Polşada öldürülən vətəndaşımız ölkəyə gətirilir – Cinayətin üstü isə açılmayıb
Polşada öldürülən Müşfiq İsmayılovun nəşi Azərbaycana yola salınıb.
Bu barədə Sfera.az-a Polşadakı Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərov məlumat verib. Diaspor rəsmisi cinayətin üstünün hələ də açılmadığını və istintaqın davam etdiyini bildirib:
"Polşa Respublikasında dünyasını dəyişmiş həmyerlimiz Müşviq İsmayılovun nəşini Azərbaycana yola saldıq və 28 noyabr 2020-ci il tarixdə saat 07:30-da Azərbaycana çatacaq.
Hazırda araşdırma davam edir və istintaqın yekunu barədə ictimaiyyətə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən məlumat veriləcək.
Mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin".
Xatırladaq ki, 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyiti noyabrın 9-da Polşanın Dlugolenka şəhərinin yaxınlığındakı meşədə tapılıb. Polisin məlumatında tibbi ekspert rəyinə əsasən mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Lakin mərhumun yaxınları hadisənin suiqəsd olduğunu bildirib.
Sfera.az
Əzizə Zeynal