Prezidentin yeni vəzifəyə təyin etdiyi Vaqif Sadıqov kimdir? - DOSYE

Prezidentin yeni vəzifəyə təyin etdiyi Vaqif Sadıqov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Sfera.az onun tərcümeyi-halını təqdim edir:

O, 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi vəzifəsində, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-2004-cü illərdə V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub. 2016-cı ildə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndə olub.

26 iyul 2021-ci ildən bəri Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

OXŞAR XƏBƏRLƏR