Professorun Rəsulzadə ilə bağlı ilginc xatirələri

Professorun Rəsulzadə ilə bağlı ilginc xatirələri
"Sovet dövründə hər il yanvarın 31-də Bəxtiyar, mən, bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla, digər  yoldaşlarla birgə gedərdik Məhəmməd Əmin Rəsulzadənin atasının qəbri üstünə”
Bu gün, 31 yanvarda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 ili tamam olur. Böyük dövlət adamının doğum günü münasibətilə Rəsulzadə irsinin yorulmaz araşdırıcısı, professor Şirməmməd Hüseynov çox dəyərli fikirlər söylədi. Şirməmməd müəllim 135 illiklə bağlı gördüyü işlərdən, qiymətli xatirələrindən, ürəyindən keçən arzu-istəklərindən danışdı. Öncə onu narahat edən fikirləri çatdırdı:

- 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyidir. Mən indi ora-bura zəng etdim öyrənim ki, Azərbaycan mühacir mətbuatının, yəni Məhəmməd Əminin redaktor olduğu məcmuələrin - "Yeni Qafqasiya”, "Azəri türkü” "Odlu Yurd” və başqalarının orijinal sayları ölkədə var, ya yoxdur? Axundov kitabxanasına zəng etdim. Dedilər bizdə orijinalı yoxdur. Amma hərəsindən 4-5 nömrə elektron variantı var. İndi belə bir sual meydana çıxır ki, mühacirət dövründə nəşr olunmuş bu məcmuələri yığıb bu vətənə kim gətirəcək? Axı onun varisi bizik. İkincisi, orada yazılanlar, Azərbaycan milli istiqlal hərəkatı, Azərbaycan tarixinə dair o qədər dəyərli sənədlər, yazılar, məqalələr var ki, bunların burada olması bizim tariximizi öyrənmək üçün mütləq vacibdir. Ola bilsin ki, haradasa var, mənim xəbərim yoxdur. Amma hər halda, mən çox yerə zəng etdim, müsbət cavab almadım.   

Ona görə də Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə irsini öyrənən xüsusi bir rəsmi təşkilat, yer olmalıdır. Bu, bizim tariximizdir. Mən hər həftə Məhəmməd Əmin Rəsulzadənin "Yeni Qafqasiya” və "Odlu yurd”da dərc olunmuş məqalələrini "525-ci qəzet”in şənbə nömrəsində verirəm. Artıq altı aydır. Məqsədim budur ki, sonra bunların hamısını yığıb kitab şəklində nəşr etdirim. Amma əvvəlcə qoy oxucular bu yazılarla tanış olsunlar. Nə yazıb, necə yazıb, hansı problemləri qoyub? Həmçinin Respublika ilə əlaqələri, əhali ilə münasibətləri necə olub? Bunlar vacib məsələlərdir .

- Deməli, sizin də 135 illiyə hədiyyəniz budur, yoxsa başqa tədqiqatlarınız da var?

- Yox. Mənim 135 illiyə ən böyük hədiyyəm... Mən Rəsulzadənin burada yaşadığı müddətdə, 1920-ci ilin aprelinə qədər nəşr olunmuş əsərlərini yığdım, 5 cildə çap elədim. İndi mühacirət dövrünü öyrənənlər var. Amma mərkəz olsun da. İkincisi, ən vacib məsələ budur ki, bunların xaricdə nəşr etdirdiyi əsərlər Bakıda olsun. Özü də bunu kim etməlidir? Məsələn, keçən il Türkiyədə Əli Yavuz Akpınar və onun dostları "Yeni Qafqasiya yazıları: Məhəmməd Əmin Rəsulzadə. 1923-1927" kitabını buraxdılar. İndi bu kitabı bizim respublikada çap eləmək olmaz? Soruşuram!

- Təbii ki, olar.

