Prezidentin ziyarət etdiyi Ağdam məscidinin tarixi və bugünkü əhəmiyyəti

Prezidentin ziyarət etdiyi Ağdam məscidinin tarixi və bugünkü əhəmiyyəti
Noyabrın 20-də Ağdam işğaldan azad olunduqdan 3 gün sonra ölkə prezident İlham Əliyev Ağdam şəhərinə səfər etdi. Səfər çərçivəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Ağdam şəhərinin dağıntıları arasında az-çox salamat qalan yeganə tikili olan Ağdam Cümə Məscidini ziyarət edib.

Müqəddəs məkanı ziyarət edən ölkə başçısı və Birinci Vitse-prezident Mehriban Əliyeva məsciddə dualar oxuyub və Cümə məscidinə müqəddəs Məkkə şəhərindən gətirdiyi "Qurani-Kərim”i bağışlayıb.

Prezidentin məhz əsas dayanacaq kimi Ağdam məscidində durması bu şəhərdə nisbətən salamat qalan yeganə tikili olması ilə yanaşı, məscidin ötən illərdə Ağdamın simvoluna çevrilməsi ilə bağlıdır. Məsələ ondadır ki, 1993-cü ilin iyulunda Ağdam işğal olunduqdan sonra ermənilər Ağdamla həddən artıq qəddar davranıb və nəticədə Ağdam şəhəri sözün həqiqi mənasında yer üzündən silinib, hətta şəhərin daş-divarları belə sökülüb aparılıb. Hazırda bu şəhərdə bir dənə salamat tikili qalmayıb. Yalnız Ağdam məscidi istisna olmaqla. Bundan başqa, Ağdam məscidinə heyvanların salındığını göstərən fotolar işğalın ağır nəticələrini göstərməklə yanaşı, işğalı erməni vəhşiliyinin simvoluna çevrildi.



Ağdamın "qazi” abidəsi, Cümə məscidi 1868—1870-ci illərdə inşa olunub. Məscid binasının memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. Memar Kərbəlayi Səfixan Qarabaği Ağdam məscidi ilə yanaşı Bərdə, Şuşa, Füzuli və Horadizdə də məscidlər inşa edib.


Səfixan Qarabaği (1817-1910) ustad memar olaraq "Qarabağ məscid memarlığı” adlı bir memarlıq üslubu formalaşdırıb. S.Qarabaği Qarabağda Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərləri ilə yanaşı ölkə xaricində, Ukraynanın Odessa və Türkmənistanın Aşqabad şəhərlərində məscidlər inşa edib.

Məsciddəki daş kitabədə Ağdam Cümə məscidinin 1913-cü ildə təmir olunduğu qeyd olunub. Mehrab tağçasının üzərindəki yazıda məscidin dekor tərtibinin ustad Məhəmməd Nəqqaş Təbrizi tərəfindən verildiyi və hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunub.

Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağcası quraşdırılıb. Yan tağcaların ustu interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti ucun nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağcasının yanlarında olan pəncərələrdən işıqlanır.



Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. Memar Kərbəlayi Səfi Xan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun ozunəməxsus məscid obrazı yaradıb.

Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.

Məscidin girişindəki tabloda sıra ilə üst-üstə bir neçə ayə və kəlam yazılıb. Bunlar:

1-ci sətir: "La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah. ("Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur, Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın elçisidir, Şəhadət verirəm ki, Əli (ə) Allahın vəlisi və möminlərin əmiridir").

2-ci sətir: "Bismillahir-Rəhmanir-Rəhim”. (Rəhmli və mehriban Allahın adı ilə).

3-cü sətir: Qələbə ayəsi (Fəth surəsi, 1-ci ayə): "Həqiqətən, Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik”.

4-cü sətir: Nəcm surəsi, 39-cu ayə: "İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”.

5-ci sətir: "Ya Əli ibn Mus ər-Rza ədrikni”. İmam Rzaya (ə) təvəssül edilir.

6-cı sətir: Hicr surəsinin 92 və 93-cü ayələri: "Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik - (Dünyada) etdikləri əməllər barəsində”. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)
Artıq Ağdam və onun "baş binası” olan Cümə məscidi azaddır. Yəqin ki, çox tezliklə Ağdam məscidi təmir olunub əvvəlki gözəlliyinə qovuşacaq. Ancaq 27 illik əsirlik dövrü və xalqımıza xüsusi nifrət əlaməti olaraq Ağdam məscidinə salınan heyvanların rəsimlərini heç bir azərbaycanlı unutmayacaq.///Musavat.com

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...