Ölkələr özləri üçün ehtiyat yığmağa başlayıb. Azərbaycan bu baxımdan şanslı ölkələrdəndir. İqlimi və torpağı imkan verir ki, kənd təsərrüfatı hesabına öz ərzaq təhlükəsizliyini təmin etsin. Hətta bir çox məhsulları biz həm də ixrac edirik. Bu prosesdə ciddi səmərə də əldə edə bilərik. Lakin regionlarda bir sıra ciddi aqrar problemlər var. Mən indi Biləsuvarın problemlərini qaldırıram, çünki məni seçən insanlar qarşısında vədim, sözüm var. Bu, mənim vəzifə borcumdur ki, insanımın səsi olum. Biləsuvarda ciddi suvarma problemi var. Əhalinin içməli su problemi mövcuddur. Bu problemlər aradan qaldırılarsa, meliorasiya infrastrukturu olsa, Biləsuvar kimi rayonlarda insanlar öz dolanışıqlarını təmin etməklə bərabər, həm də dövlətin iqtisadiyyatına ciddi töhfə verəcək gücdədirlər. Bugünlərdə bir kampaniya da başlayacağıq. Biz həqiqətən də Biləsuvar olaraq suya möhtacıq. O olsa, Biləsuvar və ən azından ətraf rayonların taxıl və digər ərzaq məhsullarının təminatında ciddi rol oynaya bilərik. Regionlarda problemlər bunlardan ibarətdir. Biləsuvar İran sərhədində yerləşən rayondur. İnsanlar İrandan ucuz ərzaq məhsulları almaqla ailə büdcələrinə qənaət etməklə dolanırdılar. Sərhədlər bağlanandan sonra bu da insanların əlindən çıxıb. Yerli bazarlarda da müəyyən bahalaşma baş verdi. Əhalinin bu baxımdan da çətinlikləri var. Məktub da yazıb hökumətə göndərmişəm, böyük ümidlərimiz var ki, heç olmasa Biləsuvar kimi rayonlara aqrar sektorda kömək göstərilsin. Dövlət Biləsuvarın suvarma sistemini problemini yenidən həll etməklə, bir növ investisiya qoyur. Bu vəsait bir neçə ildən sonra dövlət büdcəsinə artıqlaması ilə qayıdacaq. Bu baxımdan, biz arxayın şəkildə dövlətimizə, hökumətimizə bu müraciəti edirik.

"Razi Nurullayev də bu məsələni qaldırıb”

-Pandemiya fəlakəti bank kreditləri ilə bağlı güzəştləri gündəmə gətirsə də, hələlik bununla bağlı banklar tərəfindən konkret addım atılmayıb. Bu məsələ ilə bağlı fikirləriniz maraqlı olardı...

-Parlamentin son iclasında cənab Elman Rüstəmova millət vəkili Aydın Mirzəzadə bununla bağlı sual ünvanladı. Bundan əvvəl bizim millət vəkilləri ayrı-ayrı mətbuat orqanlarında, mən də, bizim qonşu rayon İmişlidən millət vəkili Razi Nurullayev də bu məsələni qaldırmışıq. Yəqin ki, dövlətin bununla bağlı planı var. Elman Rüstəmov da bunu dedi. Lakin bu məsələdə bu günə qədər olan fəaliyyəti mən qənaətbəxş hesab etmirəm. Mən özüm Biləsuvar camaatının borclandığı bankları və kredit təşkilatlarının siyahısını çıxarmışam və hər birinə xahiş məktubu göndərmişəm. Kredit bankın şəxsi əmlakıdır və istəmək də təbii haqqıdır. Kredit müqaviləsi zorla bağlanmayıb, hər kəs bunu könüllü edib. Lakin indiki halda anlayış göstərmək lazımdır. Banklar çox yüksək faizlərlə Azərbaycan xalqının hesabına milyonlar qazanıb. Belə olan şəraitdə indi həmrəylik göstərmək lazımdır. Biz banklara ona görə müraciət etdik ki, pandemiya vəziyyəti uzanarsa, heç olmasa, ilkin adaptasiya müddətində 2-3 ay insanları incitməsinlər. Bir daha deyirəm, kredit borcdur və verilməlidir. Biz demirik ki, bank krediti bağışlasın. Amma heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır. Amma biz hələ ki, bunun tərsini görürük. Mənə hər gün onlarla müraciət olur ki, banklar insanlara zəng edir, onları təhdid edir. Doğrudur, burada qanun pozuntusu yoxdur, amma burada ciddi mənəvi pozuntu var. Bir daha banklarımıza, Azərbaycanın bank sisteminə çağırış edirəm ki, mənəvi tələblərlə çıxış etsinlər. Razıyam, bank da dolanmalıdır, əməkdaşları var. Amma kasıb bank yoxdur. Hər halda bu çətinliyi hər birimiz yaşayırıq. Banklar insanlara görə mövcuddur. Əgər insanlar daha çətin vəziyyətə düşərsə, bundan ən çox zərər çəkən bank özü olacaq. Ona görə də dayanışma vaxtıdır. Bir daha sizin resursunuzdan istifadə edərək banklardan xüsusilə xahiş edirəm. Hökm deyil ki, dövlət hamıya tapşırsın. Özümüz də mənəvi borcumuzu dərk etməliyik. Belə bir vəziyyətdə insanları çox dalana dirəməməliyik.

"Bəzilərinə əhalinin durumu yox, dramı lazımdır”

-Xüsusi gücləndirilmiş karantin rejiminin tətbiqi ilə sosial şəbəkələrdə bir qrup istifadəçi əks-təbliğata cəhd etdi. Xüsusilə də işsizlərə 190 manat vəsait ödənilməsi, sahibkarlara dövlət tərəfindən dəstək verilməsi məsələsi müzakirə obyektinə çevrildi. Bu cür məlumatların sosial şəbəkələrdə yayılması ümumi işə, yəni görülən tədbirlərə, pandemiya il mübarizəyə necə təsir göstərir?