- Olar. İndi burada maraqlı məsələ nədir? Kitabda Məhəmməd Əminin yazılarıdır. 1923-27-ci illərdə nəşr olunan "Yeni Qafqasiya” jurnalının 95 nömrəsi çıxıb. Bu 95 nömrədə Məhəmməd Əminin 144 yazısı dərc olunub. Bax, bunlar da bunu ayrıca kitab şəklində çap ediblər. Özü də kitab 390 səhifədən artıqdır. Bu, hələ bir jurnalda çap olunan yazılardır. Mən 5 cild nəşr etdirdim. Sonra da onun parlamentdəki çıxışlarını ayrıca cild şəklində çap etdirmək istədim, amma etmədim. "Azərbaycan” qəzetindəki parlament hesabatları və şərhlərdən ibarət 5 cild buraxmışam. Orada onun parlamentdəki bütün fəaliyyəti əks olunub. Deməli, Azərbaycanda 1920-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadə və cümhuriyyətçilərlə, müsavatçılarla bağlı nə olubsa, bunlar üzdədir, öyrənilib və öyrənilir. Mühacirət dövrü ilə məşğul olanlar var, mən onları bilirəm. Türkiyədə xüsusilə məşğul olanlar çoxdur. Mənim bu saat məşğul olduğum "Yeni Qafqasiya”dır. Sağ olsunlar, türklər mənə göndəriblər. 1929-31-ci illərdə "Odlu yurd”un 32 sayı çıxıb. İki kitab şəklində buraxıblar. Bütün nömrələri, bütün yazıları olduğu kimi... Biz necə "Əkinçi”, "Molla Nəsrəddin”i çap etmişik, o cür, özü də bizdən də əla çap ediblər. Hərəsi 800-dən artıq səhifədir. İndi bunu bizim respublikada çap etmək olmaz? Vallah olar.

"Söhbət bu kişinin qoyub getdiyi irsi öyrənmək və bu millətə öyrətməkdən gedir”
- Elə isə mane olan nədir?

- Mən bilirəm, bu saat böyük problemlər, məsələlər çoxdur. Görülən işləri də çox yüksək qiymətləndirirəm. Amma elmi idarələrdir, müəssisələrdir, bunlar da bu işlə məşğul olsalar, daha yaxşı olar. Yəni fikrim heç kəsi ittiham etmək, heç kəsə göstəriş vermək deyil. Bu il mənim 95 illiyimdir. 95 yaşında kişi yenə də həftədə "525-ci qəzet”in şənbə nömrəsində iki səhifə yazı verir. Bunlar da hamısı Cümhuriyyət dövrünə aiddir.  "Yeni Qafqasiya” və "Odlu Yurd” da məndə var. İndi 135-dir, 5 ildən sonra 140 illiyi olacaq.

- Şirməmməd müəllim, illər öncə sizin ölkə prezidenti ilə görüşdə Rəsulzadə ilə bağlı da söhbət oldu, çox keçmədi ki, dövlət başçısı Məhəmməd Əminin 130 illiyi ilə bağlı sərəncam imzaladı. Bu dəfə ürəyinizdən müəyyən məsələlərin həlli ilə bağlı nə isə demək, müraciət etmək keçirmi?

- Sağ olsun prezident, Məhəmməd Əminin anadan olmasının 130 illiyi ilə bağlı sərəncam verdi, müəyyən tədbirlər görüldü. Bilirsən, bu saat dünya vuruş meydanıdır. Bu dövləti, bu milləti qorumaq, yaşatmaq vaxtıdır. Yəni rəhbərliyin, prezidentin o qədər böyük işi, böyük problemləri var ki, onun tarixlə məşğul olmağa vaxtı yoxdur, qardaş!

- Amma eyni zamanda ölkə başçısı bir sıra hallarda elə məsələlərə toxunub ki, bu qədər gərgin fəaliyyətin fonunda çox məsələlərdən xəbərdar olduğunu görmüşük...

