“Prezidentin cəbhə bölgəsinə səfərləri əsgərlərdə ruh yüksəkliyi yaradır” - Ekspert

“Prezidentin cəbhə bölgəsinə səfərləri əsgərlərdə ruh yüksəkliyi yaradır” - Ekspert
 

"Hərbi sahənin təkmilləşdirilməsi işi mütəmadi şəkildə davam etdirilir". 

Bunu Sfera.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri, ekspert Əkrəm Bəydəmirli iyunun 3-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissəyə səfərini şərh edərkən deyib.  

Onun fikrincə, Azərbaycanda ordu quruculuğu işi yeni mərhələyə qədəm qoyub və uğurla inkişaf etdirilir: "Dövlətimizin iqtisadi imkanları artdıqca bu sahənin hərtərəfli modernləşməsi prosesi də genişlənir. Təbii ki, bütün bu işlər Prezident İlham Əliyevin birbaşa nəzarəti və qayğısı hesabına gerçəkləşir. Cənab Prezidentin cəbhə bölgəsində yerləşən rayonlara səfərləri və hərbçilərlə görüşləri, keçirilmiş müşavirə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradır".
Ə.Bəydəmirli bildirib ki, hərbçilərin hər zaman ehtiyacı olduğu məqam mənəvi dəstəkdir və Azərbaycan Ordusuna daim mənəvi dəstək göstərilir: "Ordumuzun hər zaman mənəvi dəstəyə ehtiyacı var. Çünki maddi-texniki təminat ən yüksək səviyyədədir, dövlət bunun üçün lazım olan işləri görür. Ona görə də Ali Baş Komandan İlham Əliyevin belə səfərləri, hərbçilərlə görüşləri hərbi rəhbərliyin məsuliyyətini artırmaqla yanaşı şəxsi heyətdə əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur".
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Sonra ölkə prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirib.
Müşavirədə diqqətə çatdırılıb ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir.
Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi da istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.


OXŞAR XƏBƏRLƏR