Prezident mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi

Prezident mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyinə yeni baxış nöqteyi-nəzərindən kifayət qədər uğurlu oldu. Dövlətimizin başçısı bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Bu mətbuat konfransı ilə Prezident İlham Əliyev informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyev vurğulayıb ki, hələ 44 günlük Vətən müharibəsində Prezident xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı Azərbaycanın mövqeyini dünyaya peşəkarcasına çatdırmağa müvəffəq olmuşdu. Fevralın 26-da keçirilən mətbuat konfransında da nəinki biz, bütün dünya ictimaiyyəti Prezident İlham Əliyevin hərtərəfli peşəkarlığının şahidi oldu.

Dövlətimizin başçısı mətbuat konfransında Vətən müharibəsindən sonra meydana çıxan və ictimaiyyəti maraqlandıran bütün sualları cavablandırmaqla bəzi aktual məqamlara aydınlıq gətirdi: "Bu məsələlərdən biri ermənilərin islamofob mövqeyi ilə bağlı idi. Ölkə başçısı İslam ölkələrinə konkret bir mesaj verərək bildirdi ki, məscidləri və dinimizi təhqir edən ölkədən İslam ölkəsinə dost ola bilməz.

Digər mühüm məqam isə regionun gələcəyi ilə bağlıdır. Prezident dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı ki, Azərbaycan regionda həmişə olduğu kimi sülhün tərəfdarıdır və bu reallığın daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək.

Deputat vurğulayıb ki, dövlətimizin başçısı sülhməramlıların fəaliyyəti, onların mandatı, görməli olduqları iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi. Diqqətə çatdırdı ki, üçtərəfli Bəyanata əsasən, rəsmi Bakı sülhməramlıların qalıb-qalmaması ilə bağlı müstəqil qərar vermək iqtidarındadır. Prezident Xankəndiyə və Xocalıya da azərbaycanlıların qayıdışının tam təmin olunacağını dedi. Dövlətimizin başçısı bununla da bəzi siyasi qüvvələrin azərbaycanlıların həmin yerlərə qayıda bilməyəcəkləri ilə bağlı fikirlərini alt-üst etdi.

"Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişmək üzrədir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Bütün bunlar Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin, hücum diplomatiyasının nəticəsidir”, - deyə Elnur Allahverdiyev bildirib. (AZƏRTAC)



OXŞAR XƏBƏRLƏR