- Bəs sən görmədin, Məhəmməd Əminin 5 cildliyi ilə bağlı tapşırıq verdi, Mədəniyyət Nazirliyi "Təhsil” nəşriyyatında çap etdirdi. Yəni münasibətlə, danışanda, deyəndə əlindən nə gəlir, edir. Amma daha bu işləri onun, administrasiyasının boynuna qoymaq olmaz!

- Yəni deyirsiniz prezident artıq Rəsulzadə ilə bağlı mövqeyini ifadə edib, müvafiq strukturlar öz işini görməlidir, eləmi?

- Əlbəttə. Mövqeyini ortaya qoyub. Əgər Heydər Əliyev Məhəmməd Əminin anadan olmasının 110 illiyi ilə bağlı sərəncam veribsə, prezident İlham Əliyev 130 illiyini qeyd etmək haqqında sərəncam imzalayıbsa, daha hər dəfə ondan bu işləri gözləmək olmaz axı. Qardaş, özümüz görməli olduğumuz  işi prezidentdən ummağa ehtiyac yoxdur. Mənim məqsədim budur ki, bir mərkəz olsun, bu məsələlər aydınlaşsın, işlər görülsün. Bilirəm, tarixçilərin də işi-gücü var. Amma bir qurum olsa, yaxşı olar. Məsələn, Müsavat Partiyasında Nəsiman Yaqublu bir mərkəz düzəldib. İndi o bir-iki adamla həll olunan şey deyil axı.

- Deməli, Rəsulzadənin 135 illiyi auditoriyalarda, universitetlərdə keçirilə bilərdi, eləmi?

- Söhbət iclasdan-zaddan getmir e. Söhbət bu kişinin qoyub getdiyi irsi öyrənmək və bu millətə öyrətməkdən gedir. Yoxsa yığışasan, iclas edəsən, hamı da desin ki, bəli, böyük adamdır, böyük şəxsiyyətdir-filandır, nə xeyri var?

- Professor, siz bu yaşınızda da tədqiqatlarınızı davam etdirirsiniz, Məhəmməd Əmini təbliğ edirsiniz. Rəsulzadə irsinin neçə faizi tədqiq olunub?

- Bu yerdə mən səndən qoruşuram: Novxanı kəndində Rəsulzadənin ev muzeyi var?

- Yoxdur. Təşəbbüs qaldırılıb ki, onun doğulduğu evdə ev muzeyi yaradılsın.

- Orada heykəl də qoyulub. Evində də bir vaxtlar uşaq bağçası var idi. Bir dəfə Bəxtiyarla (Vahabzadə-E.P.) getdik ora... Hələ sovet dövründə e, 70-ci illərdə. Məlum oldu ki, ora Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu evdir. Sonra Bəxtiyar da getdi, Şəkidə ata evini uşaq bağçası elədi. (Gülür). Sonra Bəxtiyarın həyat yoldaşının adından yazdıq... Mən yazdım, o da qol çəkdi, prezidentə göndərdik, prezident sərəncam verdi, Şəkidə Bəxtiyarın ev muzeyi yaradıldı. Bəxtiyarın ata evi ki, var idi, Bəxtiyar onu uşaq bağçası etmişdi, məhəllədə yer tapdılar, əla bir uşaq bağçası tikdilər. Bəxtiyar Vahabzadənin evindəki bağçanı köçürtdülər ora, o evi də təmir etdilər, genişləndirdilər elədilər Bəxtiyar Vahabzadənin ev muzeyi.

- Çox maraqlı hadisədir. Bəlkə də tarix təkrar oluna bilər...

