Polisi döyən Eldəniz Səlimovun mandatı əlindən alınacaq? - Vəkil deputatı gözləyən cəzalardan danışdı

Polisi döyən Eldəniz Səlimovun mandatı əlindən alınacaq? - Vəkil deputatı gözləyən cəzalardan danışdı
Xəbər verdiyimiz kimi iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib. Fakt üzrə materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib. 
 
Maraqlıdır, deputatı hansı cəza gözləyir? Baş vermiş hadisə  Eldəniz Səlimovun deputat mandatının vaxtından əvvəl əlindən alınması ilə nəticələnə bilərmi?
 
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında qeyd edib ki, Milli Məclis və ona üzv deputatlarının statusu, onların fəaliyyət prinsipləri ilə bağlı müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb:

"Konstitusiyaya əsasən, Milli Məclisin deputatı bu hallarda mandatından məhrum edilir: Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda. Həmçinin dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə, Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Eyni zamanda Konstitusiyaya əsasən, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Bu müddət ərzində cinayət başında yaxalanma hallarından başqa, deputat cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.  Deputat cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir”.

Müsahibimiz qeyd edib ki, millət vəkilinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər:

"Lakin o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət Prosessual Məcəlləsində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəa var. Təqsirsizlik prezumpsiyasına əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Yəni deputat Eldəniz Səlimovun təqsirli olması qanunla hələ sübuta yetirilmədiyinə görə, onun mandatının əlindən alınması ilə bağlı danışmaq çox tezdir”.

Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən deputat seçilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR