Polislər azərbaycanlı qızlarla küçədə gəzən xarici kişiləri niyə saxlayır? - FAKT ƏSASINDA ARAŞDIRMA

Polislər azərbaycanlı qızlarla küçədə gəzən xarici kişiləri niyə saxlayır? - FAKT ƏSASINDA ARAŞDIRMA
Bakı şəhəri Səbayel rayonu ərazisində gəzən cütlük iyulun 28-də axşam saat 22.00-23.00 radələrində Paşa bankın baş ofisinin yaxınlığında polis özbaşınalığı ilə üzləşib. Belə ki, post patrul maşınında əraziyə nəzarət edən polislər cütlüyə yaxınlaşaraq milliyyətcə koreyalı olan oğlana bildirib ki, Bakıda xarici vətəndaşlara azərbaycanlı qızlarla küçədə gəzmək qadağandır. Gəncin polisə koreyalı olmasına  baxmayaraq illərdir Azərbaycanda yaşadığını bildirməsi, səlist azərbaycanca danışması, küçədə gəzdiyi qızın nişanlısı və türkmənistanlı olmasını desə də polis əməkdaşı onlardan əl çəkmək üstəməyib və cəzalandıracağı ilə hədələyib. Uzun söhbətdən sonra cütlük polis əməkdaşından canını qurtarıb və redaksiyamıza gələrək bu əhvalatı danışıblar. Xanımın dediyinə görə, polislər onların  sənədləri ilə belə maraqlanmayıb, gəncin  xarici olduğunu görən kimi qəribə iddialar irəli sürməyə başlayıblar .  Bəs görəsən polisin bu hərəkəti qanunvericiliyə uyğundurmu? Gerçəkdən azərbaycanlı qızlarla xaricilərin küçədə gəzişməsinə hər hansı qadağa qoyulubmu? 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə danışdıq. 

Polis mayoru deyir ki, belə bir qadağadan söhbət gedə bilməz. 



Onun sözlərinə görə, Azərbaycan polisi ölkə qanunvericiliyi çərçivəsində işləyir və qanunvericilikdə də belə bir qadağa yoxdur. 

"Qətiyyən belə ola bilməz. Polis qanunvericiliyə uyğun işləyir və qanunvericilikdə hansısa belə bir qadağa yoxdur. Polisə də belə bir tapşırıq verilməyib. Polis ancaq o halda kimisə saxlaya bilər ki, şübhə doğuran məqamlar olsun. Bu da ictimai qaydanın və təhlükəsizliyin təmin olunması üçün önəmlidir. Lakin dediyiniz məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, araşdırılmalıdır”, - deyə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 
 
Bəlli olur ki, əslində heç bir qadağa yoxdur və polis əməkdaşı özbaşınalığa yol verib.  Qanunda hər hansı qadağanın olmadığı təqdirdə xarici vətəndaşı hədələyib, ona qarşı  tədbirlər görmək istəyib. Qeyd edək ki, cütlük xarici ölkə vətəndaşı olsa da Bakıda yaşayır və işləyir. Onlardan biri ölkənin aparıcı şirkətlərindən birində İT  əməkdaşı, digəri isə müxbirdir. Onların bildirdiyinə görə, hər hansı polisi şübhələdirəcək hərəkətə yol verməyiblər. Prinsipcə polisin məsələni araşdırmaq istəyi varsa həmin polis əməkdaşını tapmaq elə də çətin olmayacaq. Çünki hadisə  xeyli sayda kameraların quraşdırıldığı  şəhərin mərkəzində və Paşabankın baş ofisinin yaxınlığında baş verib. Hadisənin baş verdiyi gün və saatın bəlli olduğunu bura əlavə etsək, polis əməkdaşını tapmağın elə də çətin olmayacağını asanlıqla iddia edə bilərik. 
 
Bəs görəsən həmin cütlük gerçəkdən turist olsaydı polisin bu hərəkətindən sonra bir daha ölkəmizə gələrdilərmi? 

Turizm eksperti Ceyhun Aşurov  deyir ki, əvvəllər rastaşırdıq ki, Iran vətəndaşları maşınla Azərbaycana gələndə DYP onları tez-tez saxlayıb, pul alırdı. Ancaq sonradan bu problem aradan qalxdı. 

Onun sözlərinə görə, son dövrlər bu kontekstdə heç nə eşitməyib və görməyib. 

Güman edir ki, bu məsələ polisin fərd olaraq özü ilə bağlı ola bilər və bistisnadır. Çünki polislər xarici vətəndaşlarda nisbətən daha həssas davranırlar.



"Bütün sahələrdə qeyri-peşəkar və ziyanlı adamlar olduğu kimi, polisdə ola bilər. Çox güman ki, belə hadisə baş veribsə, o polislərin yanlışlığıdır. Inanmıram ki, polis ümumi mənada belə bir qayda müəyyənləşdirsin. Bizə əvvəllər səfirliklərin sorğuları və digər yollarla belə məlumatlar gəlirdi, lakin hazırda belə məlumatlar almırıq”, - deyə ekspert bildirib.

Ceyhun Aşurov əlavə edib ki, ölkəmizə gələn xarici qonaqların belə hallarla qarşılaşması turizimizə ciddi ziyan vurur. 

Onun sözlərinə görə, gələn qonaqlardan kimlərsə jurnalist, bloqer, yazıçı və ya ümumilikdə ictimai şəxs ola bilər və bir yazı yazar, online platformalarda belə bir şeyin baş verdiyini deyər, bu da turizimimizə, ölkəmizə ləkə olar.

"Ona görə də, düşünürəm ki, hansısa kiçik imtiyaz qarşısında turistləri aldatmaq, incitmək lazım deyil. Əksinə, onlara ölkəmizi, mədəniyyətimizi, mətbəximizi tanıtdırmaq lazımdır, bu halda daha çox xeyir qazanacağıq xalq olaraq, dövlət olaraq”, - deyə  turizm eksperti Ceyhun Aşurov bildirib.
 
 
Ümid edirik ki, toxunduğumuz fakt hüquq mühafizə orqanları tərəfindən diqqətsiz qalmayacaq və  günahklarlar cəzalandırılacaqlar. Belə ki, turzimin inkişafı, ölkəmizə turistlərin cəlb eidlməsi Azərbaycan Respublikası prezidenti tərəfindən diqqətdə saxlanılan məsələlərdəndir. Xarici vətəndaşlara  gülməli iddiaların təqdim edilməsi , özü də bunun polis formasında olan  və post patrul maşınından düşən  polis əməkdaşı tərəfindən edilməsi birbaşa ölkə siyasəti və dövlətin turizm siyasətinə qarşı çıxmaq kimi dəyərləndirilə bilər. 

OXŞAR XƏBƏRLƏR