Polad Bülbüloğlu: Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün vəziyyət hələ yetişməyib

Polad Bülbüloğlu: Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün vəziyyət hələ yetişməyib
Polad Bülbüloğlu Azərbaycanın Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb. 

Ermənistan destruktiv mövqe nümayiş etdirdiyindən,  Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmaq hələ tezdir. 

Sfera.az xəbər verir ki,  bunu çərşənbə günü Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya paytaxtına səfərindən sonra TASS-a verdiyi müsahibəsində deyib. 

"Məlumdur ki, hər iki ölkə başçısı bir-biri ilə  görüşməyə hazır olduğunu bildirib, maraqlıdır, bəs Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşü müzakirə mövzusu olubmu?” sualına səfir: "Prezidentimiz, hörmətli İlham Heydər oğlu Əliyev qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Qarşı tərəf destruktiv mövqe nümayiş etdirməyə davam edir, bu üzdən görüş haqda danışmaq hələ tezdir”,- cavabını verib. 

"Əgər belə bir təşəbbüs irəli sürülərsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək və əlbəttə, bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə səfir əlavə edib.

O, vurğulayıb ki, Azərbaycan Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcək. 
Səfir bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyev az əvvəl TASS-a verdiyi müsahibədə ölkəsinin hansı şərtlər daxilində hərbi əməliyyatları dayandıra biləcəyini və bu münaqişəni  birdəfəlik həll etməyin yolunu açıqlayıb. 

"Öz adımdan isə əlavə edə bilərəm ki, Azərbaycan beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini qətiyyətlə müdafiə etməyə davam edəcək",- deyə o vurğulayıb. 

Münaqişənin sülh yolu ilə nizamlanması 

Səfir həmçinin Azərbaycanın Dağlıq Qarabağda münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qaldığına əminliyini bildirib və ölkənin xarici işlər naziri Ceyhun Bayramovun da bu fikri təstiqlədiyini söyləyib. 

"Bu səfərin əsas məqsədi Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrovla Dağlıq Qarabağdakı mövcud vəziyyət və Ermənistanı sülhə məcbur etmək barədə məsləhətləşmələr aparmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə olunmuş razılaşmaların icrası və münaqişənin davamlı və tam həlli üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir",-deyə səfir bildirib. 

"Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiq qaldığını  təsdiqləyib”,- deyə diplomat vurğulayıb. 

Xatırladaq ki, az əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Qarabağ məsələsinin  "uzun müddətli diplomatik həlli yoxdur”.

Selcan

OXŞAR XƏBƏRLƏR