Proses kimin üçün \"yaxşı\" gedir? - Peskovun açıqlamasına REAKSİYA
12:54 / 22.07.2021
1216
Xəbər verdiyimiz kimi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmanın həyata keçməsi prosesinin "yaxşı” getdiyini söyləyib.
Bəs razılaşmanın icrası həqiqətən də "yaxşı" gedirmi?
Bu barədə Sfera.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Peskovun nikbinliyini bölüşmək üçün kifayət qədər əsas yoxdur:
"Onun hansı bucaq altında bu məsələyə yanaşdığını və prosesslərin gedişini necə dəyərləndirdiyini bilmirəm. Proses Peskovun vurğuladığı kimi yaxşı getsəydi, ermənilər mina xəritələrinin hamısını çoxdan Azərbaycana verməli idi. Bunu beynəlxalq hüquq tələb edir.
Sərhədlərin demarkasiya prosesi də kompromislə olsa da, sürətlə getməli idi. Lakin bu da baş verməyib, ermənilər bu məsələni də pozur.
Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında sülh sazişi də imzalanmayıb. Bu istiqamətdə kiçicik də olsa, addım atılmayıb. Nə nümayəndə heyəti ayrılıb, nə də danışıqlar prosesi gedir. İrəvan bu istiqamətdə fikirlərini açıq şəkildə bəyan etmir".
Q. Hüseynli bildirdi ki, Peskov prosesi heç də düzgün ölçü vahidilə hesablamır:
"O, müharibənin getməməsi, ancaq lokal atışmaların olmasını yaxşı hal hesab edirsə, deməli onun ölçü vahidi düzgün işləmir. Sülhməramlılar Qarabağa erməniləri və diversantları daşımaqda davam edir. 10 mindən çox erməni silahlı dəstəsi hələ də Xankəndi və Əsgəran bölgəsində qalmaqdadır. Bu isə 10 noyabr razılaşmasının ruhuna ziddir.
Ümumiyyətlə, razılaşmanın icrası prosesinin sürəti çox zəifdir. Heç olmasa bölgədə etimad mühitinin formalaşması üçün İrəvan və Moskva tərəfindən müəyyən addımlar atılmalı olsa da, təəssüf ki, bu günə qədər atılmayıb. Bu mənada qarşıda görüləsi işlər hələ çoxdur".
Rüfət SULTAN
Sfera.az