-İstənilən fəaliyyəti tənqid etmək olar. Tənqiq sağlam inkişafa dəstəkdir. Sadəcə, tənqidin məqsədi əsasdır. Azərbaycanda bir sıra media qurumlarına, eləcə də ayrı-ayrı şəxslərə əhalinin durumu yox, dramı lazımdır. Bəziləri bunu reytinq xətrinə, bəziləri isə konkret olaraq xarici kəşfiyyatın göstərişinə uyğun həyata keçirir. Bunu tam aydın şəkildə anlamaq olar. Dövlət üzərinə düşəni edir və etməkdə də davam edəcək. Lakin indiki halda nəyisə tənqid edəndə, insan gərək əlini vicdanına qoysun və mövcud, real vəziyyəti nəzərə alsın. Dövlətin builki büdcəsi artıq təsdiqlənib. Atılan addımlar hamısı artıq büdcədənkənardır. Gözləntilərdən, proqnozlardan kənardır. Hesab edirəm ki, bu kimi hərəkətlər, çağırışlar, lağ hədəfinə çevirmək bizim ümumi işimizdə xoşagəlməz mühit yaradır. Bir məsələni də xüsusi olaraq nəzərə almaq lazımdır. Bugünlərdə iki fərqli video gördüm. Birində iki kişi torpaq üzərində nəsə edir, birində də uşaqlara ot yedizdirirdilər. Narazılığını elə formada ifadə etməlisən ki, milli təhlükəsizliyə zidd olmasın. Biz informasiya cəmiyyətində yaşayırıq. Bu kimi videolar artıq erməni mətbuatındadır. Bunu edənlər bunun məhsuliyyətini də başa düşməlidirlər. Bu, birbaşa təxribatdır, ölkə əleyhinə hərəkətdir, bağışlanmazdır. Ölkə başçısı özü bu yaxınlarda dedi ki, belə hərəkətlər artıq xəyanətdir. Məsələ ondan ibarətdir ki, bunlar bizim informasiya müharibəmizə zərbə vurur. Sabah bunların hamısı Azərbaycan əleyhinə ayrı-ayrı hesabatlarda istifadə olunacaq. Bunu başa düşmək, anlamaq lazımdır. Tutaq ki, yardımdan kənarda qalmısan. Səni kənarda qoyan adamları tənqit et, amma bütün dövləti 190 manata görə hədəfə almaq olmaz. Məsələ budur.

"Dövlətin gücü də var, mübarizə tədbirləri də”

-Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bu Fonda ilk olaraq dövlət başçısı, Birinci vitse-prezident, böyük şirkətlər, Milli Məclisin üzvləri, hüquqi, fiziki şəxslər ianə verdi. Amma bu məsələyə sosial şəbəkədə münasibət fərqli oldu. Elə sizə qarşı da sosial şəbəkədə bu məsələdə qara piar aparıldı. Bu cür kampaniyaları quranları, bundan öz məqsədləri üçün istifadəyə cəhd edənləri kimlər idarə edir? Həmin o "beşinci kolon”mu?

-Artıq köhnə, qapalı sistem deyil ki, qaydalarla insanlar oynaya bilsin. Bu gün insanların kənardan idarəçiliyi, xüsusilə də xarici qüvvələr, ayrı-ayrı siyasi güclərin idarəsi müxtəlif kanallar vasitəsilə çox rahat şəkildə mümkün olur. Doğrudur, dövlətin gücü də var, mübarizə tədbirləri də. Kifayət qədər böyük məktəb keçmiş xüsus xidmət orqanlarımız var. Bütün bunların fonunda təbii ki, yenə də insanın özündə gərək milli qürür, milli hiss ola. Bəli, ayrı-ayrı qüvvələr var. Konkret olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlarla bağlı deyilənlər yarıtmaz fəaliyyətdir və "reket jurnalistikası”nın işidir. Buna o qədər də ciddi yanaşmıram. Sadəcə seçicilərimi narahat etdiyi üçün bu məsələyə reaksiya verdim. Mənim seçicim narahat olmamalıdır ki, seçdiyi adam bu prosesdən kənarda qalıb. Qaldı bu proseslərə, son dövrlər tamamilə əmin olmuşam ki, həqiqətən də Azərbaycan əleyhinə söz demək, kampaniya aparmaq ayrı-ayrı qüvvələr üçün real gəlir və biznes mənbəyinə çevrilib. Həmin adamları öz dolanışığını vətəni, mənəvi dəyərləri xırda-xırda satmaqla təmin edirlər.

Vətəndaşlarımızı bir daha həmrəy, səbrli, məhsuliyyətli və eyni zamanda intizamlı olmağa dəvət edirəm. Bunlar hamısı keçib gedəcək, amma ortada elə izlər buraxmamalıyıq ki, sonra xalq, millət, dövlət olaraq bunun acısını yaşayaq. Koronavirus ömür boyu qalmayacaq. Tibbin, səhiyyənin səviyyəsinin bundan da aşağı olduğu bir dövrdə dünya böyük fəlakətlər atladıb. 100 il əvvəl "İspan qripi” kimi böyük fəlakətin öhdəsindən gəlinib. Bütün bunların fonunda bu pandemiya da ötüb keçəcək. Ancaq bunun xüsusilə də mənəvi izləri informasiya müharibəsində bizim mövqeyimizi zəiflətməməlidir. İnsanları xüsusilə həssas və diqqətli olmağa çağırıram. (cebhe.info)

OXŞAR XƏBƏRLƏR