Professordan iddia: \"Koronavirusa qarşı bir doza peyvənd kifayətdir\"

Professordan iddia: \
COVID-19-un yenidən alovlanması son günlərin müzakirə obyektinə çevrilib. Digər tərəfdən Böyük Britaniyada insanların 68%, Hollandiyada 72%, Almaniyada 67%, İsraildə 63%-i iki doza vaksin qəbul edib. Bəzi yerlərdə isə insanlar buster adlanan 3-cü, hətta 4-cü dozanı belə alıblar. Buna baxmayaraq, sözügedən ölkələrdə yoluxmalar artır. Avstriya, Hollandiya, Çexiya, eləcə də bir çox Avropa ölkələri yenidən sərt karantin tədbirlərinə əl atıb. Belə olan halda, əksəriyyət peyvəndin effektini sorğulamağa, koronavirusun hələ uzun müddət davam edəcəyini düşünməyə başlayıb.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, COVID-19 məlum viral infeksiyalar içərisində ağır və arzuolunmaz proqnozu olanlardan biri olsa da, həyatın sonu demək deyil:

"Xronofarmakoloji qanunauyğunluğa görə, virus infeksiyasının aktiv yoluxdurma və "pik letallıq” dövrü, ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Bu müddətdə makro və mikroorqanizmlərdə simbiozluğa xidmət edən bazal dəyişikliklər baş verir. Odur ki, növbəti illərdə məlum infeksiya yalnız lokal şəkildə və sporadik halda müşahidə oluna bilər. Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri payız və yaz fəslində baş verdiyindən, bu dövrdə viral infeksiyaların  kəskin artımı müşahidə olunmalıdır. Bu qanunauyğunluqdur. Uzunmüddətli ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, makro və mikroorqanizmlər arasında "yadlaşma” və birgə yaşayışa  "əks müqavimət” halı yaranır. Bu səbəbdən, pandemiyadan əvvəlki illərlə müqayisədə, hazırda virus infeksiyalarına, o cümlədən COVİD-19-a yoluxmada müşahidə olunan dinamik artım qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Növbəti aylarda bu hal aradan qalxacaq və yoluxmalarda əvvəlki illərdə olan "nisbi tarazlıq” bərpa olunacaq”.

Mütəxəssis qeyd edib ki, antitellərin azalması, hətta sıfırlanması belə, insanları qorxutmamalıdır:

"Çünki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər, ilkin qarşılaşdığı COVİD-19-un sürət əksi, gen yaddaşına həkk olan spesifik antitellər sintez edir. Bu hüceyrələr "yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, koronavirus əleyhinə antitellərin titrinin azalması, vaksinasiyaya göstərişin olmasını  və ya təkrari yoluxmanın ağır keçəcəyini söyləməyə əsas vermir. İnsanların 20%-də qoruyucu antitellər əmələ gəlməyə və ya minimal həddə ola bilər. Bu halda da virusun sürət əksi analoji mexanizmlə hüceyrə yaddaşına yazılır. Odur ki, xəstəlikdən və ya peyvənddən sonra, antitellərin kəmiyyətcə azlığı ciddi narahatlığa səbəb olmamalıdır”.

M.Qəniyev, həmçinin əlavə edib ki,  koronavirusun istənilən klinik formasını keçirmiş insanın peyvənd olunmasına ehtiyac yoxdur:

"Koronavirusa yoluxaraq sağalmış  insan, sonradan bu infeksiyaya dəfələrlə yoluxsa belə, ciddi yanaşı xəstəliyi olmasa, letal sonluq (ölüm ehtimalı) sıfır faizdir. COVİD-19 əleyhinə hətta bir doza vaksin alan şəxslərdə, 21-ci günün tamamında qoruyucu antitellərin hiperaktivliyi müşahidə edildiyi və virusun sürət əksi hüceyrə yaddaşına yazıldığından, 2-ci, 3-cü və sair təkrari dozaların vurulması mütləq göstəriş sayılmamalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR