Sİyasət

“Prezidentin yeni mesajları göstərir ki, rüşvətxorluqla mübarizə sərt olacaq” – Azay Quliyev

“Prezidentin yeni mesajları göstərir ki, rüşvətxorluqla mübarizə sərt olacaq” – Azay Quliyev
 Həyata keçirilən siyasi islahatlar milli və beynəlxalq müstəvidə ölkəmiz üçün yeni imkanlar yaradacaq.

Sfera.az xəbər verir ki, bu sözləri trend-ə açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman islahatlarla bağlı çox mühüm məsələlərə toxundu və yeni mesajlar verdi:

"Bu mesajlar ölkədə aparılan dərin və əhatəli islahatların növbəti dalğasından xəbər verməklə yanaşı, Azərbaycanın yenidən inşa olunmasının, modernləşməsinin, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin nə qədər dönməz və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirdi. Cənab Prezident bir daha xatırlatdı ki, heç kim qanundan üstün deyil, korrupsiya və rüşvətxorluqla məşğul olanlar kimliyindən asılı olamayaraq sərt şəkildə cəzalanacaqlar.

Dövlət başçısının islahatların davamlı olması, neqativ halların tam olaraq aradan qaldırılması istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqe və siyasi iradə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, həmçinin birmənalı olaraq dəstəklənir”.

A.Quliyev bildirib ki, bu islahatları fərqləndirən və daha çox cəlbedici edən amillərdən biri də odur ki, onlar təkcə iqtisadi, sosial, hüquqi və ya institusional sahəni əhatə etmir. İlk dəfədir ki, bu həcmdə islahatlar, həm də siyasi sahədə aparılır:

"Bu baxımdan cənab Prezidentin "müstəqillik dövründən bəri miqyasına və nəticəsinə görə belə islahatların aparılması müşahidə edilmirdi” fikri və verdiyi bu bəyanat xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq baş tutur və biz artıq onun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq öz müsbət münasibətini bildiriblər. Beləliklə, hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.

Deputat vurğulayıb ki, dövlət başçısının şəxsən siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi və bu mövzuya təkrar qayıtması heç şübhəsiz ki, ölkədə siyasi münasibətlərin yeni zəmində qurulacağından, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına önəm veriləcəyindən və indiyə kimi mövcud olan siyasi münasibətlərdə ciddi yeniliklərin olacağından xəbər verir:

"Artıq yeni formalaşan Milli Məclisin və komitələrinin rəhbərliyində müxalifətə yer ayrılması bu fikirlərin sadəcə deklorativ xarakter daşımadığını sübut edir.

Bu da o deməkdir ki, ölkədə digər sahələrlə yanaşı siyasi islahatların da paralel olaraq aparılması dövlətimizin daha güclü, dayanıqlı olmasına, ictimai və siyasi sabitliyin etibarlı şəkildə qorunmasına, demokratik ənənələrin və siyasi institutların inkişafına hesablanmış strateji hədəfdir. Əminəm ki, bütün bu yeniliklər milli və beynəlxalq müstəvidə ölkəmiz üçün yeni imkanlar yaradacaq, dövlətimizin nüfuzunu daha da artıracaq.

Ümid edirəm ki, siyasi münasibətlərin digər iştirakçıları olan müxalifət partiyaları ölkə Prezidentinin bu çağırışına və xoş niyyətinə adekvat qiymət verməyi bacaracaqlar. Ən çox ehtiyac duyulan siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə və ən başlıcası isə ümummili məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına öz fəaliyyətləri ilə töhfə verəcəklər”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031