- Sovet dövründə, həmişə Məhəmməd Əminin anadan olduğu gün - yanvarın 31-də Bəxtiyar, mən, bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla, bəzi yoldaşlarla birgə gedərdik Məhəmməd Əmin Rəsulzadənin atasının qəbri üstünə. Amma həm də gedərdik Mehdi Hüseynzadənin atasının qəbri üstünə. Çünki rəsmi dairələr elə bilirdi Mehdi Hüseynzadənin atasını ziyarət etməyə gedirik. Qəbiristanlıqda əvvəlcə Mehdi Hüseynzadənin atasının qəbri üstə gedərdik, sonra hərlənib gələrdik Məhəmməd Əmin Rəsulzadənin atasının məzarı üstünə. Diqqəti yayındırmaq üçün, bildin? Onda öyrənərdik ki, bu, harada anadan olub, kimdir. Sonra oğlu Azər Qaraqandada dünyasını dəyişmişdi, Heydər Əliyev göstəriş verdi, onun nəşini Bakıya gətirdilər, apardılar Novxanıda, babasının yanında basdırdılar. İndi ayın 31-də yenə camaat yığışıb Novxanıya gedəcək, atasının və oğlunun qəbri üstünə. Özünün məzarının gətirilməsi söhbəti yoxdur. Amma Bəxtiyar Vahabzadənin Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş bir şeiri var:

Bu torpağın özü boyda

Bu torpağa məhəbbətlə doluydun.

Bu torpağın yolunda da

Sən öz canını qoydun.

Borclu ikən Vətən sənə, xalq sənə

Hər şey döndu tərsinə.

Bu torpaqdan verəmmədik

Bir məzarlıq yer sənə.

Nə təhər şeirdir?

- Əla! Allah hər iki böyük kişiyə rəhmət eləsin! Şirməmməd müəllim, ev muzeyindən danışdınız. Bu günlərdə Rəsulzadənin ata evinin qarşısındakı lövhəni oğurladılar. Bələdiyyənin hazırladığı yeni lövhədə təqdimat ya yanlış yazıldı, sonda da, ümumiyyətlə, yazılmadı. Ümumən bu məsələyə münasibətiniz necədir, Rəsulzadənin necə təqdim olunmasını istərdiniz?

- Bilirsən, Məhəmməd Əmin və Üzeyir bəy deyirdilər ki, hər bir azərbaycanlı üç müqəddəs şeyə qulluq etməlidir: bu vətən də bizimdir, bu millət də, bu dövlət də. Kim bu üç müqəddəs şeyə qulluq edirsə, Azərbaycanın mövcudiyyətini, varlığını onlar qoruyur. Məsələ budur.

- Bəs yeni barelyefdə təqdimata münasibət necədir? Sizdən bu məsələ ilə bağlı məsləhət alan oldumu? 

- Yox, mənim bu işdən xəbərim yoxdur. O işlə məşğul olanları da qınamaq lazım deyil. Bilmirlər də. Haradan öyrənsinlər? İndi mən səndən soruşuram, Cümhuriyyət tarixini, Azərbaycan tarixini orta məktəblərdə necə tədris edirlər? İndi "Yeni Müsavat” qəzeti maraqlansın da, nə olar? Hansı dərsliklər var, nə yazıblar, necə yazıblar? Bu Vətən də bizimdir, millət də, bu dövlət də, ay qardaş! Bu məsələlərlə məşğul olan adam nə dövlətin əleyhinədir, nə indiki hakimiyyətin əleyhinədir. Əksinə, onların ən qadir, sadiq bəndələridir. Ən namuslu, ən qeyrətli... Nə oğurluqla, nə məddahlıqla işləri yoxdur. Bu milləti vətənə, millətə, dövlətə məhəbbət ruhunda tərbiyə etmək lazımdır. "525-ci qəzet”də "İlk cümhuriyyətimiz: olmuşlar və düşüncələr” məqaləmdə nə yazmışam: "Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə ”Azərbaycan" adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!"

Qardaş, gərək ona görə bunları öyrənək. Nə təhərdir?

- Əla! Allah Sizə ömür versin! 

"Yeni Müsavat”

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...