Prezidentdən Aydın Kərimova böyük etimad - Xüsusi nümayəndə Şuşada bu işləri görəcək

Prezidentdən Aydın Kərimova böyük etimad - Xüsusi nümayəndə Şuşada bu işləri görəcək
Məlum olduğu kimi, Prezident İlham Əliyev Aydın Kərimovu bu gün Şuşa şəhərinə xüsusi nümayəndə təyin edib.

Prezident Aydın Kərimovu qəbul edərkən onun qarşısında konkret tapşırıq və vəzifələr qoyub. A.Kərimov isə öz növbəsində çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşısında qoyulan vəzifələrin, bütün tapşırıqlarının vaxtında və tələb edilən səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni edəcək.


Xatırladaq ki, A.Kərimov bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub. O eyni zamanda "Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib və bu sahənin mütəxəssisi kimi qəbul edilir.

Bütün bunlar isə A.Kərimovun Şuşa şəhərində həyata keçirəcəyi quruculuq işlərində də böyük uğurlar qazanacağına ümidlər yaradır.

Maraqlıdır, bəs Şuşa şəhərinin yenidən qurulması hansı prinsipləri gözləməklə həyata keçirilməlidir?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Milli Memarlıq Akademiyasının müxbir üzvü Cəfər Qiyasi hesab edir ki, işlərin planlı şəkildə, qarşıya qoyulmuş vəzifələrə sadiq qalmaqla reallaşacağına inanır:

"Bildiyimiz kimi Şuşa Azərbaycanın tarixi qoruq şəhərlərindən biridir. Hesab edirəm ki, hər şeydən öncə Şuşanın baş planı işlənib hazırlanmalıdır. Burada olan memarlıq abidələrindən hansılarının zədələndiyi, bərpasına ehtiyac olduğu, hansıların qaldığı dəqiqləşdirilməlidir. Şuşa abidələrinin böyük hissəsinin bərpa layihələri Mədəniyyət Nazirliyinin Azərbərpa Elmi Tədqiqat Lahiyyə İnstitutunun arxivindədir. Həmin layihə əsasında dağıdılmış, zədələnmiş abidələrimiz bərpa olunmalı, yenidən qurulmalıdır”.

Həmsöhbətimizə görə, şəhərin baş planı hazırlanarkən ilk növbədə burada onun tarixi öz əksini tapmalıdır:

"Şuşanın rekonstruksiyası zamanı ona həmçinin müasir şəhər kimi baxılmalı, gələcək inkişafı nəzərdə tutulmalıdır. Mədəniyyət paytaxtı olaraq şəhərdə yeni qurğu və komplekslər də tikilə bilər. Çünki gələcəkdə Şuşada keçiriləcək mədəni və musiqi tədbirləri üçün belə yeni komplekslərin olmasına böyük ehtiyac var. Bu komplekslər inşa edilərkən isə şəhərin quruluşuna, relyefinə, tarixinə uyğunluq gözlənilməli, yeniliklər onlarla harmoniya təşkil etməlidir. Məhv olmuş özəlliklərini dirçəldib, yeniləşdirməliyik”.

Elçin
Sfera.az



OXŞAR XƏBƏRLƏR